Reklam

Reklam

Onunla görüşümüz çalışdığı “ASAN” xidmətdə baş tutdu. Nahar fasiləsində baş tutan söhbətimiz qaçaraq alınsa da, o suallarımızdan, biz isə onun xoş ovqatından və cavablarından məmnun qaldıq. Haqqında bəhs etdiyimiz qız, 28 yaşlı fiziki hərəkəti məhdud, idman rəqsi üzrə paralimpiyaçı Vüsalə Kərimovadır…

– Sizi tanımayanlar üçün özünüzü necə təqdim edərdiz?

– 28 yaşım var, paralimiyaçıyam. Bu qədər… (gülür)

– Müsahibələrinizin birində “mən travma almışam, anadangəlmə əlil deyiləm”, – demisiz…

– Doğrudur, 15 yaşım olanda yıxıldım və onurğa sütunundan aldığım zədə nəticəsində yerimək qabiliyyətimi itirdim. Əslində uşaqlıqdan pozitiv qız olmuşam və belədə davam edirəm. Zədədən sonra özümə qapanmadım. Elə insanlar var ki, başlarına nəsə bir iş gələndə depressiyaya düşürlər. Amma mən nə ailəmə, nə də özümə depressiyaya düşməyə izn vermədim. Fikirləşdim ki, qarşımda iki seçim var: ya şəraiti olduğu kimi qəbul edib həyata davam edəcəm, ya da həyatı özümə və ətrafımdakı insanlara zəhər edəcəm. Mən birinci variantı seçdim və elə də davam edirəm.

– Bəlkə də verəcəyim sualla sizi incitmiş olacam, amma soruşmaq istərdim, bu vəziyyətiniz həyatda sizə çox mane olub?

– (Gülümsəyir). Demək olar ki, yox. Bizə fiziki məhdudiyyətli insanlar deyirlər. Təbii ki, fiziki məhdudiyyət var. Əlillik bəzi hallarda fiziki hərəkətlərimə maneçilik törədir. Ancaq arzularıma heç vaxt mane olmayıb. Yaxşı insanların köməyi və ailəmin dəstəyi ilə həyatıma davam edirəm. İstədiyim arzuları həyata keçirə bilirəm.

– Hərəkətinizin bərpa olunmasına cəhd etmisiz?

– Olub, uzun müddət müalicə almışam. Ancaq həyatımı ona sərf etmək istəmirəm. Ürəyim nə istəyirsə, rahat şəkildə edə bilirəm. Sözün düzünü desəm, o işə ayıracaq zamanım da yoxdu. Ancaq vaxtaşırı müəyyən fizioterapiyaya gedirəm.

– “Vaxtım yoxdur”, deyirsiniz. Yəqin, çox məşğulsuz?

– Bəli… Ali təhsil alıram, işləyirəm, idmanla məşğul oluram.

– Hazırda “ASAN” xidmətdə çalışırsınız. İlk dəfə işə gələndə necə qarşılandınız, çətin olmadı?

– İlk dəfə işə başlamazdan öncə tərəddülərim vardı. Düşünürdüm ki, əməkdaşların və vətəndaşların mənə münasibətləri necə olacaq. Ancaq elə ilk gündən hər kəsdən xoş rəftar gördüm . Bir-birimizə alışdıq, vətəndaşların da gözü öyrəşib mənə. Artıq adi baxırlar, həm də özüm cəmiyyət içində daha çox olmaq istəyirəm ki, bizi müntəzəm görsünlər. Əlilliyi olan insanlar evdə gizlənməməlidirlər. Elə analar var ki, öz əlil övladlarını cəmiyyətdən gizlədirlər. Məncə, kompleksə düşmək lazım deyil, cəmiyyətdə çox olmaq, onların gözlərini alışdırmaq lazımdır.

– Burada işə başlamağınızın tarixçəsi də maraqlıdır…

– Əvvəl könüllü kimi fəaliyyətə başladım, sonra isə işə qəbul oldum. May ayının 1-də burada işə başlamağımın 4 ili tamam olacaq.

– Paralimpiyaçısız…

– Bəli… Müxtəlif idman növləri ilə məşğul olmuşam. İlk dəfə 2012-ci ildə əlil arabasında idman rəqsləri ilə məşğul olmağa başladım. Artıq 5 ildir. 2013-cü ildə Moskvada “Qitələr kuboku”nun sahibi olmuşam. Dünya çempionatlarının qalibi və mükafatçısı olmuşam. Eyni zamanda, qılıncoynatma, güllə atıcılığı və paraşütlə tullanma növlərində də gücümü sınamışam. Hazırda 2020-ci ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşıram.

– Məşğul olduğunuz idman növlərindən hansı sizə daha rahat olub?

– Demək olar ki, hamısı. İnsan sevdiyi işlə məşğul olanda, gördüyü iş ona çətin gəlmir. Mən nə edirəmsə, sevərək, istəyərək edirəm. Öz işimi çox sevirəm və bunu şirin yorğunluq adlandırıram.

– Ailənizin dəstəyini xüsusi qeyd etdiz…

– Bəli, ailəm hər zaman hər işdə mənə dəstək olub. Ancaq qərarlarımı özüm qəbul edirəm, müstəqiləm.

– Çox aktiv xanımsınız. Bu işlərin hamısını necə çatdıra bilirsiz?

– Əslində, zövq alıram. Heç də çətin deyil və çatdıra bilirəm. Çünki bunların hamısını sevib və istəyib edirəm. Həyatda nəyə həvəsim varsa, onu çatdıra bilirəm. Düzünü desəm, mən heç özümü əlil saymıram. Tam səmimi deyim ki, bəzən əlil arabasında olduğumu unuduram.

– Arabadan qalxıb yerimək istədiyiniz an olub?

– Olub (gülür). Gün ərzində işimin çoxluğundan yorğun oluram, axşamı gözləyirəm ki, evə tez çatıb dincəlim.

– Mətbuatı yəqin ki izləyirsiz…

– Əlbəttə, izləyirəm.

– Son zamanlar intihar hallarının artması narahatlıq doğurur. İntihar ovqatında olanlara nə deyərdiz?

– Həyatda nə olursa-olsun, başımıza nə pis hadisə gəlirsə-gəlsin, intihar çıxış yolu deyil. Həyat zebra kimidir: ağ və qara. İstər psixoloji, istərsə də fiziki durumun çətinliyindən asılı olmayaraq, həyat davam edir. Allahın bizə verdiyi ömrü yaşamalıyıq. Problemlərlə mübarizə aparmalıyıq, onların həlli yollarını tapmalıyıq. Hər şeyin bir sonu var, həmçinin bizi boğan kədərin də. İnanın ki, intihar xəbərini eşidəndə çox təəssüflənirəm, pis oluram. Gənclərin intiharını eşidəndə lap gərginləşirəm. İstəmirəm intihar etsinlər.

– Siz də öz həyat eşqiniz və mübarizliyinizlə intihara meyllənənlər üçün bir örnəksiz…

– Bəlkə də örnək deməzdim, öz həyatımı yaşayıram. Ancaq başımıza nə iş gəlməyindən asılı olmayaraq mübarizə edib yaşamalıyıq. Həyatımızı qaldığımız yerdən davam etdirməliyik. Məsələn, mənim gücüm çatmadı yeriməyə, amma uşaqlıqdan nə arzum var idisə onları həyata keçirməyə çalışıram. Buna cəhd edirəm. İntihar etmək problemin həlli deyil.

– Siz özünüz heç intihar etmək fikrinə düşmüsüz?

– Yox, nə olursa-olsun çalışıram ki, yoluma davam edim. Təbii ki, hamının problemi var. Problemsiz həyat yoxdur. Mənə elə gəlir ki, problemlər olmasa, həyat da maraqsız olar. Hər başlanğıcın bir sonu var, sadəcə, səbr və dua etmək, həyata nikbin baxmaq lazımdır.

– Hər halda, belə gözəl və pozitiv xanımın sevdiyi insan var…

– (Gülür). Subayam, həyatımda heç kim yoxdur. Ola bilər, nə zamansa olsun.

– Yəqin boş vaxtlarınız da olur…

– Demək olar ki, gün ərzində işdə və məşqdə oluram. Ancaq boş vaxtlarımda kitab oxumağı, filmə baxmağı və dostlarla gəzintiyə çıxmağı sevirəm.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 370
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."