Reklam

Reklam

Hər il problemli məhbus məsələsi ilə bağlı istər Azərbaycanda, istərsə də xaricdə hüquq müdafiəçiləri müxtəlif siyahılarla çıxış edirlər. Beynəlxalq təşkilatlara təqdim edilən siyahılar bu sahədəki pərakəndəliyi bir daha sübut etmiş olur.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan millət vəkili Çingiz Qənizadə deyib ki, Azərbaycan müxalifəti hansı vəziyyətdədirsə, insan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatları da o vəziyyətdədir:

“Yəni, bunlar arasında birlik yoxdur, mənəm-mənəmlik var və hər biri ayrılıqda favorit olmaq istəyir. Təbii ki, belə təşkilatların içərisində həm ədalətli, həm də ədalətsiz mövqedən çıxış edənlər var. Bir qrup qeyri-hökumət təşkilatları evdə oturub, ancaq mətbuatda gedən informasiyalarla “siyasi məhbus” siyahısı düzəldirlər və say da həddən artıq şişirdilir. Dəfələrlə Avropa Şurasında olanda da bildirmişik ki, müzakirə olunub, ortaq məxrəcə gəlinəndən sonra problemin olması ilə bağlı məsələ qoyulmalıdır. Əvvəla bilirsiniz ki, siyasi məhbus anlamı qəbul olunmur. Bu kriteriyanın özünün nə olduğunu Avropa Şurası tam analiz edib, ortaya qoya bilməyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda da problemli məhbuslarla bağlı bir İşçi Qrupu yaradılıb. Haradasa məhkəmə hakimiyyətində problemlər olduğuna görə məhbusların da problemi var ki, İşçi Qrupa müraciət edirlər. Onların azad olunması istiqamətində İşçi Qrupunda formalaşan qeyri-hökumət təşkilatları ortaq bir siyahı əldə edə biliblər. Bu siyahı da hər il Prezident Administrasiyasına təqdim edilir və xahiş olunur ki, cənab Prezident əfv fərmanı imzalayarkən bizim qaldırdığımız məsələlərə diqqət yetirsin. Hətta elə olub ki, dövlət başçısının sərəncamının preambula hissəsində “qeyri-hökumət təşkilatlarının təqdimatı əsasında” sözləri qeyd edilib”.

Ç. Qənizadə əlavə edib ki, Azərbaycanda evində və ya xaricdə oturub siyahılar hazırlayırlar:

“Sanki siyasi məhbus adı altında alver edirlər, qrantlar alırlar, beynəlxalq təşkilatlarda görüşlər keçirirlər və s. Xatırlayıram ki, biz İşçi Qrupunda müzakirə edərkən tərəflərdən birinin hazırladığı siyahıda adı “siyasi məhbus” kimi qeyd edilən şəxs Yevlaxda narkotiklə bağlı həbs edilmiş adam oldu. Həmin məhbus özü bizə etiraf etdi ki, bir nəfər dedi və mən də yazmışam. Bax belə hallar var. Bu siyahıların artması təbiidir, insan haqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarının içərisində sırf bu sahəyə biznes kimi baxan insanlar var. Belə insanların marağı odur ki, siyahı artsın, beynəlxalq təşkilatlar buna maraq göstərsinlər və onlar da pul alaraq həyatlarını qursunlar. Ona görə də bu sahədə birlik olmayacaq”.

Bəxtiyar
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 104
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."