“Suriyanın atdığı hər bir mərmi Rusiyanındır” – Azərbaycanlı polkovnik

“Türkiyənin Suriyada “təhlükəsizlik zolağı” yaratmasına qarşı çıxan qüvvələr də var və baş verənlər məhz bunun göstəricisidir.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsində Türkiyə hərbçilərinin qəfil hücuma məruz qalaraq, itki verməsindən sonra hadisələrin mümkün inkişafını dəyərləndirən istefada olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun fikrincə, Suriyada gərginliyin yenidən artmasının arxasında Türkiyəni bu “teatr”dan sıxışdırmaq istəyən qüvvələrin əli var:

“Hər kəsə məlumdur ki, Suriyanın ərazisində böyük dövlətlərin maraqları toqquşur. Hal-hazırda orada “birinci skripka” rolunu Rusiya oynayır. Rusiya orada özünü Suriya hökuməti tərəfindən dəvət edilmiş bir dövlət kimi aparır, oradakı hərbi iştirakının legitim olduğunu qabardır.

Türkiyəyə gəldikdə isə rəsmi Ankara milli təhlükəsizliyinin təmin olunması üçün zəruri addımları atmalıdır. Suriyada proeseslər Türkiyənin sərhəd bölgələrinə yaxın ərazilərdə cərəyan edir. Ona görə də, Türkiyənin bölgədə təhlükəsizlik zolağı yaratmaq istəyi təbiidir. Lakin belə bir zolağın yaradılmasına qarşı çıxan qüvvələr də var və baş verənlər məhz bunun göstəricisidir.

Biz bilirik ki, Türkiyə ilə Rusiya arasında münasibətlər tam normallaşdırılmışdı, ikitərəfli hərbi-texniki əməkdaşlıq inkişaf etdirilirdi. Türkiyə ilə Rusiyanın münasibətlərini pozmaq istəyən qüvvələr Suriyada gərginliyin yenidən artmasında çox maraqlıdırlar.

Ola bilsin, ötən gecə baş verən hadisədə Rusiyanın əli olmasın. Ancaq Suriyanı silah-sursat və hərbi texnika ilə təmin edən ölkə Rusiyadır. Yəni Suriyanın atdığı hər bir mərmi Rusiyanındır”.

Polkovnikin fikrincə, Türkiyə və Rusiya rəhbərliyi gərginliyin azaldılması üçün addımlar atacaqlar:

“Həmişə olduğu kimi, Rusiya və Türkiyə rəhbərliyi bu dəfə bir araya gələrək, yaranmı vəziyyəti müzakirə edəcəklər. Fikrimcə, Ankara ilə Moskva ortaq məxrəcə gələcəklər. Amma bütün hallarda Türkiyə öz təhlükəsizliyinə xələl gərirən heç nəyi qəbul etməyəcək”.

Səxavət Məmməd

COP29