Bu gün xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyovun doğum günüdür. O, nə az, nə çox “75”in kürəyini yerə vurur.
Şeyx doğum günü təəssüratlarını Yenicag.az-la bölüşüb.
– Necəsiz, yubiley günündə özünüzü necə hiss edirsiz?
– Əla. Elə indicə yubileyim münasibəti ilə Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirdən gəlirəm. Çox sevincliyəm. Ramazan bayramından sonra böyük tədbir də keçirəcəklər.
– “75”i sizə heç cürə yaraşdıra bilmirəm. Belə formada qalmağınızın sirrini bəlkə bizə də açasınız?
– Üç səbəb var. Birincisi, həmişə sözümü kişi kimi demişəm. İkincisi, genetikamız belədir. Babamın ürəyini partladıb öldürsələr də, nənəmgil çox yaşayıb. Üçüncü səbəb də ailəmdir.
– Yaş, rəqəm sizi qorxutmur ki?
– Qətiyyən. Bunu dostlarım da bilir. Ölümün gözünün içinə dik baxıram, nə vaxt gəlir, gəlsin. Allah nə qədər möhlət veribsə, yaşayacam. Fəxr edirəm ki, belə bir nəslin övladıyam.
– Ən çox hansı yaşınızı sevmisiniz?
– Allahın verdiyi ömrün hər anını, hər dəqiqəsini sevirəm və şükür edirəm.
– Bəs xiffətini çəkdiyiniz ən yadda qalan doğum gününüz hansı yaşa təsadüf edib?
– Dostlarımla keçirdiyim doğum günlərimi xatırlayıb, çox kövrəlirəm. Onda ustadım Ədil İsgəndərov, sənət dostlarım Səməndər Rzayev, Şahmar Ələkbərov, Fuad Poladov və digərləri sağ idi. Dostların “kruqunda” yeyib-içib, kef eləmişik. O günlərin xiffətini çox çəkirəm.
– Həmin dostlar barədə film çəkməyi düşünürsünüzmü?
– Yaxın günlərdə öz həyatım barədə bir film çəkiləcək. Dostlar da orada yer alacaq. Kinostudiyada mərhum dostlatrımın fotoları asılıb. Mən də onların qarşısında dayanacam. Ustadım Ədil İsgəndərovun qarşısında deyəcəm: “Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?..” Məni çox danışdırma, qəhərlənirəm.
Cəvahir