Sosial mediada dezinformasiya “BURULĞANI”: “Yalan xəbərləri bəzən elə sürətlə tirajlayırlar ki…”

“Biz cəmiyyət olaraq sosial medianın imkanlarından uyğun şəkildə yararlanmaları üçün insanları maarifləndirməliyik”.

Bu fikirləri sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların yaratdığı narahatlıqlarla bağlı Baş Prokurorluğun dünən yaydığı açıqlamada qeyd olunan məqamlara münasibət bildirən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bəzən saxta və doğru olmayan məlumatlar elə sürətlə tirajlanır ki, artıq doğru xəbər onun ardınca verildikdə heç kim ona fikir vermir, inanmır:

“Həqiqətən, bu məsələnin çox ciddi aktuallığı var. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da sosial media o qədər əlçatan və rahat platformadır ki, istənilən şəxs oradan özünü ifadə edə, eyni zamanda, doğru, yaxud da yanlış olmasını fərq etmədən məlumatlar paylaşaraq ictimai rəyi çaşdıra da bilir.

O baxımdan, çox təəssüf ki, Azərbaycanda da insanların bəlli bir kəsimi – onların sayı heç də az deyil – sosial medianın verdiyi imkanlardan demokratiya, insan haqları, özünüifadə imkanlarının yüksəldilməsi naminə deyil, ictimai rəyi yanlış yönləndirmək, ölkə daxilində ajiotaj yaratmaq üçün istifadə edir.

Əslində, Baş Prokurorluğun yaydığı məlumatda da bu narahatlıq açıq görünür və anlaşılır. Digər tərəfdən, Baş Prokurorluq qeyd olunan xəbəri yaymasa belə, biz özümüz də aktiv sosial media istifadəçisi olaraq bu durumu müşahidə etməkdəyik.

Bundan başqa, onu da müşahidə edirik ki, bəzən saxta və doğru olmayan məlumatları elə sürətlə tirajlayırlar ki, artıq doğru xəbər onun ardınca verildikdə heç kim ona fikir vermir, inanmır. Belə olduqda isə kütləvi psixoz vəziyyəti yaradılır, saxta məlumatlar cəmiyyətə ötürülür, ölkənin milli dövlətçilik maraqları zərbə altına qoyulur.

Ona görə də hesab edirəm ki, əlbəttə, Baş Prokurorluğun məsələyə bu formada müdaxilə etməsi yerinə düşür. Amma bu da işin hamısı demək deyil. Biz cəmiyyət olaraq sosial medianın imkanlarından uyğun şəkildə yararlanmaları üçün insanları maarifləndirməliyik, buna yönləndirməliyik.

Elə etməliyik ki, onlar saxta, yalan məlumatlar yayaraq dövləti, onun müvafiq qurumlarını hansısa mərhələdə bu kimi məsələlərə müdaxilə məcburiyyətinə gətirməsinlər. Həmçinin müəyyən bir dövrdən sonra vəziyyət elə bir həddə çatmasın ki, dövlət xüsusi qanun qəbul edərək bu məsələlərdə məhdudiyyət tətbiq etməli olmasın. Yəni biz sosial medianın azadlığını qorumaq üçün məsuliyyətimizi dərk etməliyik”.

A.Zeynalov

COP29