Sabir Rüstəmxanlı: “Azərbaycanda rus dilinə rəsmi status verilməsi cəhdlərinin qarşısı alınmalıdır” – VİDEO

“İstifadə etdiyimiz bütün dillər bizim mədəniyyətin ayrılmaz parçası ola bilməz ki…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayevin VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında səsləndirdiyi “russ dili Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir” fikrinə münasibət bildirən Xalq yazıçısı Sabir Rüstəmxanlı deyib.

Rüstəmxanlının sözlərinə görə, Azərbaycanda rus dilinə rəsmi status verilməsi cəhdlərinin qarşısı alınmalıdır:

“Rus dili Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi ola bilməz. Əslində, Azərbaycan vətəndaşı olan rusların mədəniyyəti bizim mədəniyyətin bir parçasıdır.

Dünyanın əksər dillərində olan ədəbiyyatı öz dilimizə çevirir və oxuyuruq. Amma rus dilini Azərbaycan mədəniyyətinin tərkib hissəsi saymaq düzgün deyil. Çünki Azərbaycan müstəqil dövlətdir və dövlət dilimiz də Azərbaycan dilidir.

Bu mənada rus, ingilis və digər dillərdən istifadə edirik. Amma istifadə etdiyimiz bütün dillər bizim mədəniyyətin ayrılmaz parçası ola bilməz ki… Bunlar ancaq müəyyən informasiyaların əldə edilməsi üçün vasitədir.

Bilirəm ki, keçmiş sovet respublikalarının bəzilərində rus dilini ikinci dövlət dili etmək cəhdləri var. Eyni zamanda, Azərbaycanda da buna müəyyən təşəbbüslər olur. Dediyim kimi, bizdə ingilis dilindən də istifadə olunur. Onda belə çıxır ki, biz ingilis dilini də dövlət dili etməliyik? Bu, məntiqə sığmayan bir şeydir.

Öz ana dilini bilməyən, evlərində rusca danışan, uşaqlarını da rus dilində oxudanlar çox sevinər ki, Azərbaycanda rus dilinə ikinci dövlət dili statusu verilsin. Bu cəhdlərin qarşısı qətiyyətlə alınmalı və pislənməlidir”.

Aqil Bəkir

COP29