!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son nəfəsində bayrağı yanan ovcunda sıxan ŞƏHİDİMİZ - FOTOLAR

!Reklam – Yazi

Vətən doğma diyar, ana yurd, ata-babaların bizə əmanəti, tariximiz, ənənəmiz, azadlığımız, ayaq basdığımız torpaq, and yerimizdir.

Şəhidlik isə ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq, Vətənin müdafiəsi, yurdun bütövlüyü uğrunda canından, qanından keçmək, bunu özünə şərəf bilmək, gələcək nəsillər üçün əfsanəyə dönmək deməkdir. Şəhidlik həm də Allahın nəsib etdiyi ömür payını yurd sevgisinə qurban vermək deməkdir. O da bir Vətən, yurd sevdalısı idi və “Vətən məni çağırır”, deyib də bir an düşünmədən darda olan Vətənin harayına yetişdi.

Söhbət tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğlundan gedir – dostları ilə birlikdə 5 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan, Vətən sevdalısı İsmayıldan.

Gənc ikən Naxcıvan Hərbi Məktəbinə yollandın, daha sonra Baki Hərbi Akademiyanın məzunu oldun. Cəmi 24 yaşın vardı, amma iyul döyüşlərindən sonra Baş leytenant adını qazandın.

Vətən müharibəsi başlayanda tankınla Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə düşmən mövqelərini darmadağın etdin. Quru Qoşunları tərkibində Zəngilana qədər irəlilədin və doğma Zəngilana daxil olan ilk tankçılardan biri oldun.

Qəhrəman olmaq alın yazın idi. Atdığın hər bir mərminin üzərinə “Mübariz”, “Polad”, “Vətən”, “Naxçıvan” sözlərini yazıb, düşmənə meydan oxuyurdun. Elə buna görə də ermənilərin qorxunc kabusuna çevrildin.

Tankını susdurmaq və səni ələ keçirmək üçün ermənilər gecə-gündüz çalışdı. Hətta yaralandın da. Amma bu yara səni heç qorxutmadı. Əksinə Vətən sevdası ilə döyünən köksün daha da qabardı, üç nəfər komanda heyəti ilə birlikdə Laçın istiqamətində gedən döyüşlərə atıldın.

Növbəti döyüş tapşırığını yerinə yetirmək üçün düşmənin müdafiə xəttini yarıb, döyüşçü dostlarınla bərabər Laçının kəndlərinə doğru istiqamət götürdün.

Həmin gün ağır döyüşlərdən sonra Qubadlı və Laçının bir neçə kəndi işğaldan azad olundu, növbəti gün tankın yanmış vəziyyətdə Güləbird kəndi yaxınlığından tapıldı. Tank komanda heyəti ilə birlikdə yanmışdı. Sən isə son nəfəsində həyatından qiymətli saydığın bayrağı ovcunda elə bərk-bərk sıxmışdın ki…

Qoruduğun o üçrəngli bayrağın Qarabağ səmasında dalğalanacağı günə isə sayılı günlər qalmışdı. Cəmi 5 gün sonra ovcunda bir əmanət kimi saxladığın, hər zaman öpüb bağrına basdığın üçrəngli bayrağımız Qarabağ səmasında, Şuşada, Laçında dalğalanmağa başlayacaqdı. Amma bu günlərə şahidlik etməsən də, şəhidlik zirvəsinə yüksəldin. Canını-qanını torpağına fəda edən mərd, qeyrətli Azərbaycan oğlu İsmayıl! Allahın sənə lütf etdiyi ömür payını göz qırpmadan belə Vətəninə bağışladın. Amma ruhən əbədiyyət qazandın. İllər, qərinələr ötüb keçəcək, şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan adın nəsillərin yaddaşında yaşayacaq, seviləcək, fəxarətlə anılacaq.

Rahat uyu şəhidim, artıq qanını axıtdığın o Vətən torpaqları azadlıqdadır, ata-babalarımızın əmanəti özümüzə qayıdıb, düşmən tapdağından xilas olub. Sənin və sənin timsalında şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının sayəsində.

O böyük ürəyinə qurban ay Vətən sevdalısı, ay Vətən oğlu, ruhun şad olsun!

Cəvahir

www.yenicag.az

2263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv