!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tacsız kral”ın QÜRUBU: Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu – TƏHLİL

!Reklam – Yazi

Ermənistan prezidenti Armen Sərkisyanın istefası ilə ölkənin ali siyasi hakimiyyəti “yad element”dən təmizləndi.

44 günlük müharibədə Azərbaycanın hərbi planda darmadağın etdiyi Ermənistanda tez-tez qabaran daxili siyasi qarşıdurma ölkənin prezidenti (artıq sabiq) Armen Sərkisyanın istefası ilə özünün məntiqi sonluğuna yetişdi.

Ermənistanda keçirilən son parlament seçkilərində Rusiyanın dəstəklədiyi “Qarabağ klanı”nın lideri Robert Koçaryanın uğradığı ağır məğlubiyyəti, əslində, həm də Armen Sərkisyan üçün gediş hökmü anlamına gəlirdi.

2018-ci ildə Ermənistanda baş tutan seçkilərdən sonra Serj Sərkisyann öz iflasından öncə Armen Sərkisyanı səlahiyyətsiz prezident postuna gətirməyə imkan tapdı. Bunun ardınca sürətlə cərəyan edən proseslər ölkədə 1998-ci ildən hakimiyyətdə olan “Qarabağ klanı”nın hegemonluğuna son qoymaqla, Nikol Paşinyanın siyasi Olimpə yolunu tamamilə açdı.

Paşinyanın baş nazir postunu əldə etdikdən sonra hakimiyyətin bütün strukturlarında həyata keçirdiyi “təmizlik işləri” o qədər sürətlə və rəvan keçdi ki, o sırada Armen Sərkisyanın prezident postundan kənarlaşdırılması yeni iqtidar üçün aktuallıq daşımadı.

Armen Sərkisyanın hansı şəraitdə prezident postuna gətirildiyini yuxarıda vurğuladıq. Növbəti seçki saxtakarlığından sonra artıq prezident yox, baş nazir kürsüsünə iddia edən Serj Sərkisyan erməni diasporu ilə sıx bağlılığı olan həmsoyadından müəyyən qədər “sabitləşdirici” faktor kimi yararlanmağı düşünürdü. Lakin Sərkisyanın devrilməsi səbəbindən həmin “faktor” heç vaxt aktivləşmədi.

Paşinyanın hakimiyyətə gəlişinin ilk 2 ilində prezident və baş nazir arasında hər hansı ciddi qarşıdurma, yaxud da fikir ayrılığına dair elementə rast gəlinmədi. Daha doğrusu, Sərkisyan özünün məhdud səlahiyyətlərində olan qərarların qəbulunda Paşinyanın iradəsini qeyd-şərtsiz qəbul edirdi.

Lakin 44 günlük müharibə bu dəngəni kökündən sarsıtdı və Ermənistanın sarsıdıcı məğlubiyyəti prezidentlə baş nazir arasında “sülh”ü aradan qaldırdı. Nəticədə antiPaşinyan cəbhəsində özünə ciddi mövqe tutan Sərkisyan baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlik hərbi-siyasi cəhdləri fəal surətdə dəstəkləməklə diqqəti özünə cəlb etdi.

Məğlubiyyətə görə Paşinyanı ən açıq mətnlə ittiham edən Sərkisyanın bundan artığına gücü çatmadı və çata bilməzdi. Nəticədə siyasi marionet olduğunu və ölkədaxili vəziyyətə heç bir təsir imkanının olmadığını birmənalı qəbul edən Sərkisyan istefasını elan etdi. Bununla da ölkənin ali siyasi hakimiyyəti Sərkisyanın timsalında sonuncu “yad element”dən təmizlənmiş oldu.

Ermənistan parlament respublikası olduğu üçün Sərkisyanın xələfinin kim olacağı bəlkə də çoxlarına maraqlı görünmür. Amma Ermənistan mediasının iddiasına görə, Paşinyan bu vəzifəyə ən yaxın silahdaşlarından birini gətirməyi düşünür. İlk namizəd kimi isə xarici işlər naziri Ararat Mirzoyanın adı daha çox hallanır. Onun indiki preztijli vəzifəsini simvolik posta dəyişib-dəyişməyəcəyi yaxın günlərdə məlum olacaq.

A.Zeynalov

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv