!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd döyüşləri fonunda siyasi partiyaların DAVRANIŞI – Partiya sədrlərindən MÖVQE

!Reklam – Yazi

Fərəc Quliyev: “Azərbaycanda siyasi mühit milli maraqlara əsaslanır və dövlətin yanındadır”.

Elçin Mirzəbəyli: “Demək olar ki, bütün siyasi qüvvələr ordunun, dövlətin və xalqın yanında olduğuqlarını bəyan etdilər”.

Araz Əlizadə: “Siyasi qüvvələr, əsasən, orduya və dövlətə dəstəkdirlər”.

İyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində işğalçı ölkənin təxribatı nəticəsində baş verən ağır döyüşlər fonunda ölkənin siyasi qüvvələrinin davranışları maraqla izlənilirdi. Xalqın bir araya gələrək, öz daxili həmrəyliyini yüksək səviyyədə nümayiş etdirdiyi bu günlərdə siyasi partiyalar da, əsasən, bu ruha uyğun mövqe tutdular.

Bu barədə Yenicag.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin fikrincə, yaranmış indiki vəziyyətdə ölkənin siyasi qüvvələri də milli maraqlardan çıxış etməlidirlər:

“Əvvəla, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. İctimaiyyətə və jurnalistlərə də vətənpərvərlik mövqeyindən çıxış etdikləri üçün təşəkkür edirəm. Çox sevindirici haldır ki, sıravi vətəndaşdan tutmuş məsul vəzifəli şəxslərə qədər yüksək səviyyədə həmrəylik var.

Üümumilikdə, bütün siyasi qüvvələr birmənalı şəkildə dövlətinin, ordusunun yanında olduqlarını nümayiş etdirdilər. Əlbəttə, ölkə daxilində “5-ci kolon” deyilən qüvvələr və xarici dövlətlərin maraqlarına xidmət edən çevrələr də var.

Dəyərləndirməm belədir ki, Azərbaycanda siyasi mühit milli maraqlara əsaslanır və dövlətin yanındadır. Göründüyü kimi, gücünü xalqından alan milli-demokratik düşərgə beş-on nəfərlik “maşa siyasətçi”lərdən, başqa dövlətlərin oyuncağı olan təşkilatlardan qat-qat güclüdür”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıın (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə Yenicag.az-a açıqlamasında bildirib ki, bəzi istisanlar olmaqla, siyasi qüvvələr dövlətin və xalqın yanında olduqlarını bəyan ediblər:

“Bəzi istisnalar olmaqla, demək olar ki, bütün siyasi qüvvələr ordunun, dövlətin və xalqın yanında olduqlarını bəyan etdilər. Prinsip etibarilə, bu yanaşma verilən bəyanatlarda da öz əksini tapdı. Kimin nə dərəcədə səmimi və ya qeyri-səmimi olduğunu deyə bilmərəm, ancaq göz önündə olan nəticə bundan ibarətdir.

Bizim bu məsələyə dair mövqeyimiz açıq idi və düşmənə daha ağır zərbə endirilməsinin tərəfdarı olduğumuzu bəyan etmişdik. Eyni zamanda, dövlətin və ordunun yanında olduğumuzu da bildirmişdik. Bu mövqe əksər siyasi partiyaların yanaşmalarında da öz əksini tapdı.

Məsələnin digər tərəfinə də nəzər salaq. Keçirilən aksiyalarda bizim və digər partiyaların üzvləri də fərdi qaydada iştirak edirdilər. Onlar məlum təxribatın qarşısını almaq üçün əllərindən gələni etməyə çalışırdılar. Təxribatçıların da kimlər olduğu artıq bəllidir və hansı dairələr trəfindən idarə olunduğunun yaxın zamanlarda açıqlanacağına şübhə etmirəm.

Həmin şəxslər eyni kampaniyanı bundan öncəki hadisələrdə də aparmışdılar. Düşünürəm ki, bəlli qüvvələrin cəmiyyətdə təfriqə yaratmaq xətti ortadadır. Hesab edirəm ki, dövlətin müvafiq strukturları bununla bağlı lzəruri addımları atacaqlar”.

Bu məsələni Yenicag.az-a dəyərləndirən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə geniş danışmağa ehtiyac görməyib:

“Siyasi qüvvələr, əsasən, orduya və dövlətə dəstəkdirlər. Ancaq bulanıq suda balıq tutmaq istəyənlər də var. Mən onları xəyənatkar adlandırıram. Onların əməli ancaq milli xəyanətdir. Onlara qarşı ciddi tədbirlər görülməlidir”.

Aqil Bəkir

www.yenicag.az

934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv