!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi şərhçilərdən Erkin Qədirlinin çıxışına REAKSİYA: "Bu il növbədənkənar parlament seçkilərinin keçirilməsi..."

!Reklam – Yazi

Milli Məclisin deputatı Erkin Qədirlinin parlamentin tərkibinin demokratik seçki yolu ilə formalaşdırılmadığı ilə bağlı açıqlaması ətrafında müzakirələr davam etməkdədir. Bəzi ekspertlərə görə, deputatın bu çıxışı məqsədlidir və bu il növbədənkənar parlament seçkilərinin keçirilməsinə istiqamətlənib.

Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkiləri ilə bağlı 2021-ci ildən müxtəlif şayiələr yayılmaqdadır:

“Deputatın məlum çıxışı ilə bu il növbədənkənar parlament seçkilərinin keçirilməsi arasındakı bağlılığın nə dərəcədə olduğunu deyə bilmərəm. Ümumiyyətlə xarici ölkədə çıxış edərkən ehtiyatlı olmaq lazımdır. Məlumdur ki, hazırda Azərbaycana qarşı erməni diasporası tərəfindən ciddi şəkildə genişmiqyaslı informasiya müharibəsi aparılır və Qərbin bir çox beyin mərkəzləri tərəfindən erməni diasporası ələ alınıb. Onlar analitik yazılarla ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Sözsüz ki, məlum çıxış yaxşı hal deyil. Bu çıxışdan Azərbaycana qarşı istifadə edilə bilər. Hər halda kimsə hüquqi cəhətdən olduğu yerə layiq olduğunu düşünmürsə, o yerdən imtina edə bilər.

Növbədənkənar parlament seçkilərinə gəlincə, 2025-ci il dünyada olduqca qeyri-sabit bir dövr olacaq. Hazırda isə bir çoxlarının başı Ukraynadakı müharibəyə qarışıb. Rusiya Ukrayna məsələsinə köklənib, İran daxili proseslərlə məşğuldur, Avropa İttifaqı və ABŞ isə Rusiya və Çinin durdurulmasına can atır.

Ona görə də bu ilin növbəti ayları Azərbaycanın öz məqsədlərinə çatması üçün məqbuldur. Əgər məqsədəuyğun hesab olunarsa, bu il növbədənkənar parlament seçkilərinin keçirilməsi də istisna olunmur”.

Politoloq Tural İsmayılov isə öz növbəsində qeyd edib ki, siyasi kimliyindən asılı olmayaraq, millət vəkilləri öz açıqlamalarında kifayət qədər diqqətli olmalıdırlar:

“Deputat Erkin Qədirlinin son açıqlaması təəssüfedici hesab edilməlidir. Azərbaycanda keçirilən seçki prosesi ətrafında sırf müxalifətçi millət vəkili obrazını qabartmaq üçün bu cür açıqlamaların verilməsi doğru deyil. Deputatın çıxışının növbədənkənar parlament seçkilərinin keçirilməsinə hədəfləndiyini düşünmürəm. Hazırda Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı hansısa plan yoxdur. Əgər növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verilərsə, bunun üçün Erkin Qədirli timsalında hansısa millət vəkilinin absurd açıqlamalarına ehtiyac duyulmaz. Ümumilikdə bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini düşünmürəm”.

Gülşən Şərif

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv