!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürət həddi aşağı salındı - Qəzaların da sayı azalacaqmı?

!Reklam – Yazi

Paytaxtda son 1 ay ərzində 10-a yaxın yolda sürət həddi endirilib və Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə bu prosesin davamlı olaraq icra ediləcəyi bildirilir. Bəs yollarda sürət həddinin endirilməsində əsas məqsəd nədir və sürət həddinin endirilməsi yollarda qəza riskini azaldacaqmı?

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev və Nəqliyyat eksperti Elməddin Muradlı danışıb. M.Ağayev sürət həddinin endirilməsi ilə bağlı paytaxtın 14 yolu üzrə qərarın qəbul olunduğunu və hazırda bu prosesin mərhələli şəkildə həyata keçirildiyini bildirdi:

“Bu barədə ümumilikdə 14 yol sahəsində sürət həddinin endirilməsi ilə bağlı rəhbərlik qərar qəbul edib və həmin yollarda mərhələli şəkildə sürət həddləri endirilir. Sonuncu dəfə Babək Prospekti və Qala-Türkan yolunda sürət həddləri endirildi və növbəti günlərdə də bu proseslər davam edəcək. Sürət həddlərinin endirildiyi yollar BNA və DYP tərəfindən xüsusilə seçilib, yəni biz həmin yollarda qəza risklərinin çox olduğunu, eyni zamanda il ərzində statistikaya görə qəza hallarının ən çox baş verdiyini nəzərə alaraq bu qərara gəlmişik. Burada əsəs məqsədimiz təbii ki, sürücülərin təhlükəsiz hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyidir”.

Nəqliyyat eksperti Elməddin Muradlı bu qərarın daha əvvəllər verilməli olduğunu və sürət həddinin endirilməsinin yanacaq sərfiyyatını da minimuma endirəcəyini bildirdi:

“Ümumiyyətlə, son zamanlar baş verən yol-nəqliyyat hadisələri BNA-nın belə bir addım atmasına səbəb oldu, çünki son bir aya nəzər salsaq yol-nəqliyyat hadisələrində yaralanan insanların sayının ciddi şəkildə artdığını və yol qəzalarının çoxaldığını görərik. Biz bunu bir daha aprelin 1-i və 2-si baş verən yol qəzalarında da müşahidə etdik ki, 2 gündə ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verdi və yaralanan şəxslərdən də biri dünyasını dəyişdi. Bütün bu səbəblər qəza hallarının çox olduğu yollarda sürət həddinin endirilməsinin vacibliyinin bir daha təsdiqlədi və bununla bağlı da görüldüyü kimi addımlar atılır. sürət həddinin endirilməsi nəinki qəza riskini azaldacaq, eyni zamanda avtomobillərin yanacağa daha çox qənaət etməyinə səbəb olacaq. çünki bir maşın nə qədər yüksək sürətlə hərəkət edərsə, yanacağ sərfiyyatı bir o qədər çoxalır. Lakin daha aşağı sürət həddinin tətbiq olunması yanacağ sərfiyyatını da azaldacaq, sürücülərin və piyadaların da daha təhlükəsiz hərəkət etməsinə səbəb olacaq”.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv