Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Son 3 ayda 2 parad - Ermənistana mesaj, yoxsa?

Bakının qurtuluşunun 100 illiyi möhtəşəm paradla qeyd olundu.

Son 3 ay ərzində Azərbaycan ordusu 2 parad keçirib. Bunlardan biri ordunun yaranmasının 100 illiyi ilə, digəri isə sentyabrın 15-də Bakının qurtuluşunun 100 illiyi ilə əlaqədar olub.

Bəzi ekspertlər paradların keçirilməsini Ermənistana, Paşinyanın son zamanlar səsləndirdiyi bəyanatlara cavab kimi dəyərləndirir. Həttə bəzi erməni politoloqlar paradlardan sonra Azərbaycanın müharibəyə hazırlaşdığını da iddia edirlər.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib.

Hərbi ekspert bildirib ki, son 3 ayda 2 paradın keçirilməsi çox əlamətdar bir hadisədir. Ancaq bunu Ermənistanla əlaqələndirmək doğru deyil:

“Bəziləri iddia edir ki, 15 sentyabrda Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar keçirilən parad Paşinyanın sərsəm bəyanatlarına cavab idi. Ancaq mən belə düşünmürəm. Azərbaycan nə edirsə, hansı addımları atırsa, mütləq deyirlər ki, bunu ermənilərə görə edirik. Ermənilərlə Azərbaycanın düşmənçiliyi olmasa idi belə, onlar bizim torpaqlarımızı işğal etməsə idi belə, Paşinyanın sərsəmləmələri olmasa idi belə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi elə bir tarixdir ki, onunla bağlı tədbirlər keçiriləcəkdi”.

Bakının işğaldan azad edilməsinin tarixinə toxunan hərbi ekspert bunları deyib:

“Sentyabr ayının 15-i müəyyən çevrələrdə qeyd olunurdu, ancaq bu ilki kimi möhtəşəm keçirilmirdi. Halbuki, bu, olduqca mötəbər bir gündür. Məhəmməd Əmin Rəsulzadənin dili ilə desək, Azərbaycan bədəndirsə, Bakı onun baş hissəsidir. Təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun təşəkkül tapması, 2 il ərzində ayaqda qalması Bakının azad olmasından keçirdi. Azərbaycan və Osmanlı Türkiyəsinin ordusu birləşərək Bakını çox böyük əzabla erməni-bolşeviklərdən təmizlədi. Bəziləri elə bilir ki, döyüş çox asan olub, türklər gəliblər, asanlıqla şəhəri işğaldan azad ediblər. Həmin dövrün tələblərinə uyğun olaraq, bütün qoşun növlərindən istifadə olunmaqla döyüşlər gedib. İstər piyada qoşunları, istər süvari, artilleriya, zirehli maşınlar, qatarlar hətta airoplanlardan istifadə etməklə 3 ay ərzində 3 istiqamətdə – Bakı-Şamaxı yolu, Bakı-Tiflis dəmiryolu ətrafı, Kür çayının mənsəbi ilə bütün yollarda erməni-bolşevik birlikləri dağıdılıb. Ayın 15-də Bakı öz sahibənə geri qayıdıb”.

Bakının işğaldan azad edilməsinin əhəmiyyətinə gəldiksə isə Tərlan Eyvazov bildirib ki, bu hadisə Azərbaycan tarixi üçün çox mühüm mərhələ oldu:

“SSRİ yarandıqdan sonra Azərbaycan SSR-in qurulması məhz Azərbaycan Xalq Cümhuriyyətinə bağlı idi. Əgər o Cümhuriyyət olmasa idi, Azərbaycan da Tatarıstan, Başqırdıstan və digərləri kimi ən yaxşı halda muxtar qurumlardan biri ola bilərdi”.

Qeyd edək ki, Bakıda keçirilən hər iki paradda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Solo Türk” qrupu çıxış edib. 15 sentyabr paradına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Səxavət Məmməd

www.yenicag.az

784
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM