!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şagirdi tərəfindən döyülən müəllimə dedim ki, ərizənizi yazıb işdən çıxın" - İctimai Şuranın üzvü ilə MÜSAHİBƏ

!Reklam – Yazi

165 nömrəli tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntülər ölkədə geniş müzakirə obyektinə çevrildi. Məktəbin açıqlamasına görə, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Həmin məktəbdə baş verənlər fonunda təhsil ocaqlarında yaşanan xoşagəlməz hallarla bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Məleykə Əlizadə Yenicag.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Əvvəlcə, 165 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı fikirlərinizi öyrənmək istəyərdim.

– Bilirsiniz, təlim-tərbiyə müəssisəsində belə bir hadisənin baş verməsi artıq böyük SOS deməkdir. Müəllim sinifdə ola-ola şagirdlərin bu cür rəftarı o deməkdir ki, həmin sinifdə təhsildən söhbət gedə bilməz. Əgər müəllim yerindədirsə, ümumiyyətlə, müəllim Təhsil qanununu, tədris prosesini, şagirdlərlə davranışın necəliyini bilirsə, peşəsini sevirsə, o zaman sinifdə bu cür hadisələr baş verməməlidir. Ola bilər, şagirdlər dərsə hazırlıqsız gəlsinlər, ancaq oranı da idarə edən müəllim olmalıdır. Müəllim sinifdə aktyor olmalıdır, hakim olmalıdır, müəllim sinifdə hər bir rolda olmalıdır ki, sinfi əlinə toplayıb özünün tədris etdiyi fənni o şagirdlərə sevdirə bilsin. Bir neçə gün qabaq televiziyada çıxışımda da bildirdim ki, müəllimlik xüsusi bir peşədir, o peşəni sevmək lazımdır. Əgər müəllim peşəsini sevirsə, onun üstündə heç bir qüsuru olmayacaq, şagirdini də sevəcəkdir. Amma bu gün müəllimlərimiz özlərinin peşəsini, ixtisasını sevmirsə, ümumiyyətlə, məktəbi sevmirsə, o məktəbə getməyə onun haqqı yoxdur. Mən aliməm, Respublikanın Əməkdar müəllimiyəm, ancaq öz cərgəmdə belə insanlar görmək istəmərəm. Düzdür, mən ancaq ali təhsil ocağında məşğul olmuşam, amma o şagirdlər orta məktəbdən hazırlanıb bizə gəlir. Mən inanmıram ki, o şagirdlər bacarıqsız və qabiliyyətsizdirlər. Sadəcə müəllimdən irəli gələrək şagirdlər sinfi o günə qoyublar.

– Məktəblərdəki ciddi problemlərdən biri də psixoloq problemidir. Psixoloqlar ya şagirdlərlə maraqlanmırlar, ya dabaşdansovdu yanaşırlar. Bu məsələlər necə tənzimlənməlidir? 

– Bilirsiniz, məktəbə gələn hər bir şagird üçün poliklinikalardan sağlamlıq kağızı təqdim edilir. Bu, birincisi, ailədən gəlir. Əgər uşağın psixoloji problemi varsa, onun üçün xüsusi tədris müəssisələri var, həmin tədris müəssisəsinə yönləndirmək lazımdır. Bunu əvvəl valideyn dərk etməlidir. Valideyn hesab edirsə ki, bu onun üçün ayıbdır, o artıq başqa bir problemdir. Yox, həmin şagirdlər əgər məktəbə gəlib tədrisə başlayıblarsa, ola bilməz ki, ibtidai sinifdə sinif rəhbəri bunu müəyyən etməsin. Müəllimlərimiz ali məktəbdə kifayət qədər pedaqogika, psixologiya keçiblər. O qədər məharətli olmalısan ki, bunları hiss edib məktəbin pedaqoji şurasında çıxış edəsən. Ümumi şuranın qərarı ilə həmin şagirdlər xüsusi məktəblərə yönləndirilməlidir. Yox, əgər bu günə qədər yönləndirilməyiblərsə, o artıq məktəb rəhbərliyinin günahıdır.

Bizim məktəblərdə psixoloq ştatı çox azdır. Amma bu yenə də onlara haqq qazandırmır ki, psixoloqlar elə yerlərində oturmalı, səhər gedib, axşam gəlməlidirlər. Sinifdə problemli uşaq varsa, sinif rəhbəri və fənn müəllimləri bu barədə psixoloqa məlumat verməlidilər. Orta məktəblərdə psixoloqların məşğul olması üçün saatlar ayrılmayıb. Uşaqlar haqqında psixoloqa ümumi məlumat verilməməlidir. Bu, uşaqların fərdi inkişafına da, onların heysiyyatına da toxunur. Məktəb rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri var. Direktora məlumat verilməlidir, sinif rəhbəri və rəhbərlik birgə həmin uşaqla işləməlidir. Valideynə yazılı məktub göndərilməlidir ki, sizin övladınız artıq bir neçə dəfədir ki, bu hərəkətləri edir. Çox təəssüf ki, məktəblərdə fərdi yanaşma, demək olar ki, yoxdur.

