!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaşlarla dizayn edilən YENİ DÜZƏN: Münaqişələri bitirən “time-out” necə pozulur? – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Dünyada demək olar, bütün münaqişə ocaqları alovlanmaq üzrədir. Fərqi yoxdur, hansı qitə, hansı materik – harada münaqişə ocağı varsa, bir yolla körükləndirilir. Aktiv fazada olduqları üçün indi daha çox Rusiya-Ukrayna müharibəsi və HƏMAS-İsrail toqquşmasına diqqət yetirilir. Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovla müsahibə zamanı o bir fikir səsləndirdi:

“Sovetlər dağılanda, Rusiya Ukraynaya qalan silah-sursatı satdırırdı. O vaxt Azərbaycan da Ukraynadan silahlar alırdı”.

Bu məsələ diqqətmi çəkdi və Rusiya-Ukrayna münaqişəsini fərqli yöndən və daha dərindən araşdırmağa çalışdım. Bu zaman bəlli oldu ki, Ukrayna müstəqil olandan sonra orada qalan silahlar həqiqətən, məhz rusların əli ilə satılıb. Rusiya hətta Ukraynadan silah alması üçün Belarusa maliyyə də ayırıbmış. Beləliklə, Ukraynanın əlindəki hava hücumundan müdafiə sistemləri bir neçə ölkə tərəfindən alınıb və onların arasında Rusiyanın özü də var.

Burada başqa bir maraqlı məqam da var. Təsəvvür edin, Ukraynadan tank alan ölkələrə həmin texnika üçün zəruri olan avadanlıqları da Rusiya göndərib. Bununla kifayətlənməyən Rusiya 50 tank alan ölkəyə helikopter də hədiyyə edib. Dolayısı ilə SSRİ dağılandan Rusiya Ukraynanı konkret “hədəf taxtası”na çıxarıb, onun hərbi potensialını yox etmək üçün bütün imkanlardan yararlanıb.

Rusiyanın bu addımlarının iki səbəbi ola bilərdi: ya Ukraynada özünün formalaşdırdığı marionet hökumət formalaşdırmaq, ya da zamanı gələndə özünə lazım bildiyi hissəsini ilhaq etmək. Məsələ tək bununla da bitmir. Ukraynanın silah sənayesi də çox şübhəli şəraitdə sıradan çıxarıldı. Sovet vaxtı “KQB”-də xidmət edənlərin əksəriyyəti SSRİ-nin dağılması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, bu məsələdə hamısının mövqeyi üst-üstə düşür: “SSRİ-nin dağılacağını birinci biz (“KQB” əməkdaşları) bilirdik”. Deməli, bunu dağılmış ölkənin rəhbərliyi də bilirdi və “yol xəritəsi” də hazırlanmışdı.

Başqa bir detal. SSRİ dağılan zaman Rusiyanı mafiya, kriminal qruplar cənginə almışdı. Hökumətin onlara qarşı nəinki polis, ordudan belə istifadə etdiyi hallar olub. Elə bir böhranlı vəziyyətdə Rusiya SSRİ-dən qalan nüvə silahlarının digər ölkələrin əlində qalmasına imkan vermədi. Ya zəlzələdən, ya vəlvələdən həmin silahları özünə götürməyi bacardı. Dolayısı ilə hazırda baş verənlər dünənin, bu günün işi deyil. Hətta Putin “bizi müharibəyə Qərb sövq etdi” sözləri adi blefdir.

Bu əslində, Rusiyanın planı olub və bu planı həyata keçirməyə çalışır. Hesab edirəm ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün məqsədi daha dərindədir. Tarixə nəzər saldıqda görürük ki, Rusiya 300 ildən çoxdur, Qara dəniz (isti dənizlər) uğrunda savaşın içərisindədir. Rusiyanın əsas hədəfi Qara dəniz olub. Rusiya-Osmanlı müharibələri də məhz bu səbəbdən baş verirdi. Dolayısı ilə Rusiya üçün Ukraynanın torpağı yox, Qara dənizə çıxış istiqaməti maraqlıdır.

Müharibənin mövcud gedişatı və rus ordusunun əsas hücum istiqaməti də bunu deməyə əsas verir. Ukraynanın Krımı vurması, Krımla bağlı bəyanatlar verməsi bir növ Rusiyanı hədəfindən yayındırmaq kimi bir şeydir. Reallıq onu deyir ki, Ukraynanın indiki vəziyyətdə Krımı işğaldan azad etməsi imkansızdır. Böyük Britaniyanın Qara dənizlə bağlı koalisiya qurması da bəzi mətləbləri ortaya qoyur. Bir çox münaqişələr nəqliyyat dəhlizi uğrunda gedir, bəziləri tarixi torpaqlar, bəzi münaqişələr isə böyük dövlətlərin sadəcə, maraqları üçün alovlanır.

Məsələn, Polisario (Qərbi Saxara). 1970-ci illərdə başlanan münaqişə 1991-ci ildə atəşkəslə yekunlaşıb. 2020-ci ilin noyabrında atəşkəs pozuldu. ABŞ prezidenti Donald Tramp həmin il dekabrın əvvəlində Qərbi Saxara ərazisi üzərində Mərakeş Krallığının suverenliyini tanıyan bəyannamə imzaladı. Yəni Qərbi Saxara hazırda aktiv fazaya keçməyə ən yaxın müharibə ocaqlarından biridir. Bu o deməkdir ki, Mərakeş, Əlcazair, Mavritaniya kimi ölkələr böyük müharibənin bir addımlığındadır.

Dolayısı ilə sanki ölkələr, münaqişə ocaqları 90-cı illərin əvvələrində atəşkəs imzalayaraq “time-out” götürmüşdülər, 2020-ci ildən başlayaraq isə bütün münaqişə ocaqları alovlanmağa başlayıb. Dünyada hazırda atəşkəsdən, sülhdən danışan demək olar, nə bir ölkə, nə də bir beynəlxalq təşkilat var. Bir aralar özünü dünyanın jandarması kimi təqdim edən ABŞ da özünü hazırda münaqişələrin katalizatoru kimi aparır. Müharibələrsiz yeni dünya düzəni mümkün deyil. Ona görə də, qarşıda bizi yeni müharibələr gözləyir.

Bəs Cənubi Qafqazda müharibə ehtimalı varmı? Bu barədə növbəti yazıda…

Səxavət Məmməd

www.yenicag.az

2177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv