!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Mehdiyevin DEMARŞI və ya gömrük şefinin “rastamojka”sız MÜSAHİBƏSİ – Araz Zeynalov yazır

!Reklam – Yazi

Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ötən həftəsonu Haqqın.az-da yayımlanan müsahibəsi boz-bulanıq gündəmə az-çox rəng qatdı. Mehdiyev bu müsahibəsində rəhbərlik etdiyi sahənin 2018-ci ildən sonrakı fəaliyyətini ətraflı dəyərləndirib. Əlbəttə ki, “öz ayranına turş deməmək” şərtilə…

Gömrük şefinin iddialı fikirləri arasında bəziləri xüsusilə fərqlənirdi: gömrükdə korrupsiya yoxdur və idxalda inhisarçılıq tamamilə aradan qaldırılıb. Yəni Mehdiyev Azərbaycanda çoxdan aksioma çevrilmiş həqiqətlər üçün sübut-dəlil tələb edib. Sən demə, gömrükdəki neqativ hallar və rüşvətxor, korrupsioner əməkdaşlar haqda məlumatları Mehdiyevə iş adamları çatdırmalıymış…

Gömrük rəisinin müsahibəsində vurğuladığı bu iki məqam mediada və ekspert cameəsində də yeni müzakirələrə yol açdı. Bu barədə fikir bildirənlərin mütləq əksəriyyəti Mehdiyevin məlum iddiasını yalanladı. Hətta əməkdaşlarının nə oyunlardan çıxdıqlarını görmək üçün onu gömrük məntəqələrinin qarşısına dəvət edənlər də oldu. Təbii ki getməyəcək… Söylədiklərinin “publika üçün oyun” olduğunu Mehdiyev hər kəsdən daha yaxşı bilir.

Gömrük rəisinin Eynulla Fətullayevlə söhbətindəki ən qalmaqallı məqam isə onun “bəzi deputatları qanunsuz biznes” fəaliyyətində suçlaması sayıla bilər. Sözsüz ki onun bu ittihamı “gömrükdə korrupsiya və inhisar yoxdur” iddiası ilə müqayisə oluna bilməz. Çünki Mehdiyev “bəzi deputatlar”, – deyə ad çəkməsə də, tükü tükdən seçən publika bu “daş”ın kimlərə atıldığını həmən müəyyən etdi. Bu ölkədə kimin nə işlə məşğul olduğunu aşağı-yuxarı hamı yaxşı bilir…

Amma deputat sıravi vətəndaş deyil ki, haqqı pozulanda müdafiəsiz qalsın. Ona görə də, Milli Məclisin bu gün keçirilən plenar iclasında Səfər Mehdiyevin hədəf taxtasına çıxarılmasında gözlənilməz heç nə yoxdur. Spiker Sahibə Qafarova isə arbitr funksiyasını üzərinə götürərək, deputatları “qanunsuz biznes” ittihamından, Mehdiyevi isə “fikirlərinin təhrif olunması”ndan qorumağa çalışıb. Qafarovaya inansaq, Mehdiyev onunla telefon söhbətində ittihamlarının deputatlara deyil, bəzi məmurlara ünvanlandığını deyib. Qısacası, gömrük şefi müsahibəsində səsləndirdiyi fikirlərdən imtina edib.

Lakin yuxarıda qeyd etdik axı, Mehdiyevin müsahibəsi Haqqın.az-da yayımlanıb. Sizcə, Eynulla Fətullayev kimi jurnalist kim tərəfindən olursa-olsun, peşəkarlığına kölgə salınması ilə razılaşardı? Yox! Haqlı olaraq, razılaşmadı da… Sahibə Qafarovanın izahatından sonra xüsusi bəyanat yayan Fətullayev Mehdiyevlə müsahibədə hər hansı təhrifə yol verilmədiyini, hətta müsahibinin səs yazısını təqdim edə biləcəyini açıqladı. Bununla da “top”u Milli Məclisin “meydança”sına göndərdi…

Fətullayevin bu bəyanatından sonra nə olacaq, bilmirəm. Məlum olan budur ki, gömrük orqanlarının fəaliyyətini mədh edən Mehdiyev “barıt”ın ölçüsünü itirib. Nəticədə Fətullayevlə söhbətində “rastamojka”sız ifadələri ilə özünə problem yaradıb. Gömrükdə rüsum adı altında sahibkarların başına nə oyun açıldığı məlumdur.

Bəs “rastamojka”sız ittiham Mehdiyevə neçəyə başa gələcək?

www.yenicag.az

1529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv