Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Şuşanı görmək, Cıdır düzünə qalxmaq arzusundayam" - Svetlana Bayramovanın ad günü istəyi

Bu gün Şair Tofiq Bayramın bacısı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının sabiq üzvü, bu günlərdə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən, həmişə cəsarətli və əqidəsinə sadiqliyi ilə seçilən Svetlana Bayramovanın doğum günüdür.

Səbəbkar doğum günü təəssüratlarını Yenicag.az-la bölüşüb:

– Açığı doğum günlərimi o qədər də sevmirəm. Bunun da səbəbi var. Vaxtilə ətrafımda sevdiyim insanlar, doğmalarım, əzizlərim vardı. Onda doğum günlərimdən xüsusi zövq alardım. Bu gün onların çoxu yanımda yoxdur. Ona görə də doğum günümdə nostalji hisslər keçirirəm. Bu gün onların ruhu qarşısında hardasa xəcalət çəkirəm ki, dünyalarını dəyişiblər, amma mən hələ də yaşayıram.

– Qardaşınız Tofiq Bayram sağ olsaydı, sizi necə təbrik edərdi?

– Səhər-səhər zəng edəcəkdi. Sonra da təbrik üçün yanıma gələcəkdi.

– Rəqəmlərin sizin üçün fərqi varmı; yaşı nəzərdə tuturam?

– Rəqəmlərin insan həyatında önəmi böyükdür. Bəzən deyirlər ki, daxilən hansı yaşdayamsa, özümü o yaşda hiss edirəm. Mən bu fikirlə razı deyiləm. Hər mənada yaşanan illər öz işini görmüş olur. Bunun müsbət və mənfi tərəfləri var. Yaşlandıqca həyata daha açıq gözlə baxırıq, daha da müdrikləşirik. Eyni zamanda da, günü-gündən bizdən uzaqlaşan cavanlıq artıq bir xatirəyə çevrilir.

– Hansı yaşınızı daha çox sevmisiniz?

– Yadıma gəlir ki, 17 yaşım olanda, evdən çıxıb getdim. Bütün günü evə qayıtmaq istəmədim. Həmin dönəmlərdə dünya və Azərbaycan ədəbiyyatını oxumuşdum, məşhurların həyatını əzbər bilirdim. Evarist Qaula 17 yaşında olanda qanun kəşf etmişdi. Fikirləşdim ki, ilahi, mənim 17 yaşım var, hələ heç nə etməmişəm. Mən evdən getdim ki, hansı haqla özümə doğum günü keçirim? Ömrü boyu bu hiss məni tərk etmədi.

– Nəsibiniz olan bu ömür payının hamısını yaşamısınız, yoxsa, yola verdiyiniz illər də oldu?

– Yola verdiyim illər nədir, heç gün belə olmayıb. Düzdür, hesab edirəm ki, elə bir cahanşümul iş görməmişəm. Amma həmişə fikirləşmişəm ki, namərd olmadım, pislik etmədim, həmişə tutduğum yolla getmişəm.

– Təvazökar olmayın, bugünlərdə əməyiniz prezident tərəfindən yüksək qiymətləndirildi, “Tərəqqi” medalına layiq görüldünüz…

– Mənim üçün böyük dəyərdir, prezidentimə minnətdaram.

– Hədiyyələrə münasibətiniz necədir? Xanımlar hədiyyə sevən olur.

– Hədiyyələri sevməmişəm. Heç hədiyyə verməyi də sevmirəm. Bəzən hədiyyə məsələsi insanlar arasında uçurum yaradır. Harasa gedəndə düşünmürəm ki, əlimdə nəsə olmalıdır. Məni istəyən adamlara da həmişə deyirəm ki, hədiyyə istəmirəm. Mənim üçün xoş təbəssüm ən böyük hədiyyədir.

– Tanrıdan ən böyük hədiyyənizi necə almısınız, yoxsa, hələ gözləyirsiniz?

– Almışam. Övlad sahibiyəm. Nəvələrim də var. Onları həyatda ən böyük uğurum və Tanrıdan hədiyyəm saymışam.

– Deyirlər qadını gözəlləşdirən, həyata bağlayan sevgidir…

– Mən özümü heç vaxt gözəl qadın hesab etməmişəm. Həyatda yaşıllığı, gül-çiçəyi, onlara qulluq etməyi sevmişəm. Bu sevgi qəlbimi tam əhatə edir.

– Elə bir adam varmı, gözünüz yoldadır ki, zəng edib, ya qapınızı döyüb, sizi təbrik etsin?

– Dünyasını dəyişən adamlardan başqa, sevdiyim və məni sevən insanların hamısı məni təbrik edib. İnsanların münasibətindən həmişə razı qalmışam, məni olduğumdan daha yüksək qiymətləndiriblər. Onlar çox sevdiyim dostlarım və əzizlərimdir.

– Sizi dostlarınıza daha çox hansı xüsusiyyətiniz sevdirib?

– Ola bilər ki, insanlara qarşı bəzən yanlışlarım, diqqətsizliyim olub. Amma sağ olsunlar, həmişə bunu mənə bağışlayıblar.

– Göy qurşağına bənzətsək, həyatınızı daha çox hansı rənglər bəzəyib?

– Yaşıl rəng. Bu rəngi çox sevirəm.

– İçinizdəki kədəri boğmaq üçün bəzən həyata yalandan gülümsədiyiniz anlar olubmu?

– Heç vaxt. “Mən-mən” sözündən heç vaxt xoşum gəlmir. Çalışmışam olduğum kimi görünüm. Təbiətimdə təzadlar olmayıb.

– İçinizdəki kədəri çoxmu boğmaq istəmisiniz?

– Allaha inanan və tapınan insanam. Hər şeyi Allahın iradəsi kimi qəbul etməyə hazır olmuşam. Heç vaxt Allaha içimdə üsyan olmayıb. Daxilən pozitivə köklənmişəm. Özümlə bağlı kədərli günlərim az olub.

– Tanrıdan ən böyük istəyiniz nədir?

– Ən böyük istəyim əzizlərimizin sağlığı, ölkəmizin firavanlığıdır. Uşaqlıqda tez-tez getdiyim Şuşanı görmək istəyirəm. Cıdır düzünə qalxmaq arzusundayam. Uşaq vaxtı Sınıq bulaq, Çəkməli bulaq və çox gözəl yerləri gəzmişəm. Yenə o yerləri görmək istəyirəm.

– İçinizdən boylanan balaca Svetlananın gözlərində daha çox kədər görürsünüz, yoxsa sevinc?

– Daha çox özümdən narazılıq görmüşəm və ömrü boyu bu xətt içimdən keçib. İndi də özümdən razı adam deyiləm. Bəlkə də fikirləşmişəm ki, nəyisə edə bilərdim, amma etməmişəm. Hünərim cəsarətim buna çatıb, bundan artıq edə bilmədim.

– O qızcığazın saçına sığal çəkirsinizmi?

– Bir sirr açım. Evimizin çox sevimli uşağı olmuşam. Baxmayaraq ki, evin nə birincisi, nə də sonuncusu deyiləm, amma sevilmişəm. Anamın böyük övladı Qaraşəhərdə doğum evində dünyaya göz açıb. Ailənin yeganə uşağıyam ki, evimizdə doğulmuşam.

– Özünüzü üç sözlə necə ifadə edərdiniz?

-Özümü ifadə etməyim çətindir. Dostlarımın mənə münasibəti özüm haqqında deyəcəklərimdən daha qiymətli olar.

– Onda, gəlin, bu sualın cavabını dostlarınızın, sizi sevənlərin öhdəsinə buraxaq. Bu yazını oxuyub, sualımı tamamlayarlar…

P.S. Aqil Ələsgər başda olmaqla, Yenicag.az komandası adından dəyərli ziyalımız, dostumuz Svetlana Bayramovanı təbrik edirik. Həyat hər zaman üzünüzə gülümsəsin, gözəl xanım!

Cəvahir Səlimqızı

www.yenicag.az

2046
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS