Millət vəkili ölkədə həyata keçirilən müsbət dəyişikliklər fonunda baş verən neqativ hallara qarşı öz kəskin iradını bildirib.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Fazil Mustafa deyib.
Fazil Mustafa “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra ortaya çıxan vəziyyətin təcili şəkildə düzəldilmədiyini deyib:
“Bu məsələyə həmkarlarım toxundular. Problem o qədər kəskindir ki, bu barədə mən də danışmaq istəyirəm. Ümumiyyətlə, dünyanın bütün sivil ölkələrində bu cür obyeklərdə sığorta vaxtında öz həllini tapır. Azərbaycanda təsəvvür edin ki, bir sahibkar 50, 60 hətta 100 min manat verib ticarət mərkəzlərində yer alır, ancaq onun adı heç bir sənədləşmədə keçmir. Yalnız obyekt sahibinin dəftərində olur. Belə bir vəziyyətdə oradakı sahibkarın malı, əmlakı sığortaya cəlb olunmur. Bu cür sənətləşmələr feodal qaydalarla həyata keçirilir. Belə olmamalıdır. Bizdə də sivil qaydalarda sənədləşmə işləri həyata keçirilməlidir ki, belə yanğın və digər təbii fəlakətlər olduqda məsələ avtomatik qaydada həyata keçirilsin.
Deməliyəm ki, söhbət prezidentin başladığı islahatların, gözəl işlərin yandırılmasından gedir. Başqa ifadə deyə bilmirəm. Çünki görünən işlərin fonunda müşahidə olunan neqativ hallar başqa bir fikir səsləndirməyə imkan vermir. Azərbaycan prezidenti İlham Əliyev Asan xidmət kimi Azərbaycan vətəndaşının işini yüngülləşdirən müthiş bir layihə ortaya qoyub. Təsəvvür edin ki, bu işin fonunda çox yersiz asan imza tələbi ortaya çıxıb. Ümumiyyətlə, insanlar vergi sertifikasiyalarını yeniləmək üçün saatlarla növbədə durmaq məcburiyyətindədirlər. Belə olmaz. Bu nə qədər davam etməlidir? Prezident bir yandan vətəndaşların işlərini asanlaşdırmaq üçün addımlar atır. Digər tərəfdən isə bu addımların əhəmiyyətini heçə endirən qərarlar qəbul olunur. Bütün bunların qarşısını almaq lazımdır”.