“Sərhəd qoşunları bunun cavabını artıqlaması ilə verəcək” – Hərbi ekspertdən şəhid xəbərlərinə REAKSİYA
“Erməni tərəfi bildiyi halda ki, bir əsgərimizi vurmaqla özləri bir neçə itki verəcək, yenə də bu təxribatı törədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qazax istiqamətində Sərhəd Qoşunlarının əsgərinin şəhid olmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.
Tərlan Eyvazovun sözlərinə görə erməni tərəfi Sərhəd Qoşunlarının ötən ildən etibarən orada möhkəmlənməsini həzm edə bilmir:
“Sərhəd Qoşunları ora yerləşəndə əvvəlcə iddia etdilər ki, sərhədçilər ərazi ilə tanış deyillər, bu iş çox çətin olacaq. Şəxsən mən o ərazidə olanda gözlərimlə gördüm ki, sərhədçilər əvvəlki istehkamlardan daha düzgün, daha etibarlı istehkamlar qurublar. Təbii ki, sərhədçilər bu işi Milli Ordudan daha yaxşı bilirlər.
Sərhədçilər əraziyə yerləşdikdən sonra iki istiqamətdən irəliləyərək möhkəmləndilər. Babakar yüksəkliyini ələ keçirən sərhədçilərimiz ərazidə üstünlük əldə etdilər. Bu, təbii ki, erməni tərəfini narahat etməyə bilməzdi. Ona görə də, daima orada olan sərhdçilərimizi atəşə tuturlar. Bundan əlavə, erməni tərəfinin bu addımı atmaqda məqsədi KTMT-yə üzv olan ölkələrə yalandan Azərbaycanın onların sərhəddini pozduğunu göstərmək istəmələri və bununla da Azərbaycana qarşı hərbi, siyasi təzyiq edilməsinə nail olmaqdır”.
Hərbi ekspert bildirib ki, ölüm faktları bəzən hərbçilərimizin ehtiyatı əldən verməsi üzündən də baş verir:
“Bizim üçün hər şəhid böyük itkidir. Cavabında qarşı tərəfdən bir neçəsi öldürülsə də, itkimiz çox böyükdür. Əminəm ki, sərhəd qoşunları bunun cavabını artıqlaması ilə verəcək”.
Qeyd edək ki, son bir həftə ərzində eyni istiqamətdə sayca ikinci şəhid vermişik.
Səxavət Məmməd