“Dünyanın bütün normal ölkələrində belədir və Azərbaycan da istisna deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədaxili siyasətdə hökm sürən ətalətə münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
AVP sədrinin fikrincə, mövcud siyasi qüvvələrdən ilin on iki ayını eyni tempdə fəallıq gözləmək doğru olmazdı:
“Siyasi proseslər nə zaman sürətlənir? Təbii ki, seçkilər dönəmində. Azərbaycanda prezident seçkiləri təxminən iki ay əvvəl keçirildi və bütün cəmiyyət buna kökləndi.
Seçkilərdə iştirak edən və etməyən siyasi qüvvələrin də gündəmində, fəaliyyətində əsas məsələ seçkilər idi. Seçkilər uğurla yekunlaşdığı üçün gündəm də dəyişir.
O baxımdan, seçki dövründə yaranan siyasi fəallığın səngiməsi təbiidir. Dünyanın bütün normal ölkələrində belədir və Azərbaycan da istisna deyil. Həm də siyasi qüvvələr ilboyu eyni tempdə fəallıq göstərə bilməzlər axı…
Ümumiyyətlə, daxili siyasətdə bu cür sabitliyin olması çox müsbət haldır. Razılaşaq ki, hansısa xaosa hesablanan fəallıqdansa, sakitliyin olması ölkəyə daha çox lazımdır”.
A.Zeynalov