Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahil Babayevə qarşı YARITMAZLIQ İTTİHAMI: “Ən bərbad idarəçilik məhz o Nazirlikdədir” - Qubad İbadoğlu

“Sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə məhz bu vəsaitlərin mənimsənilməsi üçün əlbir fəaliyyət göstərirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının Azərbaycanda aşkara çıxardığı problemləri açıqlayan iqtisadçı Qubad İbadoğlu bildirib. Qubad İbadoğluna görə, əsas problemlərdən biri ölkənin statistik məlumat bazasının mövcud gerçəkliklə uzlaşmamasıdır:

“Ötən il əhalinin ümumi siyahıya alınması formal keçirilib. Ölkədə rəsmi göstəricilərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur, əhalinin isə dəqiq sayını hələ də bilən yoxdur.

Bununla yanaşı, Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin və torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib. Kölgə iqtisadiyyatının miqyası, gizli məşğulların sayı isə təsəvvür edildiyindən də çoxdur”.

Qubad İbadoğlu hesab edir ki, korrupsiyanın ən çox yayıldığı sahələrdən biri sosial təminat sistemidir:

“190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib. Eyni zamanda, bəzi dövlət orqanlarının Çağrı Mərkəzi müraciətləri cavablandırmaq gücündə deyil. Çünki ən çox şikayət 142 saylı telefon xidmətindən olub.

Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqları, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir, başqalarının adına yazılaraq, mənimsənilir.

Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə məhz bu məqsəd üçün əlbir fəaliyyət göstərirlər. Bəzi dövlət orqanlarının onlayn xidmətləri müraciətlərə adekvat qurulmadığı üçün tez yüklənir və qısa müddətdə çökür. Belə ki, ən çox şikayət e-sosial.az saytından gəlib. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var”.

Pandemiyanın qabartdığı problemlərdən birinin də internet xidməti ilə bağlı olduğunu qeyd edən Qubad İbadoğlu bildirib ki, bu dönəmdə internetin sürəti az, keyfiyyəti isə çox aşağı olub:

“Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil.

Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin. Əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın”.

Gülşən Şərif

www.yenicag.az

659