!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahin Ağabəyli ilə 9 il öncəki dərdləşmə - REKVİYEM

!Reklam – Yazi

Sənin məzar daşına baxıram, məzar daşı tək gerçəyi anladır. Daş dilə gəlib deyir ki, həyatda tək gerçək var, yerdə qalan hər şey yalan… Tək gerçək ölüm… Həyat çox amansızmış bə arkadaşım… Çox amansız…. Oysa ölüm daha şəfqətlidir həyatdan…

Səni yalnız buraxmır, səni sevənlərin qəlbini paralasa da, səni buraxmır, səndən ayrılmır, əbədiyyən sənlədir. Həyat? Həyat çox vəfasız bə arkadaşım… Çox əclaf… Çox zülmkar… Bizim həyatımız daha ağırdir bə arkadaşım… Bizim heç dostumuz yox ki arkadaşım… Bizim heç həyatımız yox ki arkadaşım… Bizim nəyimiz var? Sadəcə bir ovuc sevənimiz, yananımız var… Bir ovuc… Barmaqlarının sayından belə az… O qədər… Gerisi yoxdur…

“Qəhrəmansan”, “Əjdahasan” “Filankəsi əla yıxdın, ölənə qədər qardaşımsan” deyənlər var ha, onlar öz ölümlərindən bəhs etmirlər bə qardaşım… Öldünsə, yıxıldınsa, qardaşlıqları da bitir… Sənə əl çalanlar, səndən faydalananlar “ona borcum yoxdur” deyirlər asanlıqla… Kimə nəyi sübut edəcəksən ki?.. “Yıxılanın dostu olmur” misalını atalar-filan deməmiş, başına gələnlər, bağrı qan çanağına dönənlər demişlər…

“Boş ver bə şeyx” deyəcəksən… Neyləyim, içim dağılır… Neyləyim ki, dərdləşəcək kimsə yox sən gedəndən sonra… Həmişə mənim pessimist düşünməmə qarşılıq olaraq sən “günəş bir gün bizim pəncərəmizə də doğacaq” deyirdin. Mən isə “heç nə yaxşı olmayacaq” deyə ümidsizi oynayırdım…

Amma bu gün sənə deyirəm ki əlbət, bir gün biz də ideallarımızın gerçəkləşməsinə nail olacağıq. Çünki bu artıq sənin gedərkən mənim və mənim kimi səni unutmayan qələmdaşlarının çiyninə yüklənmiş bir görəvdir… Könül istərdi ki, bərabər yürüyək… Fələk istəmədi nə yazıq ki… Uca Allah səni mələklərindən ayırmadı… Məni isə zülm çəkməyə, əzabla yaşamağa məhkum etdi… Hərçənd günahlarım böyük olmuş ki, sən şəhadət şərbətini içərkən, Allahım məni saxladığı yer üzündə normal dolaşmamaqla cəzalandırdı…

* Rəis, birisi mesaj yazmış. Deyir ki, səni görüm gəbərəsən. Nə bilim, nə vaxtsa hansısa sevdiyi din xadimindən yazı yazıbmışam… Mənə lənət oxuyan din qardaşım, bu duanı 1 il 3 aydır edirəm, olmur. Allahın verdiyi canı yalnız Allah istədisə, alırmış… Bir az da siz dua edin, bəlkə mənim “mənim canımı al, İlahi” naləmi eşitməyən Allahım sizin səsinizi eşidər…

* Bəlkə də bu əzabı dadmayana qəribə görünəcək. Bəlkə də “bu adamın başı xarab olub” deyənlər tapılacak… Bəlkə də… Ancaq bir ölümü görən insan düşünün. Bir neçə dəqiqə öncə gülə-gülə söhbət etdiyi dostunu, sirdaşını, qardaşını görmür yanında. Hərə bir söz deyir. Çağırır, dostunun, sirdaşının, qardaşının səsini duymur. Bir düşünün, oysa beş-on dəqiqə əvvəl necə planlar qurur, yaxın beş ilin proqramından danışırdılar. Və içində bir hiss yaranır, ya mən dostumu, sirdaşımı, qardaşımı bir daha görməyəcəmmi?