Bundan başqa, daha bir məsələ var. Tutaq ki, şagird məktəbin daxili nizam- intizam qaydalarını pozdu. Bəyəm bu şagirdin üstünə getmək lazımdır? Əvvəlcə aydınlaşdırmaq lazımdır. Bəlkə, zorakı bir ailədə yaşayır, valideynləri tərəfindən zorakılığa məruz qalır? Evdə bütün gün döyülən şagird məktəbə gəlib hansı psixologiya ilə dərsdə oturacaq ? Müəllim dərsə hazırlıqsız gələn şagirdin valideynlərinə məlumat göndərirmi ? Valideyn məsuliyyəti isə, demək olar, yox səviyyəsindədir.

Bəzi müəllimlər, məktəb direktorları və onların müavinləri yerlərini o qədər bərkidiblər ki, artıq sönüblər. Heç bir yenilikdən xəbərləri yoxdur. Zorla səhər durub işə gəlirlər. Bununla bağlı biz bəzi təkliflər hazırlamışıq, cənab nazirə təqdim edəcəyik. Bu məsələlərlə bağlı da mən bir neçə yazı hazırlamışam. Bütün bunlar bir ziyalı olaraq, vətəndaş olaraq məni çox narahat edir.

Çox təssüf edirəm ki, bu gün şagirdlərin əllərində smart telefonlar var. Telefondan asılılıq onları tədrisdən yayındırır. Bəlkə də, bir tərəfdən yaxşıdır ki, belə hadisələrdən xəbərdar olmağımıza şərait yaradır. Başqa cür biz bunu necə bilərdik?

– Sizə görə, bu problemlərin həlli yolları nələrdir?

Birincisi, valideyn-məktəb münasibətlərini düzəltmək lazımdır. İllərdir ki, bu asossasiyalar mövcuddur. Amma bunlar nə ilə məşğul olublar? Valideyn başa düşməlidir ki, məktəb təkcə şagird üçün məsuliyyət daşımır. Çünki hər şey ailədən başlayır. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini düzəltmək lazımdır. Kollektiv bilməlidir ki, məktəb üçün artıq bir fərd yetişdirir. Məktəb bilməlidir ki, o, şəxsiyyət yetişdirir. Bunlar hər biri paraleldir: Ailə, məktəbəqədər təhsil müəssisəsi və məktəb. Şagird orta məktəbi bitirdikdə şəxsiyyət kimi formalaşmasının ilkin pilləsini keçməlidir. Ali məktəbdə təhsil aldıqda isə artıq onlarda ali şüur formalaşmalıdır. İlk pilləni keçiblərsə, onlar artıq ali şüurlu insan kimi formalaşacaqlar. Hətta universitetlərdə belə valideynləri bu işlərə cəlb etmək lazımdır. Ailə və məktəb bir yerdə işləyəndə bu bir icmadır. Tələbənin 18 yaşı olsa belə, valideyn hər zaman övladları ilə maraqlanmalıdır. Bizim milli dəyərlərimiz var. Bəlkə də, ən yaxşısı budur.

Ailə institutlarımız zəifləyib. Ailə elə bilir ki, bütün hər şeyi məktəb etməlidir. Bu, mümkün deyil. Bizim müəllimlərimizin çoxlu səhvləri var. Çalışırlar ki, uşaqlara əzbərçilik öyrətsinlər. Amma onlara düşünməyi öyrətmək daha çox lazımdır. Həmin şagirdlərin düşünmək qabiliyyəti olsaydı, yəqin ki, bu hadisə baş verməzdi. Onlar düşünməli idilər ki, müəllimə başısoyuqdursa, biz bu hərəkəti etməməliyik.

Müəllim var ki, sinifdə əlindən telefon düşmür. Müəllimin sinifdə telefona cavab verməyə heç bir mənəvi haqqı yoxdur. Buna görə müəllim müəllimlikdən uzaqlaşdırılmalıdır. Hesab edirəm ki, sözügedən hadisəyə görə müəllimin müəllimlik hüququ əlindən alınmalıdır.

Mənə bir müəllim yazmışdı ki, məni 11-ci sinif şagirdi döyüb. Mən ona cavab verdim ki, sabah gedib ərizənizi yazın, işdən çıxın. Əgər sinifdə şagirdi idarə edə bilmirsinizsə, şagird sizə əl qaldırırsa, siz müəllim deyilsiniz, artıq bu statusu itirdiniz. Bizim bir çox müəllimlərimiz var ki, onlar sadəcə fənn üzərində müəllimdirlər. Müəllimlərlə, pedaqoji kollektivlə ciddi işləmək lazımdır. Hesab edirəm ki, sinifdə dərs deyən müəllimlərin heç biri o şagirdlərlə işləməyib. İctimai Şura olaraq həmin məktəbdə olacağıq, o şagirdlərlə görüşəcəyik ki, görək onların problemləri nədir ki, belə hərəkət ediblər.

Söhbətləşdi: Aqil Bəkir

www.yenicag.az

2178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv