!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosioloq: “Qadınlarımız müstəqil, azad olmağa can atırlar, ona görə də boşanırlar…”

!Reklam – Yazi

Azərbaycanda boşanmaların sayının artması ilə bağlı son məlumat heç də ürəkaçan olmadı.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər onu göstərdi ki, ölkədə boşanmalar 50 faizə yaxınlaşıb.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında deyib ki, boşanmalar bütün dünyada tendensiyaya çevrilib.

O, bildirib ki, qlobal miqyasda ailə institutunun məzmununda, strukturunda və dayanıqlığında dəyişikliklər baş verir.

Ekspert qeyd edib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da boşanma saldosunda artım olacaq:

“Ənənəvi cəmiyyət olduğumuz üçün on illər əvvəl bu məsələyə daha həssas və konservativ yanaşma var idi. Lakin müasir dövrdə bəzi yanaşmalar, stereotiplər əriyir. Azərbaycan kişisi əvvəllər boşanmaya dözümsüz yanaşırdısa, bu gün artıq qəbullanmağa başlayıb. Qadınlarımız da artıq əvvəlki həyat tərzini davam etdirmək istəmirlər, daha müstəqil, azad olmağa can atırlar”.

Ü.Şəfiyev boşanmaların bilinən səbəblərilə yanaşı burada xarici amillərin də olduğunu düşünür:

“Əfsuslar olsun ki, bəzi təşkilatların Azərbaycan kimi ölkələrdə həyata keçirdiyi layihələrin də ailə institutuna təsiri var. Onların məqszədi ailə dayanıqlığına təsir göstərərək cəmiyyəti idarə etməkdir. Kütləvi informasiya vasitələrində, bəzi televiziya verilişlərində guya gender bərabərliyi təbliğ olunur, qadın hüquqları, azadlığı ifrat dərəcədə şişirdilir. Maarifənmə adı ilə qadınları boşanmaya sövq edirlər”.

Sosioloq hesab edir ki, ailə qurmağa hazırlaşan cütlüklər təkcə qan testindən deyil, psixoloji testdən də keçməlidirlər:

“Milli Məclisdə də bu məsələ müzakirə olunmuşdu. Elə insanlar var ki, ümumiyyətlə ailə qurmalı deyillər. Ailə onlar üçün deyil. Psixologiyaları buna hazır deyil. Elə cütlüklər var ki, onları psixoloji cəhətdən hazırlamaq lazımdır, psixoloji reabilitasiya keçməlidirlər, onlara psixoloji korreksiya proqramları tətbiq olunmalıdır. Bununla onlar özlərini ailə qurmağa hazır hiss edə bilərlər. Və ya psixoloji testlə müəyyən ediləcək ki, ümumiyyətlə bu insan ailə qurmağa hazır deyil.

Ailə münaqişələrini araşdıranda görürük ki, cütlüklər ailə daxilində psixopatik hərəkətlər edir, ya uşağa qarşı, ya bir-birilərinə qarşı. Hesab edirəm ki, onlar psixoloji bərpa proqramlarından keçməlidirlər. 2018-ci ildə “Psixoloji Yardım haqqında” Qanun qəbul olundu. Bu qanuna əsaslanıb, ailə qurmağa hazırlaşan şəxslərə psixoloji test tətbiq oluna bilər”.

Ekspert ailə institutunu qorumaq üçün bir neçə təklif irəli sürüb:

“Müvafiq qurumlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin qeyri-hökumət təşkilatları yaxşı olardı ki, paytaxtda və bölgələrdə münaqişəli ailələri qeydə alsın, dəqiq statistika bəlli olsun və onlarla iş aparılsın, psixoloqlar, sosial işçilər cəlb olunsun. Belə ailələrdə baş verən hadisələr izlənilməli və lazım gəldikdə söhbətlər aparılmalıdır ki, münaqişələr mənfi nəticələrə səbəb olmasın”.

O, sosial – iqtisadi rifahın vacibliyinə də diqqət çəkib:

“Hökumətin ailə dayanıqlığını dəstəkləyən sosial proqramları var. Lakin düşünürəm ki, bu istiqamətdə sosial paketlər bir qədər də genişləndirilməlidir. Güzəştli şərtlər ev sahibi olmaq istəyən gənc ailələrin daha böyük kateqoriyasını əhatə etməli, daha əlçatan olmalıdır. Ən çox konfliktlər gənc ailələrdə baş verir. Bunun əsas səbəblərindən biri də iqtisadi çətinliklər, mənzil şəraitinin olmamasıdır. Dövlət tərəfindən proaktiv və aktiv sosial dəstək layihələri həyata keçirilməlidir. Əgər ailəyə strateji planda baxırıqsa və bunu cəmiyyətin əsas strukturu hesab ediriksə, genefond təhlükəsizliyini təmin edən əsas amil kimi yanaşırıqsa, ailə dayanıqlığına önəm verilməli və ənənəvi ailə dəyərləri qorunmalıdır”.

Son olaraq Ü.Şəfiyev vurğulayıb ki, maarifləndirmə, təbliğat artırılmalıdır:

“Yaxşı olar ki, mediada örnək ailələrlə bağlı verilişlər verilsin, elə nəsil var ki, daim örnək ailə nümunəsi olub. Onların dili ilə çatdırmaq lazımdır ki, ailədə böhranlar müvəqqətidir, hər xırda səbəbə görə onu dağıtmaq olmaz, əl-ələ verib, çətinliklərdən birgə çıxmaq lazımdır.

Düşünürəm ki, ailə institutu ilə bağlı maarifləndirmə tədbirləri orta məktəblərdə, universitetlərdə də aparılmalıdır. Ailə tək sevgidən ibarət deyil. Gənclərə sağlam ailənin təməlində duran prinsiplər aşılanmalıdır”./demokrat.az/

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv