“Siyavuş Novruzov kimiləri maariflənsələr yaxşıdır” – “Müsavat” funksioneri

Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov Müsavat partiyasından söz açıb:

“İndiki Müsavat Partiyası özünü Rəsulzadənin davamçısı hesab etməsin. Bunlar tamamilə ayrı-ayrı təşkilatlardır. O vaxtkı Müsavat partiyası xalqın partiyası idi”.

Yenicag.az-a açıqlamasında deputatın bu fikirlərinə münasibət bildirən Müsavat Partiyası başqanının müavini Elman Fəttah qeyd etdi ki, YAP funksioneri başdan-ayağa yalan danışır:

“Siyavuş Novruzovun dediklərində yalnız bir cümlə doğrudur, Müsavat Partiyası həqiqətən də xalqın partiyasıdır. Çünki Müsavat Partiyası yarandıqdan sonra Azərbaycan dövləti yaranıb. Azərbaycan dövlətinin qurucusu Müsavat Partiyasıdır. Dövlətin bütün ideoloji təməli, siyasi, fəlsəfi əsasları da tamamilə müsavatçılıqla bağlıdır. Bu gün dalğalanan üçrəngli bayrağımız daha əvvəl Müsavat Partiyasının bayrağı olub. Azərbaycan xalqının 90 faizindən çoxu bunu anlayır və müsavatçılığa bağlı siyasi təfəkkürə sahibdir.

Siyavuş Novruzovun tutuquşu kimi əzbərlədiyi, “o vaxtkı Müsavat, bugünkü Müsavat Partiyası” cümləsinin özü də başdan-ayağa yanlışdır. Çünki Müsavat Partiyası vahiddir, onun “o vaxtı”, “bu vaxtı” yoxdur. Müsavat 1911-ci ildə yaranıb. Bolşevik işğalından sonra fəaliyyətini fasiləsiz olaraq xaricdə davam etdirib. Partiyanın fəaliyyəti 1992-ci ilə qədər davam edib. Həmin ildən başlayaraq, partiya öz fəaliyyətini Azərbaycana köçürərək, burada davam etdirib. Müsavatın o zamankı rəhbərləri sənəd və möhürlə birlikdə Azərbaycana gələrək, partiyanın Vətəndə III Bərpa Qurultayının keçirilməsində iştirak ediblər. Burada da partiyanın başqanı İsa Qəmbər seçilib. Fəaliyyətimiz bu səpkidə ardıcıl, fasiləsiz və kəsintisiz şəkildə davam edir. Bir Müsavat Partiyası var və bu gün onun 106 yaşı qeyd olunur. Siyavuş Novruzov kimiləri arxivlə tanış olaraq maariflənsələr yaxşıdır.

Heydər Əliyevin hakimiyyəti dövründə, 1995-ci ildə Novruzov kimiləri varisliklə bağlı məsələ qaldırmışdı. Lakin H. Əliyevin nəzarətində olan Azərbaycan Məhkəməsi belə “bu Müsavat Partiyası, o Müsavat Partiyası” anlayışlarının olmadığını, Müsavat Partiyasının davamlı olduğunu məhkəmə qərarı ilə təsdiq etdi”.

ELÇİN

COP29