!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Satıla bilməyən məhsullar: “Rublun ucuzlaşması fermerlərin...” - ŞƏRH

!Reklam – Yazi

“Soyuducu anbarların regionlarda həm sayının az olması, həm də qiymətinin münasib olmaması prosesə öz təsirini göstərir”.

Bu sözləri bölgələrdəki fermerlərə məxsus pomidorların satışında yaranan çətinlikləri dəyərləndirən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Bakıda topdansatış bazarlarının sayının artırılması daha yaxşı amil olardı, bu da regionlardan məhsul gətirən fermerlərin işini yüngülləşdirə bilər:

“Hazırda rublun ucuzlaşması sözsüz ki, Rusiyanın iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bu da tələb və istehlakçı miqyasını aşağı salan amildir. Bizim üçün də Rusiya pomidor ixracatında əsas partnyorlardan biri olduğundan yerli fermerlərimizə də maddi zərər dəyib. Belə ki, kifayət qədər məhsul ixrac edə bilmirlər. Bu, bir daha bunu deməyə əsas verir ki, fermerlərimiz bu istiqamətdə yeni bazarların axtarışını intensivləşdirməlidir. Ənənəvi bazar olduğundan Rusiya bazarı bizə daha yaxın sərfəli gəlir. Hazırda hesab edirəm ki, daha çox digər yaxın bölgələrə və həmçinin Avropa bazarlarına çıxış əldə etməliyik. İxracatımızın daha da diversikasiyalaşması üçün müəyyən intensiv işlər görülməlidir.

Əlbəttə ki, bu hallar ölkədəki fermerlərə maddi baxımdan mənfi təsir göstərir. Bu gün öz pomidorlarını fermerlər sata bilmirlər. Çünki pomidor istehsalı tələbatdan daha çoxdur. Bəzi bölgələrimizdə isə istehsalla əlaqəli pomidor mövsümü bitməkdədir. Əldə edilən məhsullar  tələbatdan artıq olduğundan yerli fermerlər də məhsullarının qiymətlərinin daha ucuz olmasıyla nəticələnir.
Lakin sözügedən məhsulların şəhər bazarlarında daha baha qiymətə satılmasının da özünəməxsus səbəbləri var. Bunlardan biri də daşınma xərcləridir. Belə ki, regionlardan paytaxta məhsulların daşınması zamanı əlavə xərc hesablanır. Pərakəndə ticarətçilərin digər əlavə xərcləri olduğundan qiymət artımı baş verir. Pomidorun daha tez xarab olan mal olduğunu nəzərə alsaq, burada çıxara gedən məhsullar da olur. Bu zaman məhsulun maya dəyərinin üzərində əlavə artım olur.

Soyuducu anbarların regionlarda həm sayının az olması, həm də qiymətinin münasib olmaması prosesə öz təsirini göstərir. Düşünürəm ki, bölgələrimizdə soyuducu anbarların sayı dəfələrlə artırılmalıdır. Hətta fermer təsərrüfatlarına yaxın ərazilərdə inşa edilməlidir. Məhsulların saxlanılması üçün də müvafiq güzəştlər tətbiq edilməlidir. Eyni zamanda emal müəssisələrinin sayında da artım olmalıdır.

Bu gün biz xarici ölkələrdən tomat pastası və digər məhsulların idxal olunmasının şahidi oluruq. Bu yolla bəzi xərclərin qarşısını almaqla yanaşı həm də xarici ölkələrə ixrac da həyata keçirmək mümkündür. Bütün bu kompleks tədbirlər təkcə pomidor deyil, eyni zamanda digər məhsullar da yetişdirən fermerlərin xərclərinin azalmasına səsb ola bilər.

Bir məqamı da qeyd edim ki, Bakıda topdansatış bazarlarının sayının artırılması daha yaxşı amil olardı. Bu da regionlardan məhsul gətirən fermerlərin işini yüngülləşdirə bilər. Ya da bazarlarda topdansatış məntəqələrinin sayının artırılması müsbət addım olardı. Burada da məhsullar tədarük edlərək digər bölgələrə göndərilə bilər. Nəzərə almalıyıq ki, bu, bir iqtisadi amildir. Bu gün bəzən fermerlərin fərdi qaydada Bakıdakı bazarlara mal gətirməsi də sərf etmir. Çünki burada həm yola çəkilən, həm burada qalması üçün ödənilən, bazarda satış zamanlı olan xərclər fermerlərə əl vermir.

Düşünürəm ki, bu halda şəbəkə marketlərinin də bu işə qoşulması müsbət effekt verərdi. Həmin şəbəkə marketlər birbaşa olaraq fermerlərdən məhsulları alaraq pərakəndə formada satış həyata keçirə bilər. Bu da həm fermerlərə iqtisadi dəstək olmaqla yanaşı qiymətlərin də aşağı enməsinə kömək ola bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv