Seçki “kart”ları açılır: “Rusiya “yararlılıq müddəti bitmiş” fiqurlardan istifadə etməyəcək” – İDDİA
Rusiyanın Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə planını işə saldığı haqda məlumatlar səngimir.
Yenicag.Az xəbər verir ki, Azərbaycanda keçirilmiş 2013-cü il prezident seçkilərində uğursuz “Milli Şura” layihəsini dövriyyəyə buraxan Moskvanın bu dəfə prosesə daha ciddi hazırlaşdığı bildirilir.
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq deyəsən, ölkəmizdən əvvəl Rusiyada başlayıb. Hər halda, şimaldan gələn xəbərlərdə Azərbaycandan getmiş sabiqlərin sürətlə “şişirdilməsi” tendensiyası Rusiyanın 2018-ci il seçkilərinə ton vermək niyyətinin ciddiliyini göstərir.
Xatırladaq ki, 2013-cü il seçkilərində Azərbaycan müxalifətinin böyük hissəsini də Milli Şura avantürasına cəlb edərək yazıçı Rüstəm İbrahimbəyova siyasi liderlik statusu qazandıran rəsmi Moskva yekunda geri çəkilməli oldu. “Oskar”lı İbrahimbəyovun seçkilərdə iştirakına nail ola bilməyən Rusiya prosesdən kənarlaşdı.
Moskvanın dəstəyi ilə hakimiyyətə aparan yolun açıldığını zənn edən Milli Şuranın yerli təmsilçiləri isə sözügedən layihənin bəsit dekorasiyası olduqlarını çox gec – rəzil duruma düşdükdən sonra fərq etdilər. Ancaq indi – növbəti prezident seçkilərinə bir ildən çox qaldığı ərəfədə Moskvadakı azərbaycanlı sabiqlərin planlı təbliğatı Rusiyanın 2013-cü il planına ciddi korrektələr etdiyini və baş “oyunçu”nu dəyişdirdiyini söyləməyə əsas verir.
Açıq görünür ki, Rusiya, yaxud da o ölkənin müəyyən siyasi dairələri bu dəfə “Yusif Sərrac” libasını Azərbaycan Baş nazirinin keçmiş I müavini Abbas Abbasovun əyninə “biçməkdədirlər”. Rusiya prezidenti Vladimir Putinin “sahibkarlığın inkişafına dəstəyinə görə” Abbasova xüsusi təşəkkür məktubu göndərməsi isə adıçəkilən sabiq məmurun aparılan təbliğatında xüsusi vurğulanır.
Eyni zamanda, Abbasov və çevrəsi də Putinin təşəkkür məktubunu əldə bayraq edərək, bu faktı “ciddi mənəvi dəstəyin ifadəsi” kimi informasiya dövriyyəsində sağa-sola dolandırırlar. Kreml gözlənilmədən və heç bir formal səbəb olmadan ona “uğurlu sahibkarlıq fəaliyyəti”nə görə təşəkkür məktubu göndərib.
Həmin məktub barədə Kremlin saytında heç nə deyilmir, ancaq Rusiya azərbaycanlılarının Federal Milli Muxtariyyəti öz saytında bu barədə geniş yazıb, Abbas Abbasovun fəaliyyətini mədh edib.
Rusiyadan gələn digər məlumatlarda isə Abbasovun öz tərəfdarlarına seçkilərə hazırlıqla bağlı təlimatlar verdiyi, özününsə seçkilərin “start xətti”nə doğru irəlilədiyi bildirilir.
Ancaq mövcud reallıq hakimiyyət iddiası ilə həvəslənmiş Abbasovun ən yaxşı halda İbrahimbəyovun nəticəsini təkrarlayacağını göstərir. O nəticənin adı İFLASdır.
Bununla belə, Rusiyanın Azərbaycandakı 2018-ci il seçkilərinə bir neçə plan üzrə ciddi hazırlaşdığını təsdiqləyən hərəkətlənmələrin şahidiyik. Yəni bəzi ekspertlərin də söylədikləri kimi, Kreml Azərbaycandakı “Seçki marafonu”na Abbas Abbasovu deyil, tamam başqa bir şəxsi də qoşa bilər.
Azərbaycanda uzun müddətdir “Rusiyanın adamı” imicinin daşıyıcısı olan şəxslərin mediada və sosial şəbəkələrdə peyda olmaları Kremlin “B”, “C”, “D” və sair planlarını ciddiyyə almaq üçün əsas yaradır.
Hər halda, Abbas Abbasovun diqqət mərkəzinə gətirilməsindən sonra sabiq baş nazir Surət Hüseynovun “səngər”dən çıxması, eks-prezident Ayaz Mütəllibovun onun barəsində müsbət fikirlər səsləndirməsi, o cümlədən, keçmiş müdafiə naziri Rəhim Qazıyevin AXC iqtidarını yenidən sərt şəkildə hədəfə götürməsi zəncirvari prosesi xatırladır.
Qeyd edək ki, “Facebook”da adına səhifə açılan Hüseynov orada “Azərbaycan prezidenti” statusunda təqdim olunub. Bu təqdimatdan sonra yerli mediaya müsahibə verən sabiq hökumət başçısı siyasətə qarışmadığını və “Rusiyanın adamı” olmadığını ciddi-cəhdlə iddia etsə də, onun dedikləri etimadla qarşılanmır. Əksəriyyət bu fikirdədir ki, Hüseynov belə danışmaqla, gerçək niyyətini pərdələməyə çalışır.
Eks-prezident Ayaz Mütəllibov da mediaya müsahibəsində Surət Hüseynova müsbət xallar qazandırmağa çalışıb:
“Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar. Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub?
Zarafat deyil. Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var”.
Göründüyü kimi, Mütəllibov öz müsahibəsində Hüseynovun ictimai rəydə reabilitasiyası üçün lazım olan qaydada danışıb və uyğun ifadələr seçib. Eyni zamanda, Rəhim Qazıyevin də müsahibələrində Azərbaycan ərazilərinin işğalının onun istefasından sonrakı dövrə təsadüf etdiyi xüsusi vurğulanır.
Yəni adları çəkilən şəxslər malik olduqları mənfi obrazdan çıxmaq üçün tam sürətlə hərəkətə keçiblər. İndiki halda aktuallıq qazanan əsas sual isə bu şəxslərin fəallaşmasında Rusiya amilinin nə dərəcədə ciddi rol oynamasıdır.
Bu barədə fikirlərini Yenicag.Az-a bölüşən Azad Demokratlar Partiyasının (AzDP) sədri, milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər məsələyə daha geniş miqyasda yanaşmağın tərəfdarıdır. Partiya sədri hesab edir ki, Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində ABŞ-Rusiya qarşıdurması çox ciddi faktor kimi özünü göstərəcək:
“Əslində, bu məsələyə sırf Azərbaycan çərçivəsində yanaşmaq doğru olmazdı. Hazırda qlobal miqyasda ABŞ başda olmaqla Qərblə Rusiyanın qarşıdurması yüksələn xətlə inkişaf etməkdədir.
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyaları imzalaması tam olaraq belə deməyə tam əsas verir ki, Vaşinqtonla Moskva arasında münasibətlərin yaxın dövrdə normallaşmasını gözləməyə dəyməz.
Bu məsələdə çox ciddi bir nüansı da vurğulamaq lazımdır. ABŞ bu sanksiyalarla Rusiyanı ilk dəfə olaraq, İran və Şimali Koreya ilə birlikdə “Şər oxu”na daxil etdi. Bu isə “Soyuq müharibə”nin yenidən bərpa olunması anlamına gəlir.
Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində də bu amil çox mühüm rol oynayacaq. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. 1994-cü ildə ABŞ və Rusiya arasında Azərbaycanla əlaqədar hələ də qüvvədə olan bir anlaşma mövcuddur. Həmin anlaşmaya əsasən, Azərbaycan hərbi-siyasi baxımdan Rusiyaya, iqtisadi baxımdan isə Qərbə bağlıdır. Başqa sözlə desək, tərəflərdən hər hansı birinin Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar verməsi o anlaşmanın artıq qüvvədən düşdüyünü göstərəcək. Bunun nəticəsində Qərb və Rusiya Azərbaycan seçkilərində öz ssenarilərini tətbiq etməyə çalışacaqlar”.
S.Əkbərin qənaətinə görə, əgər Rusiya Azərbaycanda hakimiyyətə yeni bir fiqur gətirmək istəsə, həmin namizədi “istifadə müddəti bitənlər”in arasından seçməyəcək:
“Adları çəkilən o şəxslərin Rusiyanın təlimatı ilə meydana çıxmaları istisna edilmir. Ancaq bu fikirdəyəm ki, Rusiya artıq istifadə müddəti bitmiş o şəxslərdən hansınısa hakimiyyətə gətirməyi planlaşdırmır. Ancaq onların bu formada yenidən ortaya çıxmasında rəsmi Moskvanın təsirinin olması istisna deyil. Böyük ehtimalla, Moskva daha nüfuzlu bir şəxsin namizədliyini nəzərdən keçirə bilər. Həmin şəxslər isə o fiqura dəstək missiyasını icra edə bilərlər.
Bu çərçivədə Kremlin mümkün “A” və “B” planlarından danışmaq olar. Yəni birinci halda Moskva prosesin ağrısız keçməsi üçün çalışacaq ki, yeni namizədi hakimiyyətin öz daxilindən seçsin. Bu zaman konkret fərd, yaxud da mövcud qruplaşmalardan birinin təmsilçisi nəzərdən keçirilə bilər.
Digər halda isə prosesə hətta müxalifət daxilindən də uyğun bir fiqurun cəlb edilməsi mümkündür. Hadisələrin inkişafında Moskvanın bu planlardan hansını seçəcəyi özünü göstərəcək”.
AzDP sədri Kremlin Azərbaycanın siyasət, media və QHT sahələrində öz dayaqlarını yaratmaq üçün on milyonlarla dollar həcmində vəsait sərf etdiyini də diqqətə çatdırıb:
“Mən mətbuatın və ictimaiyyətin diqqətini olduqca mühüm bir məsələyə yönəltmək istəyirəm. Rusiya xeyli müddətdir ki Azərbaycanda siyasət, mətbuat və QHT sektorunda öz dayaqlarını yaratmaq, vaxtı gələndə onlardan istifadə etmək üçün on milyonlarla dollar vəsait xərcləməkdədir.
Rusiyanın “Beşinci kolon”unu təşkil edən o cameə zəruri hallarda Moskvanın maraqlarına uyğun mövqe sərgiləməkdədir. Medianın davamlı və diqqətli monitorinqi nəzərdə tutulan dairələri müəyyənləşdirməyə imkan verir. Milli maraqlara söykənən media orqanlarının həmin dairələri ifşa edərək, onların pozuculuq fəaliyyətini ictimailəşdirmələrinə ciddi ehtiyac var”.
Müzakirə olunun mövzunu Yenicag.Az-a dəyərləndirən politoloq Elçin Mirzəbəylinin fikrincə, heç bir xarici ölkə və hansısa dövlətdə məskunlaşmış azərbaycanlı sabiqlər Azərbaycanın daxili-siyasi proseslərinə müdaxilə etmək, ictimai rəyə təsir göstərmək imkanında deyil:
“Növbəti prezident seçkiləri yaxınlaşdıqca, konkret ölkələrin, o cümlədən Azərbaycandan getmiş şəxslərin seçkilərlə bağlı bu və ya digər planları işə salmalarına dair məlumatların yayılması təəccüblü deyil.
İndiki halda bu çərçivədə hələ ki Rusiyanın və Abbas Abbasovun adı hallandırılır. Əlbəttə ki, Rusiyanın Azərbaycandakı daxili-siyasi proseslərə, prezident seçkiləri kimi ciddi siyasi kampaniyaya dövlət olaraq müdaxilə planı haqqında danışmağın yeri yoxdur. Bununla belə, Rusiyanın müəyyən siyasi dairələrinin Azərbaycan seçkilərinə istiqamətlənmiş plan hazırlamaları, kimlərisə bu planın icrasına cəlb etməkləri istisna deyil.
Qeyd edim ki, 2013-cü ildə Azərbaycanın radikal müxalifətinin qoşulduğu Milli Şura kimi antimilli layihə də həmin dairələrin “mətbəx”ində hazırlanmışdı. Bu dəfə isə Rüstəm İbrahimbəyovun əvəzinə Abbas Abbasovun irəli veriləcəyi haqda məlumatlar yayılır.
Mənim fikrim belədir ki, heç bir xarici ölkə və hansısa dövlətdə məskunlaşmış Azərbaycanın keçmiş məmuru ölkəmizin daxili-siyasi proseslərinə müdaxilə etmək, ictimai rəyə təsir göstərmək iqtidarında deyil. Zamanı gələndə, buna hamımız şahid olacağıq”.
A.Zeynalov
Yenicag.Az