Sərkisyanın Qərblə yaxınlaşma imitasiyası: Ermənistan özbaşına deyil…

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin payızda Avropa İttifaqı (Aİ) ilə razılaşma imzalayacağını bəyan edib.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Serj Sərkisyan bu barədə ümumerməni gənclər hərəkatının üzvləri ilə görüşündə danışıb:

“Bəli, biz o sənədi payızda imzalayacağıq. Bu barədə ona görə əminliklə danışıram ki, sənəd artıq təsdiqlənib. O sənədi imzalamamaq üçün əsasımız yoxdir”.

Sərkisyan əlavə edib ki, Ermənistanın istər Avrasiya İqtisadi Birliyi, istərsə də Aİ ilə əməkdaşlığı problem yaradacaq məsələ deyil.

Ermənistan prezidentinin Aİ ilə anlaşmanın imzalanacağını əminliklə bildirməsi İrəvanın Qərblə yaxınlaşmaq niyyətinin ciddiliyi haqda qənaətlərə müəyyən təkan verib.

İşğalçı ölkənin Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı və ümumiyyətlə, işğalçı ölkədə Rusiya əleyhinə əhval-ruhiyyənin güclənməsi Ermənistanın üzünü Qərbə çevirməsi kimi qiymətləndirilməkdədir.
Lakin Ermənistanın mövcudluğunun Rusiyadan birbaşa asılı olduğunu nəzərə alsaq, ölkənin Qərblə yaxınlaşmaq görüntüsü yaratması İrəvanın növbəti imitativ gedişi hesab olunmalıdır.

Ermənistanın Qərblə yaxınlaşmasının mümkünlüyü ehtimalını Yenicag.az-a dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı işğalçı ölkənin Rusiyadan “qopmasının” imkan xaricində olduğunu deyib:

“Ermənistan özbaşına deyil ki, Rusiyanın təsir dairəsindən çıxmağa cəhd eləsin. Son zamanlar onların Qərbə yönələn bəzi addımları da razılaşma əsasında atılır. Çünki əksini etməyə çalışsa, Qərb Ermənistandan üz döndərər. Eyni zamanda, Ermənistan hakimiyyəti Qərbdəki güclü erməni diasporundan çox ehtiyatlanır.

Çünki erməni diasporu maddi yardımları dayandırarsa, ermənilər sözün tam mənasında ac qalarlar. Bu mənada Ermənistanın guya Rusiyanın təsirindən çıxmağa cəhd imitasiyası başa düşüləndir və bu hallar gələcəkdə də müşahidə olunacaq.

Bu fikirlərin təsdiqi kimi, erməni politoloqlarından birinin “Facebook”da paylaşdığı statusdam bəzi seçmələri nəzərinizə çatdırmaq istəyirəm:

“Gələn il ərazilərin geri verilməsi ilə bağlı ilk mərhələnin başlaması ehtimalı böyükdür. Bu proses Dağlıq Qarabağın cənubundan başlayacaq. Dağlıq Qarabağın İranla olan sərhədini ruslar nəzarətə götürəcəklər.

Bugünki vəziyyət həm İsrail və həm də Rusiya üçün yolverilməz hesab olunur, onlar indi razılığa gəliblər ki, hərbi əməliyyatların birinci hissəsi ilə heç olmasa Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli (bəlkə Ağdam da) Azərbaycana təhvil verilsin. Özü də belə bir şərtlə ki, bura məsələnin son həllinə qədər demilitarizasiya zonası olsun.
Bu isə o deməkdir ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsinin son nəticəsinə qədər Azərbaycan ordusu buraya girməyəcək, İranla sərhəd müvəqqəti olaraq Rusiya sərhədçiləri tərəfindən qorunacaq”.

Baxın, belə fikirlər məqsədli şəkildə dövriyyəyə buraxılır. Ümumiyyətlə, ermənilər informasiya məkanında peşəkar provokatorluqlarını davam etdirməkdədirlər. Biz isə bir çox hallarda onların bu saxta informasiya toruna düşürük.

Əslində, Rusiya ilə Ermənistan arasında heç bir anlaşılmazlıq yoxdur – nə Qarabağ məsələsində, nə də digər sahələrdə… Onlar strareji ortaqlıqlarını davam etdirməkdədirlər”.

A.Zeynalov
Yenicag.az

COP29