“Mənim köküm Azərbaycanın Gədəbəy rayonundan, xanımımın əsli isə Şuşadandır”.
Türkiyənin sabiq millət vəkili, Azərbaycan əsilli Şamil Ayrım qardaş ölkədə iyunun 24-də keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədlər siyahısına daxil edilib.
Ötən dönəmlərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü və Azərbaycanla dostluq qrupunun rəhbəri olmuş Şamil Ayrım Yenicag.az-a açıqlamasında 24 iyun seçkilərində AKP-nin və özünün qələbə qazanacağına inandığını deyib:
“Namizəd olmaq mənim öz təşəbbüsüm idi. Bununla bağlı müraciət etdim, tələb olunan prosedurlardan keçdim. Namizədliyimi vermək istəyim müsbət qarşılandı. Çünki irəli sürüldüyüm bölgədə müsbət reputasiyaya malikəm. Zəruri prosedurlardan sonra AK Partidən millət vəkilliyinə namizəd oldum. Hər halda, mənim kimi bir namizədə ehtiyac vardı.
Bildiyiniz kimi, 24 iyun seçkiləri sistem dəyişikliyindən sonra keçirilən ilk seçkiləridir. Yəni ölkə prezident üsul-idarəsinə keçir, parlamnetin funksiyası isə qanunvericiliklə məhdudlaşacaq. Bu seçkilərdə Türkiyə vətəndaşları həm prezidenti, həm də millət vəkillərini seçəcəklər.
AKP elektoratı və təbii ki biz də hörmətli Ərdoğana səs verəcəyik. İnanıram ki, Ərdoğan elə ilk turda qalib gələcəyini düşünürəm.
Müxalifətdən verilən bəyanatlarda xüsusi müzakirə olunası bir məqam görmürəm. Təbii ki, hər seçkinin özünəxas çətinlikləri olur. Ancaq bu fikirdəyəm ki, 16 ildir iqtidarda olan bir partiyanın təşəbbüsü asanlıqla əldən verməz.
Məlumdur ki, CHP, İYİ Parti, Səadət və Demokrat partiyaları seçkilərə bir blokda gedirlər. Onlar bəzi bölgələrdə uğur qazana bilərlər, lakin bütün Türkiyə üzrə mümkün nəticələri dəyərləndirsək, AK Parti qalib gələcək. Türkiyədə seçki atmosferi hələ indi-indi güclənməkdədir. Gələn həftələrdə seçki prosesini daha geniş surətdə təsvir edə biləcəyik”.
Şamil Ayrımın sözlərinə görə, o, Türkiyədə keçiriləcək 24 iyun seçkilərində iştirak edən Azərbaycan əsilli yeganə namizəddir:
“Bəlkə də bilirsiz, mən Azərbaycan əsilliyəm. Mənim köküm Azərbaycanın Gədəbəy rayonundan, xanımımın əsli isə Şuşadandır. Bundan əvvəl iki dönəm Ana Vətən Partiyasından millət vəkili seçilmişəm, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmuşam.
Hazırda isə seçkiyə qatılan bütün partiyaların namizədləri arasında Azərbaycan əsilli yeganə şəxs mənəm. İnanıram ki, bu seçkidə uğur qazanaraq, Azərbaycan kökənli tək millət vəkili olacam”.
A.Zeynalov