!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkilərə hakimiyyətin “siqnal”ı ilə qatıldığımı iddia edənlər...” - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Hesab edirik ki, nəticəsindən asılı olmayaraq, seçkidə iştirak vacibdir”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində 11 aprel növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürməsinin səbəblərinə aydınlıq gətirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

– Dünənki qərarınıza qədər maddi problemlər üzündən seçkiyə qatılmadığınızı deyirdiz. Artıq seçkilərdə iştirak qərarı verdiyinizə görə kampaniya üçün pul tapdığınızı söyləmək olar?

– Cüzi miqdarda maliyyə resursu əldə etmişik. Bəzi yoldaşlar bizim seçki fondumuza müəyyən miqdarda yardım ediblər. Müəyyən dostlar da maddi dəstək olmağa söz veriblər. Ancaq bu vəsait normal seçki kampaniyası aparmaq üçün yetərli deyil. Ancaq bu vəsaitin imkan verdiyi səviyyədə kampaniya aparmağa çalışacağıq.

– 2013-cü il seçkilərində də, indi də prosesə gec qoşulduz. Qərarınızı bu qədər ləngitməyinizin səbəbi maraqlıdır…

– Burada əsas məsələ yenə də maliyyə ilə bağlıdır. Keçən dəfə və indi maddi məsələləri qismən də olsa yoluna qoyandan sonra seçkidə iştirak etmək qərarı verdik. Xaricdə dostumuz var, bizə maddi dəstək söz vermişdi. O şəxs bizə verdiyi vədi yerinə yetirməyənə qədər nə edə bilərdik? Yəni ki bu qərarların ləngiməsinin səbəbi sırf bizdən asılı deyildi.

– Seçkidə iştirak qərarınız açıqlanandan sonra sosial şəbəkələrdə gedən müzakirələrdə bu addımı “hakimiyyət daxilindən verilmiş siqnal”dan sonra atdığınız deyilir…

– Məsələn, nə siqnal?

– İddia olunur ki, xeyli gözlədikdən sonra hakimiyyətdən “xeyir-dua” verildi, siz də namizədliyinizi irəli sürdüz…

– Əvvəla, mənə qədər artıq on dörd nəfər namizədliyini irəli sürmüşdü. Yəni iştirak qərarı verənlərin sayı onsuz da çox idi. Belə olan halda mənə niyə siqnal verilməliydi ki? Təbii ki, bu iddiaların heç bir əsası yoxdur. Rusların kobud da olsa, yaxşı misalı var: adamlar özlərinin pozğunluq dərəcəsinə görə düşünürlər. Ona görə də hər kəs öz təcrübəsindən çıxış edərək danışır. Görünür, mənim haqqımda bu fikirləri deyənlərin özləri o cür siqnallarla hərəkət edirlər. Mən seçkilər təyin olunandan sonra İsa Qəmbərlə görüşdüm və dedim ki, seçkidə onu dəstəkləməyə hazırıq. Yəni bu seçkilərdə müxalifətin iştirak etməsinin tərəfdarı idik. Ancaq İranda səfərdə olarkən öyrəndik ki, Müsavat Partiyası seçkidə iştirak etməmək haqqında qərar verib. Yalnız bundan sonra özümüzün seçkidə iştirakı barədə düşünməyə başladıq. Hesab edirik ki, nəticəsində asılı olmayaraq, seçkidə iştirak vacibdir.

– İsa Qəmbərin namizədliyini dəstəkləməyə hazır olduğunuzu dediz. Namizədliyinizi irəli sürdükdən sonra Müsavatın və başqa hansısa partiyanın dəstəyinə ümid edirsiz?

– Açıq deyim ki, bu seçkidə hansısa partiyanın bizi dəstəkləməsinə ümid eləmirik. Heç onu da bilmirəm ki, seçki prosesində sona qədər iştirak edəcəyik, ya yox… Hələ ki proses davam edir. Həm də bu seçkidə nəyin bahasına olursa-olsun, qalib gəlmək niyyətimiz yoxdur. Müsavat seçkidə iştirak etməmək haqqında qərar veribsə, bizi necə dəstəkləyə bilər?

– Hər halda, mənəvi dəstək verə bilər…

– Bu başqa məsələdir. Artıq onların özündən asılıdır. İstəyərlər, mənəvi, ya da başqa dəstək verərlər, istəməzlər, verməzlər.

– Bayaq vurğuladız ki, seçkidə sona qədər iştirak etməyiniz hələ bilinmir. Bu bədbinlik nə ilə bağlıdır?

– Bilirsiz, adətən, Mərkəzi Seçki Komissiyası hər zaman müxtəlif bəhanələr tapır. Bilmirəm, onlar bizə sona qədər iştiraka imkan verəcəklər, ya yox… Süni əngəllər yaradılmasa, təbii ki, seçkidə sona qədər iştirak edəcəyik.

A. Zeynalov

www.yenicag.az

3068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv