!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Soydaşlarımızın xarici ölkələrdə “qurduqları” AZƏRBAYCAN: Diasporumuz “koma”dan necə çıxdı?

!Reklam – Yazi

Dövlətçilik ənənələrinə malik olmaq və dünya birliyində müstəqil ölkə statusunda yer tutmaq bu təsnifata aid xalqların ən böyük zənginliyi, misilsiz nailiyyəti kimi qiymətləndirilir.

Müasir dünyada 2-4 min civarında xalqın mövcudluğu şəraitində sadəcə, 200 civarında müstəqil dövlətin olması bu uğurun əhəmiyyətini dərk etməyə imkan verir. Müstəqil dövlət quruculuğu prosesinə və dünyanın siyasi xəritəsinə nəzər saldıqda, azad ölkə statusu əldə etməyin xalqların sayı və yayıldıqları coğrafiyanın miqyası ilə həlledici əlaqəsinin olmadığını görürük. Konkret desək, hazırda sayı bir neçə on min nəfər olan xalqın müstəqil dövləti olduğu halda, sayı bir neçə yüz milyon olan xalqın bu imkandan məhrum olmasına dair nümunələr var. Bu isə o deməkdir ki, müstəqil dövlət quruculuğu prosesi hər hansı bir xalqın sayı ilə yox, onun keyfiyyəti, məqsədyönlü inkişaf yolu ilə şərtlənən amildir. Başqa sözlə, yalnız ağır sınaqlardan çıxmağı bacaran xalqlar bu gün dünyanın siyasi xəritəsində təmsilçilik hüququ qazanıblar və bu, tarixi qanunauyğunluğun məntiqi nəticəsidir.

Əlbəttə, Azərbaycan xalqının da çoxəsrlik dövlətçilik ənənəsi üzərində təşəkkül tapan müstəqil ölkəyə sahiblənməsi hər birimiz üçün son dərəcə qürurvericidir. Dünya sivilizasiyasının ilkin beşiklərindən biri hesab olunan regionda yerləşən Azərbaycan ərazisində tarixin ən qədim dövrlərindən etibarən, müxtəlif dövlətlər yaradılıb. Onlardan bəzilərinin ömrü uzunmüddətli olub, mövcudluqları isə tarix üçün xüsusi əhəmiyyət kəsb edib və bölgəsəl siyasi proseslərə ton veriblər. Ona görə də əminliklə söyləyə bilərik ki, dünyanın müasir siyasi xəritəsində yerləşən dövlətlərin mütləq əksəriyyətinin “baza”sı son minllikdə yaradılmış zəmindir. Bu amili əsas götürsək, Azərbaycan Respublikasının xalqımızın son min ildə bizim coğrafiyada qurduğu Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar imperiyaları və Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamalıyıq. Dövlətçilik ənənələri və müstəqil dövlət quruculuğu prosesinə yönəlik bu girişin əsas məqsədi diqqəti bir daha xalq faktorunun həlledici əhəmiyyətinə yönəltməkdir. Yəni bu və ya digər səbəblərə görə müstəqil dövlət quruculuğu prosesində iştirak edə bilməmiş xalqların tək qınaq hədəfi özləri olmalıdır.

Müasir tarixi şəraitdə elə bir vəziyyət yaranıb ki, istənilən dövlətin dünya çapında nüfuzu və təsir imkanları yalnız onun daxili potensialı ilə ölçülmür. Burada artıq hər hansı ölkənin dominant etnosunun nümayəndələrinin yaxın və uzaq dövlətlərdə məskunlaşmaları, həmin cəmiyyətlərə uğurla inteqrasiya etmələri və müxtəlif fəaliyyət sahələrində özlərini təsdiqləyərək müsbət imic formalaşdırmaları mühüm rol oynayır. Hətta bir çox hallarda məhz diaspora təmsilçilərinin fəaliyyətləri ikitərəfli münasibətlərin xarakterini müəyyənləşdirməklə, əlaqələrin inkişafına inanılmaz təkan verir. Bu sırada istisna təşkil etməyən Azərbaycan xalqının nümayəndələri də dünyanın beş qitəsində məskunlaşaraq, həyatlarını konkret ölkələrə bağlayıblar. Soydaşlarımızın müxtəlif coğrafiyalara köçünün başlanğıcı orta əsrlərə təsadüf edir.

XV əsrdə Qafqazlardan Yaxın Şərqə qədər ərazidə Qaraqoyunlu İmperiyasının qurulması ilə xalqımızın daha geniş coğrafiyaya yayılmaq imkanı yarandı. Nəticədə müxtəlif tayfaların köçü nəticəsində ilkin olaraq, müasir İraq və Suriya ərazilərində xeyli soydaşımız məskunlaşdı. Yuxarıda adları çəkilən dövlətlərin təşəkkülü isə bu arealı daha da genişləndirdi və yekunda Əfqanıstan, Pakistan, Hindistan kimi ölkələrdə də Azərbaycan elementi formalaşdı.

Burada mütləq qeyd olunmalıdır ki, vurğulanan köçlər müasir anlamdakı miqrasiya ilə qarışdırılmamalıdır. Çünki insanların o köçü bir dövlətdən başqa dövlətə deyil, ölkədaxili məzmun daşıyırdı. İnsanlar əsasən, könüllü, müəyyən hallarda isə dövlətin maraqlarından irəli gələrək, imperiyanın ucqarlarına köç edir, yaxud da köçürülürdü. Hazırda qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar məhz o dövrdə köç etmiş soydaşlarımızın nəsil davamçılarıdır.

Azərbaycanlıların Avropa və Amerikaya köçü isə öz başlanğıcını XX əsrin əvvəllərindən götürür. O zaman Rusiyanın işğalına məruz qalan Azərbaycanda milli hüquqların qismən təmin olunmasından faydalanan çox sayda soydaşımız təhsil almaq üçün üz tutduğu Avropa ölkələrində məskunlaşaraq, “yeni miqrasiya”nın əsasını qoydular.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1920-ci il aprelin 27-də bolşevik Rusiyasının işğalına məruz qalması soydaşlarımızın xaricə növbəti axınına səbəb oldu. Yeni rejimi qəbul etməyən və bolşeviklərin repressiyalarından can qurtarmağı düşünən on minlərlə soydaşlarımız müxtəlif ölkələrə səpələnməli oldu. Azərbaycanlıların xaricə növbəti axını isə İkinci Dünya Müharibəsi dövrünə təsadüf edir. Müharibədə əsir düşən çox sayda soydaşımız savaş bitdikdən sonra geri qayıtmaq istəməyərək, Avropanın müxtəlif ölkələrində yerləşməyə üstünlük verdilər. Onların bir qismi isə ABŞ-a üz tutdu. Xaricdəki Azərbaycan diasporunun formalaşmasındakı son dalğa isə artıq müstəqillik dönəmində yaranıb. Bu dalğada ölkəni tərk edənlər Ameriakdan tutmuş Avstraliyaya qədər fərqli ölkələrdə özlərinə yeni həyat qurublar.

Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq, xaricdəki diaspor təmsilçiləri ilə əlaqələrə böyük önəm verilib. İlk dəfə mərhum prezident Əbülfəz Elçibəy 1992-ci il dekabrın 24-də “Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında” Sərəncam imzalamışdı. Elçibəyin 1993-cü il 30 yanvar tarixli Sərəncamı ilə Dünya azərbaycanlılarının qurultayının çağırılması üzrə Təşkilat Komitəsinin tərkibi dəyişdirilmişdi. Lakin o dövrdə hökm sürən mürəkkəb tarixi-siyasi şərait, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini genişləndirməsi Dünya azərbaycanlılarının qurultayının çağırılmasını xeyli yubandırdı.

Bu səbəbdən Dünya azərbaycanlılarının I Qurultayı mərhum prezidenti Heydər Əliyevin rəhbərliyi altında 2001-ci il noyabrın 9-10-da baş tutdu. Bu, ilk analoji tədbir olaraq, dünya azərbaycanlılarının vahidliyini dünyaya nümayiş etdirən çox mühüm siyasi aksiya idi. Bu ənənə prezident İlham Əliyevin prezidentliyi dönəmində də uğurla davam etdirildi və 16 mart 2006-cı il, 5-6 iyun 2011-ci il və 3-4 iyun 2-16-cı ildə Bakıda daha 3 möhtəşəm Qurultay keçirildi. Diasporla İş Üzrə Dövlət Komitəsi də o dövrdə – 2008-ci ildə yaradıldı.

Xaricdəki diaspor təşkilatlarımızın inkişafı üçün dövlət səviyyəsində qəti iradə ortaya qoyulsa da, çox təəssüf ki, Diaspor Komitəsinin sabiq rəhbərliyinin işi düzgün qurmaması səbəbindən bu sahədə mövcud olan problemlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşdi. Mənzərəni təsəvvür etmək üçün tək bu faktı vurğulamaq yetər ki, ən çox soydaşımızın məskunlaşdığı Rusiyadakı diaspor təşkilatlarımız arasında həmrəyliyin və birgəliyin təmin olunmaması Azərbaycanın şimal qonşumuzdakı maraqlarının effektli müdafiəsinə uzun müddət mane oldu. Nəticədə ermənilərin bütün sahələrdə mövqelərinin kifayət qədər güclü olduğu Rusiyada diaspor təşkilatlarımız milli maraqlar naminə hər hansı nəticəyə imza ata bilmədilər. Eyni zamanda, Rusiyadakı diaspor təşkilatlarımızın bu vəziyyəti ABŞ və Avropa ölkələrindəki soydaşlarımız üçün də müəyyən mənada xarakterik idi. Say çoxluğuna və geniş potensiala baxmayaraq, ermənilərdən fərqli olaraq, soydaşlarımız öz ölkələrində ciddi faktora çevrilə bilmirdilər. Bu azmış kimi, diaspor təşkilatlarının liderləri arasında səngiməyən ziddiyyətlər onsuz da zəif olan fəaliyyəti heçə endirirdi.

Ancaq əlamətdar haldır ki, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra ölkənin bütün sferalarında sürət verilən köklü dəyişikliklər diaspor sahəsindən də yan keçmədi. 10 il ərzində diasporla iş üzrə vəziyyətə heç bir müsbət çalar qata bilməyən Komitənin rəhbərliyində həyata keçirilən dəyişiklik dönüş üçün əhəmiyyətli zəmin yaratdı. Yeni rəhbərliyin dönəmində dünyanın vacib ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə davamlı keçirilən görüşlər, fəaliyyətin gücləndirilməsinə hədəflənmiş məsləhətləşmələr və zəruri addımların atılmasından əldə olunan nəticələr özünü çox gözlətmədi. Görülən real işlərin sonucunda başda Rusiya olmaqla, çoxsaylı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətində ciddi canlanma müşahidə olundu.

Bu fəaliyyətin kulminasiya nöqtəsi isə 2020-ci il ilin 12-dən 23-nə kimi davam edən Tovuz döyüşləri və sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş Vətən müharibəsi oldu. Fəxrlə qeyd olunmalıdır ki, diaspor təşkilatlarının Tovuz döyüşlərinin gedişində nümayiş etdirdikləri fəallıq dostlar üçün xoş gözlənilməzlik, bədxahlarımız üçünsə şok effekti yaradan hal oldu. Avropada Ermənistanın təcavüzkar siyasətinə qarşı təsirli aksiyalar təşkil edən soydaşlarımızın ABŞ-da sərgilədikləri aktivlik xüsusi əhəmiyyət daşıyırdı. Təsəvvür edin, dünya erməniliyinin mərkəzi hesab olunan ABŞ-ın Kaliforniya ştatında, paytaxt Los-Ancelesdə ermənilərə meydan oxuyan diaspor təmsilçilərimiz öz etiraz səslərini ucaltmaqdan, sayca onlardan qat-qat çox olan ermənilərlə üz-üzə gəlməkdən çəkinmədilər. Soydaşlarımızın ABŞ-dakı bu fəallığı gerçək fədakarlıq nümunəsi idi.

Həmçinin Vətən müharibəsinin davam etdiyi 44 gündə və ondan sonra soydaşlarımızın inanılmaz dəstəyi mütləq qeyd olunmalıdır. Onlar yüksək mütəşəkkillik göstərərək, cəbhəyə könüllü yollanmaq üçün müraciətdən tutmuş ərzaq və tibbi ləvazimatların göndərilməsinə qədər əllərindən gələni ən yaxşı formada etdilər. Soydaşlarımız bununla kifayətlənməyərək, yaşadıqları ölkələrdə Azərbaycanın haqq mübarizəsinin yerli ictimai rəydə doğru əks olunması üçün də ciddi səy göstərdilər. Diaspor sahəsində uzun müddət rəqibsiz olduqlarını düşünən və dünyaya ağ yalanlar uyduran ermənilərin birdən-birə qarşılarında belə mütəşəkkil güc görmələri onları həqiqətən şoka salmışdı. Bu, sözsüz ki, məqsədyönlü fəaliyyətin çoxdan gözlənilən nəticəsi hesab olunmalıdır.

Azərbaycan diasporu Vətən müharibəsindən sonra Qarabağın yenidən dirçəldilməsi prosesinə də öz töhfəsini vermək və bu işlərdə fəallıq etmək üçün səfərbər olub. Sözsüz ki, onları bu təşəbbüsə sövq edən ən başlıca amil Azərbaycan dövlətinin qayğı və diqqətini hiss etmələridir. Bu məqam onları maksimum faydalı olmağa, yaşadıqları ölkələrdə Azərbaycanın maraqlarını daha qətiyyətlə müdafiə etməyə ruhlandırır.

Araz Zeynalov

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

www.yenicag.az

2486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv