“Siyavuş Novruzova ciddi təzyiqlər olub” – YAP-çı deputatın sensasion müraciətinə REAKSİYA

“Nədən belə ehtiyatsız ifadə işlətmisən ki, Vidadi İsgəndərli onu əlində bayraq edib danışır?”

Yenicag.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov ölkə müxalifətinin liderlərinə gözlənilməz müraciət ünvanlayıb.

Novruzov musavat.com-da yayımlanan müraciətində özünün və təmsil etdiyi siyasi qüvvənin öz fəaliyyətində söyüş-təhqirə əl atmadığını bildirib:

“Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya da Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bizim onlar haqqında bir dəfə də olsun təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?
Ayaz Mütəllibova, Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciə edirəm. Onu bu hərəkatda görüblərsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm.

Cəmil Həsənliyə müraciət edirəm. Sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs, heç nə deməyib. Kimsə deyibsə, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil.

Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyev… onların hər birinə müraciət edirəm. Biri desin ki, onun özü, ya da ailə üzvü haqqında indiyə qədər nə isə deyilib.

Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim. Tahir Kərimi məhkəmə sədri ola-ola Milli Azadlıq Hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ailə üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?”

Göründüyü kimi, Siyavuş Novruzovun müraciətində müstəqilliyin bərpasından əvvəlki və sonrakı dövrdə siyasi meydanda olmuş bütün şəxslərin adı hallandırılır.

Daha doğrusu, Novruzov özünün və mənsub olduğu siyasi düşərgənin “söyüş siyasəti”nə əl atmadığını təsdiqləmək üçün həmin şəxslərin şahidliyini xahiş edir. Bu isə Novruzovun belə bir müraciətlə çıxış etməsini şərtləndirən amillərin ciddiliyindən xəbər verir.

Xatırladaq ki, bir neçə gün əvvəl artıq xeyli müddətdir, Fransada yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir edilməsinə dair məlumat yayıldı. Bu xəbər gündəmi dəyişməklə yanaşı, həm də geniş etirazlara səbəb oldu.

Bu barədə açıqlama verən Novruzov həmin rəzil hərəkəti “İsgəndərlinin dövlət əleyhinə fəaliyyətinə qarşı qisas” kimi qiymətləndirmişdi. YAP-çı deputatın son müraciətinə əsasən söyləmək olar ki, sözügedən açıqlaması onun özünə problem yaradıb.

Mövzu ilə bağlı Yenicag.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Siyavuş Novruzovun az qala, seytnot vəziyyətində müxalifət təmsilçilərinə müraciət ünvanlaması deputatın “yuxarı”ların ciddi tənbehi ilə üzləşdiyini söyləməyə əsas verir:

“Bilmək istəyirsizsə, bunun arxasında Siyasvuş Novruzova təzyiq var. Xatırlayırsızsa, bir neçə gün əvvəl Novruzovun məlum hadisə ilə bağlı ehtiyatsız açıqlaması olmuşdu. Hiss olunur ki, o açıqlamadan sonra Siyavuş Novruzova ciddi təzyiqlər oldu və o da nəticədə həmin müraciətlə çıxış etdi.

Ancaq onun müraciəti birtərəflidir və yalnız özü ilə bağlı məqamı qabardır. Müxalifətdə elə bir şəxs qalmayıb ki, Novruzov müraciətində ona xitab etməsin. Soruşur ki, hakimiyyət indiyə kimi sizi söyübmü? Ancaq söhbət konkret bir söyüşdən getmir ki… Gərginliyin bu həddə çatmasının səbəbləri var.

Azərbaycan siyasətinə söyüş təqribən 90-cı illərin sonlarında “Kuklalar” verilişi ilə gətirildi. Ondan sonra şəxsi münasibətlərdən doğan gərginliklər, şəxsi həyata müdaxilə və sair halları yarandı. Son olaraq isə xaricdə məskunlaşan bir fəalın ailəsinə qarşı təzyiqlər başladı. Bu da öz növbəsində qarşılıqlı söyüşmə ilə nəticələndi. Bu, əlbəttə ki, çox pis haldır.

Mən təqribən 10 gün əvvəl yazmışdım ki, üz-üzə dayanan tərəflərin bu cür hərəkətləri qəbulolunmazdır. Çünki bütün bunlar həm milli, həm dini, həm də bəşəri dəyərlərə ziddir və bu tendensiyanı dayandırmaq lazımdır.
Ancaq bu arzuedilməz gedişatın dayandırılması üçün Siyavuş Novruzovun açıqlaması yetərli deyil. Hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələni hüquqi baxımdan həll etməli və problemin nəzarətdə saxlandığını göstərməlidirlər.

Buna baxmayaraq, televiziyalarda bu məsələ haqqında əlavə ifadələr işlədildi, bəzi deputatların timsalında uyğunsuz şərhlər verildi və sair. Ona görə də məsələ nəinki səngimədi, əksinə, bir az da böyüdü.

Fikrimcə, problemin aradan qalxması üçün birtərəfli müraciətlər yetərli deyil. Bunun üçün tərəflər öz səhvlərini etiraf edərək, belə halların təkrarlanmamasına qərar verməlidirlər. Əgər bu iş prezident seçkilərinin debatlarına qədər irəliləsə, o zaman nəticə daha da pis olacaq: gərginlik, qarşılıqlı nifrət xeyli güclənəcək. Bunun qarşısı indidən alınmalıdır”.

Həmsöhbətimizin fikrincə, Novruzovun sözügedən müraciətini hakimiyyətdaxili qrupların rəqabəti ilə əlaqələndirmək doğru olmazdı:

“Bu, hakimiyyətdaxili qruplar arasında olan bir məsələ deyil. Aydındır ki, istinad Siyavuş Novruzova olduğuna görə ondan elə bir müraciətlə çıxış etməsi tələb edilib. Şəxsi fikrim bundan ibarətdir. Yəni Novruzova “Nədən belə ehtiyatsız ifadə işlətmisən ki, Vidadi İsgəndərli onu əlində bayraq edib danışır?” kimi suallar verilir.

Ona görə də Novruzov 1988-ci ildən sonra ölkə siyasətində kim varsa – hətta Ayaz Mütəllibova da – hamısına müraciət ünvanlayıb. Hesab edirəm ki, bu gərginliyə son qoymaq üçün xalqın etimad göstərdiyi nüfuzlu bir din xadiminin məsələyə qarışaraq, bu xoşagəlməz durumu dəyişməyə cəhd etməsi çox yerinə düşərdi”.

Mövzunu Yenicag.az-a şərh edən politoloq Elçin Mirzəbəylinin fikrincə, Siyavuş Novruzovun bu müraciəti əslində, qarşı tərəfə siyasi mübarizəni sivil yollarla aparmaq çağırışıdır:

“Siyavuş Novruzovun həmin müraciəti ilə tam tanış olmasam da, əsas tezislərinə nəzər saldım. Novruzovun müraciətini ümumi şəkildə qiymətləndirməli olsaq, qeyd etməliyik ki, deputatın o addımı müxalifətin radikal cinahının siyasi mübarizədə yolverilməz vasitələrdən istifadəni artırması ilə bağlıdır.

Həqiqətən də, açıq müşahidə olunur ki, xarici ölkələrdə məskunlaşan, Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərdən yönləndirilən qruplar daxildəki məhdud şəbəkə ilə birlikdə siyasi mübarizəni sivil müstəvidən söyüş-təhqir müstəvisinə keçirtməyə çalışırlar.

O baxımdan, Novruzovun bu müraciəti həmin qruplara siyasi mübarizəni sivil yollarla aparmaq çağırışı hesab oluna bilər. Lakin şəxsi fikrim bundan ibarətdir ki, nəzərdə tutulan radikal qruplar bu müsbət çağırışı anlamaq və düzgün dəyərləndirmək imkanında deyillər.

Onların fəaliyyətinə və mübarizə üsullarına bələd olduğumuz üçün bunu əminliklə deyirəm. Ancaq bütün hallarda dərk olunmalıdır ki, siyasi mübarizəni sivil vasitələrlə aparmaq lazımdır. Əks halda, cəmiyyət özü əndazəni aşmağa çalışan qrupların cavabını sərt şəkildə verəcək”.

A. Zeynalov

COP29