“Şura QHT sektorunun inkişafı üçün dəstəyini davam etdirir”

Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir.

Yenicag.az xəbər verir ki, bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür. Eyni zamanda müxtəlif nazirliklər, fondlar vasitəsi ilə də dövlət QHT sektorunun inkişafına dəstəyini göstəməkdədir. Bu diqqət və qayğı sayəsində Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb. Milli donor institutu olan Şuranın 2016-cı ildə elan etdiyi 3 qrant müsabiqəsi çərçivəsində ümumilikdə 469 400 manat maliyyə ayrılan 42 layihənin tərəfimdən aparılan monitorinqi də bunu ortaya qoyur.

Şuranın 2016-cı ildə birinci qrant müsabiqəsi çərçivəsində sosial məsələlər istiqaməti üzrə maliyyələşdirdiyi ümumi məbləği 257400 manat olan 28 layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və Biləsuvar, Ağdam, Qazax, Qəbələ, Beyləqan, Şamaxı, Sabirabad, Quba, Abşeron, Bərdə, Tərtər, Füzuli, Yardımlı, Gədəbəy, Şəki, Salyan, Qax, Masallı, Cəlilabad, İmişli, Saatlı, Hacıqabul, Ağsu rayonlarında həyata keçirilib. Layihələrin Azərbaycanın bütün regionlarını əhatə etməsi ilkin müsbət məqam kimi diqqət çəkir. Birinci qrant müsabiqəsində maliyyələşdirilən layihələr çərçivəsində ahıl və tənha vətəndaşların sosial adaptasiyası ilə əlaqədar 14 Binəqədi sakini üçün teatr turları təşkil olunub, həmin ərazidə yaşayan və sosial xidmət göstərilməyən 14 ahıl və tənha vətəndaş müəyyən olunaraq əldə olunan məlumatlar uyğun dövlət qurumlarına təqdim edilib. Tənha, ahıl, görmə imkanları məhdud şəxslərin sosial adaptasiyası üçün Sosial Xidmət Mərkəzinin təməli qoyulub. Mərkəz vasitəsilə görmə imkanları məhdud 10 ahıl və tənha şəxsə CD-pleyer paylanıb. Bakı, Xırdalan və Gəncə şəhərlərində istedadlı əlillərin əl işlərinin satış sərgiləri, eyni zamanda musiqi istedadı olan əlillərin ifasında konsert proqramları təşkil olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir sıra reabilitasiya məşğələləri aparılıb. Uşaqlar üçün loqoped xidməti, idman-intensiv hərəkətlər və digər təlimlər təşkil olunub. Aztəminatlı ailələrdə yaşayan beş yaşlı 60 uşaq üçün məktəbəhazırlıq kursları təşkil olunub. Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının paytaxt Bakı şəhəri başda olmaqla, zəngin tarixə malik Quba və Şəki şəhərlərinə eko-turları təşkil olunub.

Həyata keçirilən layihələr çərçivəsində sağlamlıq imkanı məhdud olan 22 uşağın əl işlərindən ibarət sərgi keçirilib. 50 nəfər sağlamlıq imkanı məhdud olan Qarabağ müharibəsi iştirakçısının, əlil-veteranın Qəbələ, İsmayıllı, Şamaxı, Qusar və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təşkil olunub. Müxtəlif mövzular üzrə 91 tədbir keçirilib, 2 adda kitab, 2 adda broşur, 14 adda buklet nəşr olunub, 2 sosial çarx hazırlanıb. Bu layihələr çərçivəsində 10 təlim keçirilib.

Monitorinqlər göstərir ki, QHT-lərin şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihələr çərçivəsində ehtiyaclı ailələrin üzə çıxarılması, onların sosial problemlərinin öyrənilməsi və bunun həlli üçün aidiyyatı dövlət orqanlarına müraciət edilməsi istiqamətində daha da effektiv və davamlı fəaliyyət göstərməsi lazımdır.

Şuranın 2016-cı ildə ikinci qrant müsabiqəsi çərçivəsində sosial xidmət sahələrində könüllü fəaliyyətin genişlənməsinə dair təşəbbüslər istiqamətində maliyyələşdirdiyi 5 layihə (cəmi 53000 manat) Bakı, Sumqayıt, Gəncə, Qazax və Qubada həyata keçirilib. Bu layihələr çərçivəsində 3-ü təlim olmaqla, 21 tədbir keçirilib, 3 adda buklet nəşr olunub. Əlilliyi olan fiziki məhdudiyyətli 32 uşağın əl işlərindən ibarət sərgi təşkil olunub, 50 nəfər məişət zorakılığı qurbanına psixo-sosial dəstək göstərilib, məktəblilər arasında ətraf mühitin mühafizəsinə həsr olunmuş yazı müsabiqəsi keçirilib. Həmçinin ağacəkmə aksiyası, evlərində tənha yaşayan ahıl insanlara sosial xidmət təşkil olunub.

QHT-lərin sosial xidmət sahələri üzrə layihələri çərçivəsində ev işlərində ahıl, xəstə insanlara kömək edilməsi, bu məqsədlə iməcliklərin həyata keçirilməsi, belə şəxslər üçün açıq təbiətə ekskursiyalar, turlar təşkil olunması, onların teatrlara aparılması, cəmiyyətə inteqrasiyasına yardım edilməsi, asudə vaxtlarının şən, səmərəli keçirilməsinə çalışılması çox faydalıdır.

Şuranın 2016-cı ildə III qrant müsabiqəsi çərçivəsində sosial – iqtisadi inkişafa dair təşəbbüslər və QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqamətlərində maliyyələşdirdiyi layihələrin monitorinqi də maraqlı nəticələr üzə çıxarıb. Sosial-iqtisadi inkişafa dair təşəbbüslər istiqaməti üzrə ümumi məbləği 127000 manat olan 15 layihə, QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti üzrə 32000 manat məbləğində 4 layihə maliyyələşdirilib.

Sosial-iqtisadi inkişafa dair təşəbbüslər istiqaməti üzrə həyata keçirilən layihələr çərçivəsində 5 təlim, 49 müxtəlif adda tədbir təşkil olunub, 1 adda kitab, 10 adda buklet nəşr olunub, 1 sayt, 2 sosial çarx hazırlanıb. Layihələr Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində, Qəbələ, Şamaxı, Sabirabad, Quba, Bərdə, Şəki, Salyan, Saatlı, Hacıqabul rayonlarında həyata keçirilib. Bu layihələrin icrası zamanı sosial imkanları məhdud 61 uşağın valideyninə hüquqi yardım göstərilib, regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi məqsədilə “Könüllülük Məktəbi” yaradılıb. Regionlarda fəaliyyət göstərən qadın fermerlərinin uğur hekayələri və müsahibələri hazırlanaraq mediada yayımlanıb. Həmçinin cəzaçəkmə müəssisələrində azadlığa çıxmaq ərəfəsində olan 50 məhkuma hüquqi, tibbi, sosial, psixoloji yardım göstərilib, azadlığa çıxmış şəxslərin sosial adaptasiya prosesinə köməklik göstərilməsi üçün “qaynar xətt” yaradılıb. Bakı şəhəri və Quba-Xaçmaz rayonlarında 200-dən çox hemofiliyalı uşaq üçün stomatoloji xidmət təşkil olunub, Maştağa qəsəbəsində 20 nəfər sağlamlıq imkanı məhdud olan uşağa mobil sosial xidmət göstərilib.

QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər istiqaməti üzrə layihələr Bakı, Quba, Gəncə şəhərində həyata keçirilib. Bu çərçivədə “Dövlət-özəl sektor tərəfdaşlığı” adlı video-çarx və www.ppp.az internet səhifəsi hazırlanıb. Beyləqan rayonunda bir bələdiyyənin ərazisində 2 km yararsız yol təmir edilib.

QHT-lərə biznes qurumlarının dəstəyinin artırılması istiqamətində Bakı və Gəncə şəhərində “SİNERJİ” Forumu keçirilib. QHT-lərin özəl sektorun inkişafı istiqamətində qarşıya çıxan problemlərin ictimailəşdirilməsini təmin etməklə biznes və dövlət qurumları arasında effektiv “körpü” rolunu yerinə yetirməsi sahibkarların ictimai problemlərin həllində donora çevrilməsinin təşviqi baxımından mühüm amildir.

Hər üç müsabiqə çərçivəsində həyata keçirilən layihələrin piar işinin daha da gücləndirilməsi arzuolunandır. KİV-lərlə iş, icra olunan layihələrin nəticəsinin dolğun şəkildə ictimaiyyətə çatdırılmasının təşkili QHT-lərdən elmi və praktiki yanaşma tələb edir. Bu baxımdan QHT-lər həyata keçirdikləri layihələrin icra prosesinə peşəkar piar mütəxəssislərini cəlb etməyə çalışması faydalı olardı.

QHT-lərin layihənin icrası prosesində fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı planlaşdırmanı tamlıqla düzgün həyata keçirə bilməmələri, icra planının tərtibində qeyri-peşəkarlığa yol vermələri hallarına da rast gəlinir. Elə buna görə də bir çox QHT-lər layihənin icrası müddətində tədbirlərin keçirilmə vaxtının dəyişdirilməsi ilə əlaqədar Şuraya müraciət edirlər. Belə risklərin qarşılanması üçün QHT-lərin fəaliyyətlərini öncədən rasional formada planlaşdırmaları, layihələrin icrasına daha məsuliyyətli yanaşmaları, bütün məsələləri nəzərə almaları vacibdir. Diqqət çəkən digər bir məsələ də bəzi hallarda QHT-lərin həyata keçirdikləri uğurlu layihələrin hesabatlarını hazırlayarkən əldə olunan nəticələri yetərincə müfəssəl və dolğun şəkildə təqdim edə bilməmələridir. QHT-nin səmərəli şəkildə həyata keçiridiyi layihəyənin hesabatını da detallı olaraq, peşəkarlıqla hazırlaması vacibdir.

Layihələrin real icrası prosesi ilə bağlı foto və video çəkilişlərdə müsbət mənada keyfiyyət dəyişikliyinin müşahidə olunması diqqətiçəkən hallardan biridir. Həmçinin QHT-lərin elektron xidmətlərdən istifadə bacarıqlarının artması da təqdir olunmalıdır. Öncəki illərdə emaillərdən istifadə sahəsində problemlər mövcud olsa da, 2016-cı ildəki qrant müsabiqələri çərçivəsində maliyyələşən layihələrlə bağlı QHT-lərlə email vasitəsi ilə əlaqə yaradılması intensivləşib. Demək olar ki, QHT-lərin artıq 90 faizdən çoxunun bu sahədə bacarıqları formalaşıb.

QHT-lərin bacarıq və vərdişlərinin inkişaf etdirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlayan Şura layihələrin icrasının nəticələrini daima təhlil edərək QHT sektorunun inkişafı üçün müxtəlif istiqamətlər üzrə dəstəyini və səylərini davam etdirir.

Nigar Ağakişiyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin aparıcı məsləhətçisi

 

COP29