Sabaha ölkə ərazisi üzrə hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında isə noyabrın 14-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.