!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirdi

!Reklam – Yazi

 Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib. Spiker Sahibə Qafarova qeyd edib ki, bu seçkilərlə xalqımız öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib. Onun sözlərinə görə, ilk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Ona görə də bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.

Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib. Seçkilərdə vətəndaşların öz iradələrini ifadə etməsi üçün hər cür şərait yaradılıb və xalqımız yüksək fəallıq nümayiş etdirib.

Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.

Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir. Azərbaycanın uğurları qardaş ölkə olaraq, Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir.

Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, qeyd edib ki, onların müşahidələri seçkilərin çox şəffaf şəkildə keçirildiyini deməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər və hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.

TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten isə onların təmsil olunduğu müşahidə missiyasının üzvlərinin həm Şuşada, həm də Xankəndidə də səsvermə prosesini müşahidə etdiklərini bildirərək, bunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, müşahidə apardıqları bütün məntəqələrdə hər şey qanuna uyğun, şəffaf təşkil olunub.

***

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə 7 fevral – prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub. Spiker Sahibə Qafarova bu seçkilərin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirildiyini, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında səs verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, prezident seçkiləri yüksək beynəlxalq standartlara uyğun, azad və ədalətli şəkildə keçirilib. Prosesin tam şəffaf təşkili üçün ümumilikdə 90 min müşahidəçi qeydiyyatdan keçib ki, onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Bu müşahidəçilərin mütləq əksəriyyəti seçkilərlə bağlı müsbət fikirlərini ifadə ediblər. Eyni zamanda, prosesin media nümayəndələri tərəfindən hərtərəfli işıqlandırılması üçün hər cür şərait yaradılıb.

Görüşlərdə beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətlərinin üzvləri prezident seçkilərinin yüksək səviyyədə təşkilinə görə təbriklərini ifadə ediblər. Qonaqlar bir sıra seçki məntəqələrində səsvermə prosesini canlı izlədiklərini, həm seçkilərə hazırlığın yüksək səviyyədə həyata keçirilməsindən, həm də səsvermə günü prosesin beynəlxalq standartlara uyğun təşkilindən məmnunluqlarını ifadə ediblər. Seçicilərin yüksək fəallığı əsas məqamlardan biri kimi qeyd olunub.

Görüşlərdə həmçinin ölkəmizin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığına dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu istiqamətdə əlaqələr ölkəmizin həm təşkilatlara üzv olan ölkələrin qanunverici orqanları ilə ikitərəfli münasibətlərinə, həm də parlament təşkilatlarında əməkdaşlığın genişləndirilməsinə imkan verir.

***

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Görüşlərdə Milli Məclisin sədri prezident seçkilərini müşahidə etdikləri üçün qonaqlara minnətdarlığını bildirərək, qeyd edib ki, bu seçkilər ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ilk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Spiker işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğunu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb. Seçkiləri müşahidə edən 90 mindən çox müşahidəçi də bu məqamı təsdiq edib.

Seçkilərin uğurla başa çatması münasibətilə təbriklərini çatdıran İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edərək vurğulayıb ki, prezident seçkiləri beynəlxalq qaydalara uyğun təşkil olunub. O, xüsusilə, gənclərin prosesdə fəal iştirakını vurğulayaraq, bunun demokratiya göstəricisi olduğunu söyləyib. İtaliyalı parlamentari seçkilərin təşkili ilə bağlı  bir sıra yeniliklərin şahidi olduqlarını, bunun da ümumi prosesin daha yaxşı həyata keçirilməsinə müsbət töhfələr verdiyini bildirib.

Serbiya Milli Assambleyasının sədr müavini Sandra Boziç də prezident seçkilərinin demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkilərin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Sandra Boziç deyib ki, bu, ilk serbiyalı nümayəndə heyətidir ki, Qarabağa səfər edib. Şuşa və Xankəndində seçki prosesini müşahidə etdiklərini bildirən Sandra Boziç Azərbaycanın qısa müddətdə bu şəhərlərdə həyata keçirdiyi böyük bərpa və quruculuq işlərinin şahidi olduqlarını söyləyib.

Görüşlərdə həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri, münasibətlərin dərinləşməsində dostluq qruplarının fəaliyyəti, qanunverici orqanlarımızın komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də müzakirələr aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Şurasının və Belarus Respublikası Milli Məclisi Respublika Şurasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlərdə Milli Məclisin sədri bu seçkilərin Azərbaycan tarixində xüsusi yerini vurğulayaraq, deyib ki, ölkəmizin müasir dövlətçilik tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hər yerində, o cümlədən, işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirilib. O, növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazılacağını diqqətə çatdırıb.

Görüşlərdə Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirilməsi üçün yaradılan şərait və prosesin yüksək səviyyədə baş tutması barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, kifayət qədər zəngin demokratik seçki təcrübəsinə malikdir. 7 fevral prezident seçkilərinin də demokratik, azad, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlər görülüb. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilər də bu faktları təsdiq ediblər.

Rusiya Federasiyası Federal Şurasının komitə sədri Qriqori Karasin seçki prosesini müşahidələri ilə bağlı müsbət fikirlərini bölüşərək, seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinin səsvermə günü bir sıra seçki məntəqələrində prosesi canlı şəkildə izlədiklərini bildirib. Seçicilərin yüksək fəallıq nümayiş etdirməsi hər birimizdə bu seçkilərlə bağlı yalnız müsbət rəy yaradıb.

Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Valeri Belski də prezident seçkilərinin ölkə qanunvericiliyinə, demokratik norma və prinsiplərə uyğun keçirildiyini, seçicilərin tam olaraq azad şəkildə səs vermələrinin təmin edildiyini bildirib. Onun sözlərinə görə, müşahidəçilər proses zamanı hər hansı qanun pozuntusu aşkar etməyib. Valeri Belski Belarus nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizdə də olduqlarını və əsl seçki bayramı müşahidə etdiklərini vurğulayıb.

Görüşlərdə həmçinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, qanunverici orqanlarımız həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edirlər.

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv