!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiyaların Rusiyaya vurduğu zərbə: "Ruslar gec olmadan Putini durdurmalıdırlar"

!Reklam – Yazi

Rusiyanın hələ də Ukraynaya qarşı başlatdığı müharibəni davam etməsi bu ölkəyə yeni sanksiyaların tətbiqi riskini artırır. Belə ki, artıq ABŞ Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Eyni zamanda, ABŞ bütün dünyanı Rusiyadan neft, qaz və daş kömür almaqdan imtinaya çağırır.

Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna kimi bir ölkəyə qarşı başladığı işğalçı müharibəni nə bu gün, nə də sabah dayandırmaq istəyi var:

“Rusiyanın bu müharibədə artıq geriyə yolu yoxdur. Rusiya bu müharibəni nəyin bahasına olursa-olsun, udmaq iddiasındadır. Lakin reallıqlar tam başqadır. Bu gün bir-iki diktatura rejimli ölkələr istisna olmaqla, ABŞ və dünyanın bütün ölkələri bu müharibəni dayandırmaq üçün səylər göstərirlər. Lakin Rusiya dayanarsa, məğlub olacaq. Ona görə də Rusiya lazım gələrsə, dayanmamaq üçün nüvə silahlarından belə istifadə edəcək. Qeyd edim ki, müharibənin ilk günlərindən fərqli olaraq indi Ukrayna ordusu daha mükəmməl bir durumdadır. Bura Qərbin bütün səviyyələrdən olan dəstəyini əlavə etsək və eyni zamanda, ABŞ Prezidenti Co Baydenin “Bu bizim müharibəmizdir”, “Bu, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi soyqırımıdır” kimi çağrışlarını yada salsaq, bu halda müharibədə kimin qalib gələcəyinə şübhə qalmır. Ukrayna qalib gələcək, lakin bu qələbə böyük itkilər hesabına əldə olunacaq. Bu sırada maddi və insan itkiləri İkinci Dünya Savaşından sonra tarixdə ən böyük itkilər olacaq. Rusiya bu müharibədə düşdüyü indiki durumda nüvə silahından istifadə etməyə olduqca yaxındır”.

İqtisadi sanksiyalara da toxunan Fikrət Yusifov qeyd edib ki, vəziyyət yaxın üç aydan sonra daha ağrılı olacaq:

“Bu gün hələlik Rusiyada xaricdən gətirilmiş məhsulların, malların ehtiyatı tam tükənməyib. Bu ehtiyatlar tükəndikdən sonra Rusiya gəmisi tədricən çökməyə başlayacaq. Ona görə də ruslar gec olmadan Putini durdurmalıdırlar. Əks halda, bütöv Rusiya bu gəmidə batacaq. Bütün hallarda, Rusiya bu müharibənin bədəlini 100 il ödəyib qurtara bilməyəcək. Rusiya bir dövlət kimi yaşaya bilsə belə, on illər boyu soyqırımı təzminatı ödəməli olacaq. Bura yerlə-yeksan etdiyi yaşayış məntəqələrinin bərpasından tutmuş, qətlə yetirdiyi, yaralayıb əlil etdiyi yüz minlərlə insana və onların gələcək nəsillərinə ödəyəcəyi təzminatlar daxildir.

Əgər Rusiya bu müharibədən sonra bir dövlət kimi növcudluğunu qorumaq istəsə, sözügedən ödənişləri etməli olacaq. Əks halda, onun bir dövlət kimi yaşaması mümkün olmayacaq. Bu gün tətbiq edilən və hər gün genişlənən sanksiyalar isə uzun on illər ərzində Rusiyanı içərisindən laxladıb çökdürəcək”.

Gülşən Şərif

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv