!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhün bu şərtlərdən kənarda alternativi YOXDUR

!Reklam – Yazi

Şuşa iyulun 21-də növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən bu Forumda 60-a qədər yerli media rəhbəri və nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumlarının təmsilçiləri iştirak edir.

Geosiyasi ziddiyyətlərin təhlükəsiz dünya nizamını təhdid etdiyi hazırkı dövrdə ölkəmizlə bağlı həqiqətlərin Azərbaycan Prezidenti tərəfindən məhz Şuşadan beynəlxalq birliyin diqqətinə çatdırılması tarixi yaddaşımıza həkk olunacaq unudulmaz hadisədir.

Dövlətimizin başçısı Forum iştirakçıları ilə üç saata qədər davam edən ünsiyyəti zamanı dünya birliyinə və nüfuzlu beyin mərkəzlərinə Cənubi Qafqazın bugünkü reallıqlarını və Azərbaycan həqiqətlərini təhriflərə yer qoymadan birbaşa özü çatdırdı. Nəzərə alsaq ki, Forumdan az müddət əvvəl Fransa Senatının rəhbəri Ermənistanın silahlandırılması ilə bağlı öz hökumətinə çağırış etmişdi, Rusiya XİN-i isə Laçın postunun açılması tələbini irəli sürmüşdü, Azərbaycan Prezidentinin cavab və mesajları, heç şübhəsiz ki, həmin dairələrin və nüfuzlu siyasi mərkəzlərin diqqətindən yayınmayacaq. Bu dairələr bir daha gördülər ki, Azərbaycan Liderinin mövqeyi öz ölkəsinin dövlət maraqlarına, beynəlxalq hüquq normalarına, tarixi ədalətə və praqmatik siyasətə söykənir. O da şübhəsizdir ki, havadarlarından hərtərəfli dəstək alan və bu səbəbdən yenidən xam xəyallara qapılan Ermənistan rəhbərliyi ilə yanaşı, Qarabağdakı separatçılar da bu mesajlardan nəticə çıxarmalı olacaqlar. Xoşlarına gəlsə də, gəlməsə də qəbul etməli olacaqlar ki, Azərbaycan Prezidentinin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən qətiyyətli mövqeyi ilə gec-tez barışmağa məhkumdurlar. Onlar bunu da nəzərə almalı olacaqlar ki, Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında vasitəçilik edən tərəflərin bu prosesi rəqabət müstəvisinə keçirmək cəhdlərinə münasibəti də dəyişməz qalır: “Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir. Biz bu gün görürük ki, məhz bu, Ermənistanda baş verir. Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar… Azərbaycana gəldikdə isə bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır”.

Dövlətimizin başçısı Minsk qrupunun, o cümlədən Fransanın vasitəçiliyini bərpa etməyə cəhd göstərən dairələrə açıq şəkildə bildirdi ki, Fransa artıq prosesdə yoxdur, Minsk qrupunun yenidən canlandırılması isə ölkəmiz üçün qəbuledilməzdir. Azərbaycan Prezidentinin Rusiya XİN-in Laçın yolunun açılması ilə bağlı tələbinə münasibəti də birmənalı oldu. Dövlətimizin başçısı növbəti dəfə bəyan etdi ki, sərhəd-keçid məntəqəsinin qurulması Ermənistanın üçtərəfli birgə Bəyanatın şərtlərini mütəmadi şəkildə pozmasına və bu şəraiti mümkün edən digər hərəkətlərə adekvat cavab olmaqla yanaşı, Azərbaycanın suveren hüququdur. Prezident İlham Əliyevin mühüm mesajlarından biri də Rusiya sülhməramlılarının Qarabağda-Azərbaycan ərazisində məskunlaşmasının müvəqqəti xarakter daşıdığını bir neçə dəfə xüsusi vurğulaması ilə bağlıdır. Müharibə zamanı Ermənistanın dinc əhalimizə qarşı “İskəndər”, “Toçka” və “Skad” raketlərindən istifadə etməsinə növbəti dəfə diqqətin yönəldilməsi isə elə həmin mesajın başqa bir üzüdür.

Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü sülh təşəbbüsünə sadiqdir, baxmayaraq ki, Ermənistan rəhbərliyinin bəyanatları ilə əməlləri əksər hallarda üst-üstə düşmür. Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatda nəzərdə tutulan öhdəliklərini tam şəkildə yerinə yetirməməsi həm də onun göstəricisidir ki, o, işğal dövründə adət etdiyi zərərli imitasiya vərdişlərindən hələ də əl çəkməyib. Dövlətimizin başçısı elə bu səbəbdən Ermənistana və ona havadarlıq edən dairələrə açıq mətnlə bu mesajı da verdi ki, sülh müqaviləsinin imzalanması üçün erməni silahlı qüvvələri Qarabağdan tam şəkildə çıxarılmalı və Ermənistan ərazisindən Naxçıvana çıxış təmin olunmalıdır. Prezidentimiz onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq.

Prezident İlham Əliyev vasitəçilikdə iştirakla bağlı bir-biri ilə rəqabət aparan, özünün iştirak etmədiyi formatı qıcıqla, bəzən isə yersiz aqressiya ilə qarşılayan dairələrə bu mühüm mesajı da verdi: “Əsas məsələ odur ki, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır”. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu mesajı qardaş Türkiyəni vasitəçilik prosesində tərəf kimi görməyən və ya görmək istəməyən dairələrə ən tutarlı cavab idi. Ermənistan rəhbərliyi də bu mesajdan adekvat nəticə çıxararaq nəhayət bilməlidir ki, hansısa havadarına bel bağlamaq, danışıqlar masasında onların köməkliyi ilə “əlinin” güclənəcəyinə ümid etmək mənasız vaxt itkisidir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Ermənistan rəhbərliyi sözlə ifadə etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərindəki suverenliyini rəsmi sənəddə də tanımalıdır. Sülhün, regionda dinc birgəyaşayışın bu şərtlərdən kənarda alternativi yoxdur.

Ülvi Quliyev

Milli Məclisin deputatı

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv