Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərdar Cəlaloğlu: “Böyük dövlətlər II Dünya Müharibəsini indi İslam aləmində davam etdirirlər”

“Azərbaycan xalqına qarşı qırğınlar törətmiş Sovet ordusunun qələbəsini bayram etmək mənəviyyatsızlıqdır”

Yeniçağ.Az xəbər verir ki, bu gün Sovet ordusunun Hitler Almaniyası üzərində qələbəsinin 72-ci ildönümünün Azərbaycanda da hiss olunan təntənə ilə qeyd olunması birmənalı qarşılanmır.

1991-ci ildə SSRİ-nin süqutundan sonra postsovet ölkələrinin bir çoxunda Sovet dövründən qalan bəzi bayram günlərinə münasibət 180 dərəcə dəyişdi. O sırada xüsusi yer tutan tarixlərdən biri və bəlkə də ən çox mübahisə doğuranı 9 may “Qələbə günü”dür. Qeyd edək ki, Azərbaycanda 1992-93-cü illərdə – AXC iqtidarı dövründə 9 may-ın Qələbə günü kimi bayram edilməsi ənənəsinə son qoyuldu. Bununla belə, 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyindən sonra 9 may-ın yenidən rəsmi bayram günü statusu bərpa olunsa da, bu məsələyə ziddiyyətli yanaşma aradan qalxmır. 9 may tarixini bayram kimi qəbul edənlər mövqeni faşizm üzərində qələbəyə Azərbaycan xalqının da böyük töhfə verdiklərini əsas götürürlər. Bu tarixin əleyhdarları isə 1920-ci ildə Azərbaycanı işğal etmiş Sovet ordusunun qələbəsinin qeyd olunmasını yolverilməz sayırlar. Eyni zamanda, Şuşanın işğal tarixinin 8 maya təsadüf etməsi də bu mövqedə olanlara əlavə arqument verib.

Mövzu ilə bağlı Yeniçağ.Az-a açıqlama verən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, II Dünya Müharibəsinin başa çatdığını düşünmək yanlışlıqdır:

“Fəlsəfədə, sosiologiyada yaxın və uzaq qiymətləndirmə anlayışı var. Yəni vaxtilə baş vermiş müharibədə əldə olunmuş qələbə bir müddət sonra məğlubiyyət kimi qiymətləndirilə bilər. Eynilə müharibədə məğlubiyyətin də müəyyən zaman keçdikdən sonra qələbə hesab olunması ehtimalı var. Hindistanın o vaxtkı lideri Mahatma Qandi II Dünya Müharibəsi yekunlaşdıqdan sonra qalib dövlətlərin rəhbərlərinə yazdığı məktubda bildirirdi ki, bu münasibətlə sizi təbrik etmirəm. Qandinin fikrincə, müharibənin o cür yekunlaşması dünyanı yeni fəlakətlərə sürükləyəcək. Tarix Qandinin nə qədər uzaqgörən olduğunu təsdiqlədi.

Dünyanın indiki vəziyyətinə baxanda görürük ki, böyük dövlətlər II Dünya Müharibəsini hələ yekunlaşdırmayıblar. Hazırda Amerika, İngiltərə, Fransa, Rusiya və onlara qoşulan Almaniya II Dünya müharibəsini İslam aləminə keçiriblər. Yenə də Qandinin fikri ilə desək, II Dünya Müharibəsində faşizmin məğlubiyyəti bir Şərin başqa bir Şər üzərində qələbəsi idi”.

Cəlaloğlu hesab edir ki, Azərbaycan xalqına qarşı dəfələrlə qanlı qırğınlar törətmiş Sovet ordusunun istənilən qələbəsinin ölkəmizdə bayram edilməsi mənəviyyatsızlıqdır:

“Konkret deyirəm ki, o qələbəni qeyd eləmək mənəviyyatsızlıqdır. Ötən onillikləri kənara qoyuram: Azərbaycan xalqına 20 Yanvar faciəsini yaşadan, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən bir ordunun qələbəsi necə bayram edilə bilər? Çox təəssüf edirəm ki, Aəzrbaycanın yüz minlərlə övladları onlar üçün “süni vətən” kimi təlqin olunan Rusiya çöllərində həlak olublar. Azərbaycanın təbii sərvətləri o müharibə illərində xüsusilə talan edilib. Bunları necə unutmaq olar?”.

A.Zeynalov
Yeniçağ.Az

Loading...

www.yenicag.az

773