“Türkiyə ilə əməkdaşlıqda hərbi istehsalı daha da gücləndirməliyik”.
Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, ordunun daha da gücləndirilməsi üçün müasir hərbi texnikaların alınması və istehsal olunması vacib məsələdir:
“Azərbaycan Ordusunun güclü maddi-texniki bazası var. Bu gün ordumuz müasir hərbi texnikalarla, döyüş vasitələri ilə təmin olunub. Ümumiyyətlə, modern silahların alınması və istehsal olunması vacib məsələdir. Buna görə də Türkiyədən, İsraildən ən müasir silahları alırıq. Son döyüşlər də göstərdi ki, müasir hərbi texnikanın nə qədər əhəmiyyəti var. Pilotsuz uçuş aparatlarımız (PUA) düşmən tərəfə ağır zərbələr vurdu. Ermənistan ordusunda isə belə texnikaların olmasından söhbət gedə bilməz”.
E. Şahinoğlu bildirib ki, hazırkı dövrdə müharibələrdə yüksək keyfiyyətə malik hərbi texnikanın olması zəruridir:
“Bu mənada, düşünürəm ki, Türkiyə ilə əməkdaşlıqda hərbi istehsalı daha da gücləndirməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək hərbi təlimlər keçiriləcək.
Bu gün birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.