Sədr qalmaq istəyirdilər, üzv belə ola bilməyəcəklər – Qanun lahiyəsinin üçüncü oxunuşu gənclər təşkilatlarını “odladı”

Milli Məclisdə “Gənclər siyasəti haqqında” qanuna təklif olunan yaş senzi ilə bağlı düzəlişlər ictimai sektorda birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, Milli Məclisdə haqqında danışılan qanuna “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə daxil edilmiş müddəa ilə razılaşmayan QHT rəhbərlərinin prezident İlham Əliyevə müvafiq müraciətlərindən sonra məsələ öz həllini tapmış kimi görünsə də, bu sevinc uzun sürməyib.

Nə qədər paradoksal olsa da, millət vəkilləri sözügedən düzəlişlərin ikinci oxunuşunda qeyd olunan məhdudiyyəti aradan qaldırsalar da, bunun əvəzində “baltanı lap kökündən vurublar”. Layihəni 3-cü oxunuşda müzakirəyə çıxaran deputatlar bu dəfə sənədə yaşı 35-ə çatan şəxslərin gənclər təşkilatlarına üzvlüyünə avtomatik xitam verilməsi barədə müddəa daxil ediblər.

Milli Məclisin haqqında danışılan qanuna bu əlavə bir sıra gənclər təşkilatını yenidən ayağa qaldırıb. Bir araya gələn müvafiq QHT sədrləri problemin aradan qaldırılması xahişi ilə prezidentə növbəti müraciəti ünvanlayıblar.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Yenicag.az-a açıqlamasında gənclər təşkilatlarına üzvlüklə bağlı 35 yaş məhdudiyyətinin tətbiqini yerli qanunvericiliyə, o cümlədən Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalara zidd olduğunu bildirib. Vəliyev ümid edir ki, prezident İlham Əliyev bu məsələ ilə bağlı ona edilmiş müraciəti müsbət dəyərləndirəcək:

“Bildiyimiz kimi, Milli Məclis tərəfindən 2002-ci ildə qəbul edilən və 2007-ci ildə müəyyən əlavə və dəyişikliklər edilən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa müasir dövrün tələb və çağırışlarına uyğun bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülüb və yaz sessiyasında bu dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, bizlərin – ardıcıl fəaliyyəti, dövlətçiliyimizə sədaqəti ilə seçilən aparıcı gənclərlə işləyən qeyri-hökumət təşkilatları rəhbərlərinin ciddi narahatlıq, narazılıq və etirazına səbəb olan bir məsələ də təəssüflər olsun ki, bu təklif olunan dəyişikliklər zərfinə daxil edilmişdi.

Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklif idi.

Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcə də Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları və Azərbaycanın inteqrasiya etdiyi Avropa təcrübəsinə də ziddiyət təşkil edirdi.

Bizlərin ciddi narahatlığına səbəb olan bu təklif təəssüflər olsun ki, əsaslı araşdırma aparılmadan, inkişaf etmiş ölkələrin təcrübələri və ən əsası Azərbaycanın fəal gənclər təşkilatlarının fikir və rəyləri öyrənilmədən hazırlanmış və Milli Məclisin plenar müzakirəsinə çıxarılmışdı. Biz 60-a yaxın gənclərlə işləyən qeyri-hökumət təşkilatları cənab Prezidentə və digər aidiyyatı üzrə instansiyalara müraciət ünvanladıq.

Buna müvafiq olaraq Milli Məclisin 2-ci oxunuşuna çıxarılan qanun layihəsindən – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsi çıxarıldı.

Lakin daha sonra qanun layihəsi 3-cü oxunuşa gedən ərəfədə heç bir ictimai müzakirə, dinləmə aparılmadan Qanuna 9-1-ci (Gənclər təşkilatları) maddəsinə “Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir” deyə yeni müddəa əlavə edilib. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər.

