Son 6 gündə 703 hərbi sursat tapılıb – Biləsuvarda

Son altı gündə Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində 703 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapança aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, sentyabrın 1-i saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sentyabrın 6-da da baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 36 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 13 000 kv.m əraziyə yerüstü və 850 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Altı gün ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 703 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 57 500 kv.m əraziyə yerüstü və 3 410 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

COP29