!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suqovuşanda rəsmi açılışlar - FOTO

!Reklam – Yazi

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlət başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Sonra dövlət başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

***

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlət başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi.

Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.

Dövlət başçısına və Mehriban xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.

Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar.

Dövlət başçısı və Birinci vitse-prezident məşq prosesini və bayraq şousunu izlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv