Saxta sənədlə ölkəyə gələn 20 əcnəbi saxlanıldı – FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Xidmətin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Martın 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınmışdır. Geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.