Biz yenidən 60-a yaxın gənclərlə işləyən qeyri-hökumət təşkilatı Cənab Prezidentə bu qanun layihəsi ilə bağlı müraciət ünvanladıq. Əminik ki, hər zaman olduğu kimi, bu məsələdə də cənab Prezident bizlərə örnək olan siyasi iradəsini bir daha nümayiş etdirəcək, gənclərlə işləyən qeyri-hökumət təşkilatlarına və onun rəhbərlərinə dəstək olaraq, Azərbaycan Konstitusiyasının ona verdiyi müstəsna hüququndan istifadə edərək, ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasında öz köməkliyini əsirgəməyəcək”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun sözlərinə görə, gənclər təşkilatlarına üzvlüklə əlaqədar 35 yaş məhdudiyyətinin tətbiqi bu sektorda ciddi boşluqların yaranmasına gətirib çıxaracaq ki, buna imkan vermək olmaz:

“Bildiyiniz kimi, gənclər təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə 35 yaş senzinin tətbiq edilməsi təklifi bu sahədə çalışan insanların əsaslı narahatlığına səbəb oldu və qadağanın aradan qaldırılması xahişi ilə cənab Prezidentə müraciət olundu. Bu müraciətin müsbət həllini tapdığını düşündüyümüz bir vaxtda isə qanunvericiliyə edilən dəyişiklik çox gözlənilməz oldu.

Əvvəlki dəyişiklikdə yaşı 35-dən çox olan şəxslərin gənclər təşkilatlarına sədr olmalarına qadağa qoyulurdusa, yeni düzəlişə görə, onlar artıq sıravi üzv də ola bilməzlər.

Biz bu dəyişikliyin ölkə Konstitusiyasının, o cümlədən, “QHT-lər (ictimai birliklər və fondlar) haqqında” qanunun tələblərini pozduğu qənaətindəyik və bununla razılaşmırıq.

Mən bu yaş məsələsi ilə bağlı Avropalı tərəfdaşlarla da müzakirə apardım və məlum oldu ki, sivil ölkələrin heç birində gənclər təşkilatlarına üzvlük, o cümlədən sədrlik məsələlərində heç bir məhdudiyyət yoxdur. O zaman sual yaranır, Azərbaycanda niyə belə bir addım atılsın ki?

Təsəvvür edin ki, Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın gənclər təşkilatı var və onların təqribən 120-sində sədrlər yaşı 35-i keçmiş şəxslərdir. Onlar bu sahədə uzun müddətdir fəaliyyət göstəriblər və geniş təcrübə qazanıblar. İndi onları birdən-birə bu sektordan uzaqlaşdırmaq nəyə lazımdır?

Hesab edirəm ki, bu qadağanın tətbiqi ölkədə gənclər hərəkatına ciddi zərbə vuracaq. Çünki təcrübəli insanların gənclər hərəkatından kənarlaşdırılması bu sektorda böyük boşluqlar yaradacaq.

Bir daha deyirəm, biz bu düzəlişi antikonstitusion addım sayırıq və onun aradan qaldırılması üçün cənab Prezidentə növbəti müraciətimizi ünvanlamışıq. İnanırıq ki, fəaliyyətində ümummilli maraqları hər zaman əsas götürən cənab Prezident bu məsələnin müsbət həllinə göstəriş verəcək”.

Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən YPIDA beynəlxalq təşkilatının İdarə Heyətinin üzvü Nihad Allahyarlı isə bildirib ki, Azərbaycan təcrübəsində indiyə kimi gənclər təşkilatlarının rəhbərləri 35 yaşdan yuxarı, hətta 60-70 yaşında şəxslər olub:

“Milli Məclisdəki müzakirələrdən sonra QHT-lər haqqında qanuna dəyişiklik oldu. Bu dəyişikliyin məqsədi ondan ibarətdir ki, gənclər təşkilatlarının rəhbərləri 35 yaşdan yuxarı olmasın. Ölkəmizdə gənclik yaşı 29-dur. Lakin ümumi Avropa, beynəlxalq təcrübədə gənclik 35 yaşa kimi qiymətləndirilir. Ona görə də, Azərbaycan beynəlxalq təcrübəni tətbiq etmək üçün qanunvericiliyə dəyişiklik etdi. Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı var. Bu təşkilatların rəhbərlərinin yenilənməsi ilə bu sferaya yeni nəfəs gələcək. Gənclərlə işləyən insanların gəncləşməsi ilə gənclərə yeni motivasiya gələcək”.

A.Zeynalov

COP29