!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi çaxnaşmaların yaratdığı İQTİSADİ BÖHRAN: Qızılın dəyəri nədən sürətlə bahalaşır? – SƏBƏB

!Reklam – Yazi

“Qızılın dəyərinin dünya bazarında sürətlə bahalaşmasının əsas səbəbi potensial iqtisadi böhran riskləridir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında qızılın dəyərinin yüksəlməsi və mümkün risklər barədə danışan iqtisadçı Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, 2024-cü il bir sıra aspektdən riskli və təhlükəli il hesab olunur.

“Qızılın dəyərinin dünya bazarında sürətlə bahalaşmasının əsas səbəbi potensial iqtisadi böhran riskləridir. Nəzərə alınmalıdır ki, son altı ayda qiymətlər 25 faiz, son bir ayda isə 12 faizə qədər bahalaşıb. Bir ünsiya qızılın dəyərinin 2300 dollar ətrafında dəyişməsi iqtisadi riskdir. 2024-cü il bir sıra aspektdən riskli və təhlükəli il hesab olunur. Dünya əhalisinin yarısı seçkilərə gedərək demokratiyanın qalib çıxmaması ilə bağlı ciddi narazılıqlarını bildirirlər”, – deyə o əlavə edib.

İqtisadçı qeyd edib ki, bunun yaradacağı yenidən konservativ iqtisadi siyasətlərə dönüş riskləri investorlar tərəfindən qiymətləndirilir:

“Eyni zamanda, investorlar tərəfindən dünyada baş verən proseslər-konfiliktlərin, Çin-Tayvan münasibətlərindəki gərginləşməsi risklərini də gözdən keçirirlər. Bütün bu hallar özlüyündə potensial böhran riskini formalaşdırır. Bu da investorlar tərəfindən daha təhlükəsiz alətlərə yönəlməsinə, qızıl alışını artırmasına və beləliklə qızıl qiymətinin kəskin şəkilədə bahalaşmasına səbəb olur. Bütün bu proseslərə baxsaq, hazırda qlobal böhran riski gözləniləniləndir. Lakin əgər siyasi uzlaşma təmin olunarsa iqtisadi böhrandan yayınma mümkün olacaq”.

Mövzu barədə Yenicag.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov isə deyir ki, istənilən artım qlobal qeyri-müəyyənliklərin, çaxnaşmaların artması səbəbindən baş verir:

“Hazırda qızılın qiyməti birjalarda rekord həddə çatıb. Qızılın qiymətinin yüksəlməsi hər zaman birjalarda gəlirlərin azalması ilə paralel baş verir. Birjalarda səhmlərdən gələn gəlirlər azaldıqda, ümumi iqtisadi aktivlik aşağı düşdükdə, böhranın ilk əlamətləri özünü göstərdikdə insanlar alternativ investisiyalara- səhmlərə, qiymətli kağızlara, qızıl hesabına investisiya payını artırırlar. Bu da bütün investorlar tərəfindən qızıla olan tələbatı artırdığına görə, onun qiymətində yüksəlmə baş verməsinə səbəb olur. Lakin məsələ bundadır ki, bu dəfə birjada səhmlərin qiymətləri də aşağı deyil.

Adətən səhmlərin gəlirlərinin enəcəyi gözləndikdə onların dəyəri aşağı düşür. İnsanlar səhm əvəzinə qızıl almağa başlayırlar. Lakin bu dəfə vəziyət olduğu kimi deyil. Bu da onu göstərir ki artım qlobal qeyri-müəyyənliklərin, çaxnaşmaların artması səbəbindən baş verir. Tarixdə hər zaman siyasi çaxnaşmalar artdıqca qızılın qiyməti artır. Belə görünür ki, bu dəfəki yüksəlmənin səbəbi Ukraniyada və digər yerlərdə baş verən müharibələrdir. Bildiyimiz kimi dünyada ən çox izlənilən mərkəzi bank ABŞ-ın Federal Ehtiyatlar bankıdır. Bu bankın iyun ayında faiz dərəcələrini aşağı salacağı gözlənir. Bu faiz dərəcələrin aşağı enməsi qızıl qiymətinin artması ilə müşahidə olunur. Başda Çin olmaqla digər dövlətlərin öz qızıl payını artırması da qızıla olan təlabatı xeyli artırır”.

İsmayıl Bakuvi

www.yenicag.az

1336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv