Reklam: High Technic
hightechnic

Sahibkarlar əkindən imtina etdi... - "Aqrolizinq"in özbaşınalığına niyə göz yumulur?

Fermerlərə çatacaq azot gübrəsi açıq bazarda satılır.

Yenicag.az “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satışa çıxarması ilə bağlı xəbər verib.

Saatlı rayon Azadkənd kəndinin sakinləri Mehdiyev Ceyhun, Hacıyev Ataman, Məmmədov Bəhrəm və Hacıyev Babək “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin fermerlərə çatacaq azot gübrəsinin onlara satılması yerinə, pərakəndə bazara çıxarılmasını bildiriblər.

Kənd sakinlərinin sözlərinə görə, “Aqrolizinq”də azot gübrəsi olduğu halda, sahibkarlara satılmır. Azot gübrəsi sahibkarlara dövlət tərəfindən rayonların “Aqrolizinq” bölmələri vasitəsi ilə satılsa da, Saatlı rayonunda bu tam əksinədir. “Aqrolizinq” fermerlərə dövlət tərəfindən satılacaq azot gübrəsini pərakəndə bazara çıxarır. Sahibkar isə, ya pərakəndə bazardan baha qiymətə alır, ya da torpağı əkməkdən imtina edir.

Ceyhun Mehdiyevin sözlərinə görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsindən yaxşı bilirlər ki, taxıla vermək üçün mütləq azot gübrəsi alacaqlar:

“Bunu bildikləri üçün azot gübrəsini pərakəndə bazara çıxarırlar. 9 manat 10 qəpiyə alacağımız azot gübrəsini, pərakəndə bazardan 12 manata almalı oluruq. Əgər bunu dövlət bizə ucuz qiymətə satırsa, nəyə görə gedib pərakəndə bazardan baha qiymətə almalıyıq?”

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi azot gübrəsini pərakəndə bazara çıxararaq milyonlarla pul qazanır. Belə ki, azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin pərakəndə satışı isə 12 manatdır. 100 minlərlə kisənin hər birindən 2 manat 90 qəpik qazanc əldə edilməsi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin hansı böyük məbləğlərlə oynamasının göstəricisidir.

Babək Hacıyev bildirib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi sahibkarları dövlətlə üz-üzə qoyur:

“Biz torpaq əkərək dolanırıq. Dövlət sahibkarların çətinliklərini nəzərə alaraq azot gübrəsini “Aqrolizinq”lər vasitəsi ilə bizə satır. Bunun da bəlli bir qiyməti var. Ancaq yerdəki məmurlar, bizim üzərimizdən pul qazanmaqla məşğuldurlar. Hər dəfə bir insan bezib torpağı əkməkdən boyun qaçırır. Bu da nəticədə kənd təsərrüfatına zərbədir. Dövlətimiz kənd təsərrüfatının inkişafı üçün addımlar atır, ancaq biz bunu yerli məmurların sayəsində hiss etmirik. Hansı sahibkarı dindirsəniz, narazılıq edəcək. Çünki işləməyimiz üçün şərait yaratmaq yerinə, sıxışdırırlar, bizə çatacaq azot gübrəsini özləri satdırırlar”.

Əldə etdiyimiz məlumata görə, onlarla sahibkar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsinin atdığı bu addımdan narazılıq edərək, torpağı əkməkdən boyun qaçırıb. Dəfələrlə Kənd təsərrüfatı nazirliyinə şikayətlər edilsə də, dərdlərinə əlac edilən tapılmayıb.

Mövzuya qayıdacağıq…

Səxavət Məmməd

www.yenicag.az

1815