O insanın həmin an nələr yaşadığını anlaya bilərsinizmi? O insan üçün dünya çoxdan ölüb, arkadaşım… Ayaqda qalmağının tək səbəbi var ki, o da onun içində gizlidir… Məsəl var, nə qədər danışıb-gülsə də, ağlı başqa yerdə deyə… Bax, ölümü görüb dönən adamın ağlı həmişə orada, o daşlı-çınqıllı çöllərdədir. Onun ağlı, onun düşüncəsi o çöllərdə qoyub gəldiyi, yalvarsa da, ölüm mələyinin səsini eşitmədiyi üçün tək getməyinə çarəsiz tabe olan dostunda, sirdaşında, qardaşındadır…

Onun üçün gerisi əfsanədir… Geridə olacaqlar dostunu, qardaşını, sirdaşını geri qaytaracaqsa, hər şeyə hazırdır o ölümü görən adam… Ancaq o səssiz limandan yol alanların hər biri yerlərindən razıdırlar ki, kimsə geri dönmür… Dönmür, vallah dönmür… Əzab verir, ancaq dönmür… Həmişə dostu, qardaşı, sirdaşı “hər şey yaxşı olacaq” deyəndə, “heç nə yaxşı olmayacaq, rədd olub gedək bu ölkədən” dediyi gəlir ağlına. “Hər şey yaxşı olacaq” demək, özünə toxtaqlıq vermək, mübarizəyə atılmaq istəyir, ancaq bacarmır.

Dil kimi qivraq üzv belə bu yalanı demək istəmir. Çünki ölümdən sonrası yoxdur. Onu görən insan üçün sonrası yoxdur, sonrası qaranlıqdır… Nə varsa, bu an var, gerisi hər an yoxluq ola bilər… Gələcəyə ümidlə baxmaq var ya, bax, ölümü görən adam üçün o yoxdur artıq bə arkadaşım… Bax, ölümü görən insan üçün gələcək bitmişdir demək… Gələcəyə nöqtə qoyan adam üçün həyatın rəngi qaradır…

Çünki tək gerçək rəngin qara olduğunu dərk etmişdir… Uğrunda vuruşduqlarının, əslində, bir heç olduğunu dərk etmişdir… Ona gələcəklə bağlı böyük vəd verənlərin işləri bitdikdən sonra adamı tanımadıqlarını dərk etmişdir… Apardığı mübarizənin gerçəkdə bir oyun olduğunu, yıxıldığı an yalnız qaldığını dərk etmişdir… Tək gerçəyin Allahın yazdığı qədər olduğunu dərk etmişdir…

Dərk etmişdir ki, nə qədər sayırsa, saysın, fələk onun saydıqlarını göz qırpımında silib-süpürə bilər… Onun üçün ediləcək iş bəllidir, o da həyatından məsul olduqların üçün yaşamaq və Tanrı hüzuruna bəşər haqqı ilə getməmək… Gerisi əfsanə… Gerisi nafilə… Gerisinin rəngi qara…

* Yadındadı, mənə ad gününlə bağlı yazdırdığın təbrik. Mən nuzulluq edib, “mən bəy tərifi yaza bilmirəm” dedikcə, illah da “sən yazacaqsan” deyib, yalandan qışqırır, guya əsəbləşirdin. Sonra “Ramzes”də oynamağımız, əylənməyimiz elə bil dünən olub və sən bir azdan zəng edib “adam kılıbık olmaz, gəl gedək bulvara” deyəcəksən kimi bir hiss var içimdə…

İndi bu yazımı görüb, “nə oldu alə, üç cümlə təbrik yazmayan adam əsər yazır” deyəcəksən. Belə təbrik yazısı olar? Bu səninlə dərdləşməyimdir qoca rəis… Bu bir il üç aydan bəri sənsizliyə alışmaq istəməyən adamın üsyanıdır… Sən məzarı üstündə dua oxumasını istədiyim ən son adamlardan idin. Bütün sevincli günlərimin tək şahidi, tək sirdaşım, ruh əkizimdin.

Eyni müğənnini dinləyib, eyni kinolara baxırdıq. “Facebook”da belə ortaq nöqtələrimiz digərlərinə nisbətdə çox idi. Toyumda mənim haqqımda söylədiyin heç bir kateqoriyaya sığmayan adam”, əslində, həm də səndin.

* Nə isə… Başını çox ağrıtdım sənin… Doğum günün mübarək, qoca rəis… Sayğılarımla, Aqil Ələsgər 27.01.2012

P.S. Bu gün yaşasaydın, 45 yaşın olacaqdı, qoca rəis. Və əminəm ki, sən bir yolunu bulub, 45 illiyini çox sevdiyin Şuşada qeyd edəcəkdin. Bu gün cismin doğulduğun torpaqlarda olsa da, azad ruhun ordadır. Qarabağda irəliləyən ordumuzun görünməyən dəstəkçilərindəndir sənin ruhun. 44 gün oradan heç geri gəlmədi. Bu gün də o möhtəşəm Şuşa Qalasının bürclərində dolaşır.

Deyirlər ki, 40 yaş cavanlığın qocalıq, 45 yaş qocalığın cavanlıq yaşıdır.

Müdrikliyinin gənc yaşı mübarək, qoca rəis…

 

www.yenicag.az

1457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv