!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh sazişi hansı ölkədə imzalanacaq? – “ABŞ və Avropa İttifaqı bu istəyini gizlətmir”

!Reklam – Yazi

“ABŞ və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasındakı yekun sülh sazişinin özlərinin vasitəçiliyi ilə imzalanması istəyini gizlətmir. Onlar bunu açıq şəkildə olmasa da, dəfələrlə öz bəyanatlarında üstüörtülü şəkildə bildiriblər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, yekun sülh müqaviləsinin hansı platformalarda imzalanacağına dair səslənən fikirlərə, habelə Rusiyanın müdafiə naziri Andrey Belousvoun sözügedən məsələ ilə bağlı çıxışına münasibət bildirib.

R. Bayramova görə, Qərbin “sülh müqaviləsinin imzalanmasına dəstək verməyə hazırıq” bəyanatları onların istəklərini ortaya qoyur:

“Lakin gərək Andrey Belousov onu da qeyd edərdi ki, Rusiya da eyni şəkildə öz moderatorluğu ilə sülh sazişinin imzalanmasını istəyir və bunun üçün müvafiq platformanı təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Problem ondadır ki, istər Brüsselin, istər ABŞ-nin, istərsə də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların nəticələrini görmüşük. Onların moderatorluğu ilə keçirilən görüşlərdə əldə etdiyimiz nailiyyətlər Ermənistanla birbaşa təmaslarda əldə etdiyimiz nailiyyətlərdən qat-qat aşağıdır. Ümumiyyətlə isə müqayisə olunan dərəcədə deyil. Bu, o deməkdir ki, bizə Ermənistanla sülh danışıqlarını aparmaq üçün üçüncü tərəfin moderatorluğuna ehtiyacımız yoxdur”.

“Sülh sazişinin harada imzalanması məsələsinə gəldikdə isə əslində, bu, bir o qədər də prinsipial məsələ deyil. Nəzərə alsaq ki, bu gün Qərblə Rusiya bir-biri ilə bu məsələdə rəqabət aparırlar, ona görə də nə Qərb, nə də Rusiya platformasında yekun sənədin imzalanmaması daha məqsədəuyğundur. Bunun üçün Gürcüstanı da seçmək olar. Bundan başqa, Qazaxıstan da yeni platforma təklif etmişdi və orada xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib” – deyə o, əlavə edib.

“Qazaxıstanın Azərbaycanla münasibətlərini, dost-qardaş dövlət olmasını, eləcə də Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətini, o cümlədən rəsmi Astananın İrəvanla münasibətlərini, KTMT və Avrasiya İqtisadi İttifaqında fəaliyyət göstərdiklərini nəzərə alsaq, yekun saziş Almatıda da imzalana bilər. Çünki bu ölkələrdə sazişin imzalanması nə Rusiya, nə də Qərbdəki dairələri qıcıqlandırmaz”, – həmsöhbətimiz yekunlaşdırıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Andrey Belousov KTMT-nin Astana sammitindəki çıxışı zamanı bəyan edib ki, NATO ölkələri həyasızcasına Azərbaycan və Ermənistana vasitəçilik xidmətləri təklif edirlər və sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir. O, əlavə edib ki, Vaşinqton və Brüssel Cənubi Qafqazda möhkəmlənməyə və Rusiyanı bu bölgədən sıxışdırmağa çalışırlar.

Rafi Müslümov

www.yenicag.az

1916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv