!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi-dini abidələrimiz milli kimliyimizin ayrılmaz parçasıdır - Allahverən Məmmədzadə

!Reklam – Yazi

Azərbaycan ərazisi qədim tarixi-dini abidələrlə zəngindir. Bu zənginliyi şərtləndirən başlıca cəhət multukulturalizmin və tolerantlığın qədim dövrlərdən Azərbaycan ərazisində geniş yayılmasıdır. Elə buna görədir ki, doğma yurdumuz Azərbaycanda məscidlərlə yanaşı alban məbədləri, yəhudi sinaqoqları da yayılmışdır. Şəkinin Kiş kəndində yerləşən Müqəddəs Yelisey kilsəsini, Xocavəndin Sos kəndi ərazisində yerləşən Amaras monastrını, Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastrını, Qırmızı qəsəbədə fəaliyyət göstərən Giləki sinaqoqunu, Oğuzda “Yuxarı Məhəllə” sinaqoqunu, Şuşanın mərkəzi meydanını bəzəyən Yuxarı Gövhərağa məscidini və Saatlı məscidini misal göstərmək olar.

Heç şübhəsiz bu tarixi-dini abidələrin hər birinin spesifik xüsusiyyətləri vardır. Axı onlar öz mənsub olduqları dinin ibadətgahı kimi müəyyən bir etiqadi, ibadi və əxlaqi kriteriyaların atributudurlar. Məsələn, bu baxımdan diqqəti belə bir cəhət cəlb edir ki, Xocavəndin Sos kəndindəki Amaras monastrı lV əsrin 30-cu illərindən etibarən monastr yeparxiya mərkəzi olmuş və XlX əsrə kimi bu funksiyanı yerinə yetirmişdir. Yaxud V əsrdə Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə üsyan (449-451) zamanı dağıdılan məbəd lll Mömin Vaçaqanın sifarişi ilə yenidən bərpa edilmişdir.

Qubadakı Qırmızı qəsəbədə yerləşən Qusar sinaqoqu isə özünün mürəkkəb estetik quruluş və görkəmi ilə seçilir. Belə ki, hündürlüyü 14 m olan bu sinaqoq hər tərəfdən 4 kiçik bürclə və 2 çadırşəkilli güllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı qəsəbənin simvolu sayılır.

Sinaqoqla bağlı daha çox maraq doğuran cəhət bu dini-tarixi abidənin içərisidir. Belə ki, sinaqoqda böyük dua otağı var. Burada Tövratın və digər dua kitablarının saxlanması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş” yəni “müqəddəs mücrü” adlanır.

Alban və yəhudi abidələri kimi müsəlman məscidləri də çox keşməkeşli tarixi yol keçmişdir. Şuşadakı Yuxarı Gövhər ağa məscidinin inkişaf mərhələləri bunun bariz təzahürüdür. Belə ki, məscid öncə Pənahəli xanın göstərişi ilə təxmini 1750-ci illərdə qamışdan tikilmiş, İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-69-cu illərdə onun yerində daşdan yeni məscid inşa edilmişdir. Gövhər ağa isə özünün maddi vəsaiti ilə XlX əsrin l ci yarısında orada qoşa minarəli yeni məscid binası ucaltmışdır. Ən nəhayət Yuxarı Gövhər ağa məscidi 1883-cü ildə indiki şəklini almışdır. Bu yeni arxitekturanın müəllifi isə Qarabağda bir çox tikililəri ilə ad çıxaran Kərbəlayi Səfixan Qarabağidir.

Yuxarı Gövhər ağa məscidi özünün orjinal ornament cizgiləri ilə də maraq doğurur. Belə ki, məscidin minarələrinin dekoru və yaxınlıqdakı mədrəsənin 2-ci mərtəbəsində otaqlardan birinin divar rəsmləri məşhur Qarabağ ziyalısı, tanınmış ədib və musiqişünas, rəssamı Mir Möhsün Nəvvaba aiddir.

Bu deyilənlər bir daha inkarolunmaz sürətdə sübuta yetirir ki, Qədim Odlar yurdu  Azərbaycan başqa sahələrdə olduğu kimi özünün dini-tarixi abidələri ilə də multukulturalizmin və tolerantlığın beşiyidir və onlar Azərbaycan xalqının tarixi-mədəni keçmişinin rəmzi olaraq bu gündə vətəndaşlarımızın dünyagörüşünü formalaşdıran milli-mənəvi dəyərlər sırasında öz möhkəm yerini qoruyub saxlayır.

Məmmədzadə Allahverən Davud oğlu,

Bakı şəhəri, Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidi dini icmasının sədri .

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv