Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində jurnalistlərin şəhid ailələrindən şəhidlər haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin xüsusatlar üzrə Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Belə ki, araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyənləşib.
Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu kimi həssas hallardan sui-istifadə edərək qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacaqları ilə bağlı xəbərdarlıq edir.