Tanınmış QHT rəhbərlərindən olan TUMİB başqanı Çingiz Bayramov üç-dörd gün əvvəl maraqlı bir status paylaşıb. Çingiz bəyin yazdığına görə, arağı su yerinə içən bir dostu bu mübarək ayda oruc tutub, günahlarının bağışlanması üçün Allaha dua edir. Hadisənin maraqlı tərəfi isə odur ki, bir həftə əvvəl orucunu açmaq üçün üz tutduğu restoranda həmin adama pivə təklif ediblər. Ofisiantlar içkiyə meylli olan bu müştərinin oruc tutduğunu ağıllarına gətirməyiblər…
Mən həmişə bu cür hadisələrdən xəbər düzəltməyin əleyhinə olmuşam. Allahın tövbə qapısı açıqdır. Allahla bəndənin arasına girməyə kimsənin ixtiyarı yoxdur. Anadoluda yaxşı bir söz var: hər qoyunu öz ayağından asırlar. Yəni, hər kəs öz əməlinə görə cavab verəcək. Əsas odur ki, bəndə səhvini başa düşüb, ziyanın yarısından qayıtsın. Bizim dinimiz humanistdir, günahlarının bağışlanması üçün insana son nəfəsinə kimi şans verir.
Peyğəmbərimiz buyurub ki, ağıla sərxoşluq verən hər şey haramdır. Amma insanı günaha batıran təkcə araq deyil. Yalan, zina, rüşvət, qeybət də haramdır. Oruc tutan adam heç olmasa bir ay bu cür pis vərdişlərdən uzaq olur. Bəzən bu bir ay insanın həyatını dəyişir, onu pis əməllərdən ömürlük uzaqlaşdırır. Oruc tutmaq insanın iradəsini möhkəmləndirir, onun xarakterində müsbət dəyişikliklər yaradır. Adam tanıyıram ki, oruc tutmağın sayəsində siqaret kimi böyük bir bəladan xilas ola bilib. Araqla, qumarla, zina ilə, o cümlədən, digər ps vərdişlərlə məhz Ramazan ayında vidalaşan adamlar var. Ramazan ayında həm də qocalar evindəki valideynini geri qaytaran, 40 il küsülü olduğu qardaşı ilə barışan, dostu ilə aradakı umu-küsüyə, qonşusu ilə düşmənçiliyə ömürlük son qoyan adamlar da var. Bu cür faktlar məni hədsiz dərəcədə sevindirir. Axı əksər cəmiyyətlər üçün xarakterik olan bu cür problemləri heç kim bizim əvəzimizdən həll etməyəcək. Ölkəmizdə sağlam mənəvi mühitin qeydinə biz özümüz qalmalıyıq.
On bir ay içki içib, bir ay oruc tutan adamları aşağılamağın, ələ salmağın qəti şəkildə əleyhinəyəm. Təəssüf ki, bəzi yazar dostlarımız, ictimai mühitdə fəal olan ayrı-ayrı adamlar da bu kampaniyada iştirak edirlər. Bir qədər də açıq danışmaq istəyirəm: şərti adı Məmmədxan olan tanışımız 11 ay araq içib, bir ay günahlarının bağışlanması üçün Allaha dua edirsə, burda pis nə var? Bu Məmmədxan kişi hər gün araq içsə, bundan cəmiyyət nə qazanacaq? Araq şüşəsinin dibində yatıb xoşbəxt olan, ailəsini, uşaqlarını ağ günə çıxaran bircə adam tanıyırsınızmı? Araq həmişə kişini arvad, atanı övlad yanında başıaşağı edib. Siz hər gün araq içib, nə qazanmısınız? Mən hələ görməmişəm ki, hər gün araq içən adamın əlinə zurna verib, məclisdə başa keçirsinlər…
Yenicag.az