!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya teatrında Türkiyə SSENARİSİ: “Ankaranın öz şərtləri çərçivəsində Dəməşqlə anlaşması...” – ŞƏRH

!Reklam – Yazi

“Tel-Əviv İranın Suriyada zəiflədilməsinin yollarından biri olaraq Türkiyənin daha fəal rol almasında maraqlıdır”.

Bu fikirləri Türkiyənin Suriya ilə bağlı siyasətində müəyyən korrektələrə əl atmasının regiondakı vəziyyətə mümkün təsirini dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriya siyasətindəki yeni gedişləri fonunda İsraillə münasibətlərin normallaşması Ankaraya yeni imkanlar yaradıb:

“Rəsmi Ankaranın Suriya siyasətini yenidən nəzərdən keçirəcəyi ilə bağlı gözləntilər və təxminlər hələ ötən ilin ikinci yarısından başlayaraq fəal müzakirə edilirdi. Hazırda regionun şərtləri və bölgədə maraqları olan ölkələrin Türkiyə ilə münasibətlərinin mövcud vəziyyəti Ankara üçün həm mövqelərini və əldə olunmuş naliyyətləri möhkəmləndirməyə, həm də bununla bağlı uzunmüddətli təminat yaratmağa imkan verirdi.

Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra Moskva ilə genişlənən əməkdaşlıq və rusların Türkiyənin dəstəyinə ehtiyacının artması Ankaranın əvvəl əldə etməyə çətinlik çəkdiyi sövdələşmələrə yol açır. Eyni zamanda rusların dəstəyi İranın müqavimətini zəiflətməyə imkan verir. Çünki İranın özünün daxili problemləri Tehranın əvvəlki kimi fəal xarici siyasət yürütməsini çətinləşdirib.

İsraillə münasibətlərin normallaşması Ankaraya yeni imkanlar yaradıb. Yəni Tel-Əviv İranın Suriyada zəiflədilməsinin yollarından biri olaraq Türkiyənin daha fəal rol almasında maraqlıdır. Bu baxımdan Rusiyanın vasitəçiliyi şəraitində Bəşər Əsəd hökumətilə Ankaranın rəsmi təmaslarının başlaması gözlənilməz olmadı. Artıq xüsusi xidmət orqanları nümayəndələri arasında danışıqlar aparılıb, XİN başçılarının görüşü barədə razılıq əldə edilib, Türkiyə prezidenti suriyalı həmkarı ilə görüşü də istisna etməyib.

Türkiyə Əsəd hökuməti ilə anlaşaraq onun təhlükəsizlik zonası kimi elan etdiyi ərazilərdən YPG, PYD, PKK və Ankaranın siyasətinə qarşı çıxan qruplaşmaların tamamilə uzaqlaşdırılmasına, Əsəd qüvvələrinin nəzarət etdiyi bölgələrdə bu qruplara qarşı barışmaz mövqe sərgilənməsinə, özünə yaxın qruplaşmaların legitimlik qazanmasına çalışır. Xüsusilə, Şimali Hələb və Suriyanın Rakka əyalətlərinin şimalında yerləşən zonada, Hakasa, İdlib bölgəsində Ankaraya yaxın qruplaırn yerli hakmiyyətlər kimi legitimlik qazanmasına və tanınmasına, bu bölgələrin xüsusi statusunun Dəməşq tərəfindən qəbul edilməsinə çalışır.

Bunlar Türkiyə üçün çox mühüm məsələlərdir və Ankaranın öz şərtləri çərçivəsində Dəməşqlə mümkün anlaşması əhəmiyyətli diplomatik qələbə sayılardı. Əsəd hökuməti üçün də Ankara ilə münasibətlərin normallaşması çox mühümdür. Bu, eyni zamanda Əsəd üçün də diplomatik uğur kimi qiymətləndirilə bilər. Rəsmi Dəməşq Türkiyə ilə anlaşa bilərsə, bu həm ölkə daxilində, həm də xaricdə onun mövqeyini möhkəmləndirəcək və ABŞ, digər ölkələr Suriyaya yanaşmalarını dəyişməli olacaqlar”.

A.Zeynalov

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv