Reklam

Reklam

Tarixçilərin dediyinə görə bir zaman dünyada matriarxalizm, yəni qadın hegemonluğu hökm sürürdü. O zamanlar necə deyərlər, kişilər ikinci dərəcəli insan sayılırdı. Hətta qədim insanlar tanrıçaları da qadın cinsində təsəvvür edirdi. Biz bunun nümunələrini ən qədim Şumer, Babil, Türk və sair mifologiyalarında görə bilirik. Zaman keçdikcə yaşayış şərtləri insanlardan ağır vəzifələri yerinə yetirməyi tələb edirdi. İnsan ova getməli, vəhşi heyvanlarla üzləşməli, gərəkirsə, döyüşməli və evinə, ailəsinə ruzi gətirməli idi. Bütün bunlar üçün isə fiziki dözüm və güc tələb olunurdu.

Belə ağır işlərin öhdəsindən gəlməyi isə qadınlardan daha çox kişilər bacarırdı. Odur ki, matriarxalizm yavaş-yavaş öz yerini patriarxalizmə, yəni kişi hegemonluğuna verməyə başladı. Bu heç də o demək deyil ki, qadınlar tədricən arxa plana keçdilər. Qətiyyən belə deyil. Son 3 min ildə bəşər tarixində özünəməxsus yeri olan, dövlətlər idarə edən, ordulara başçılıq edən və misilsiz qəhrəmanlıqlar göstərən kifayət qədər qadın ismi çəkə bilərik. Məsələn 2500 il əvvəl yaşayan sak türkü Tomrisin dövlət başçısı və qəhrəman döyüşçü kimi etdikləri bütün dünyaya bəllidir. Min illər sonra Ağqoyunlu dövlətində Sara Xatunun diplomatik gedişləri onun adını tarixə qızıl hərflərlə yazdı. Misalların sayını istənilən qədər artırmaq olar. Bütün bunlar onu göstərir ki, qadın zəkasına və düşüncəsinə hər zaman ehtiyac olub.
Artıq matriarxalizm (qadın hegemonluğu) və ya patriarxalizm (kişi hegemonluğu) adlanan dövrlər çox arxada qalıb. İndi belə demək mümkünsə, sadəcə olaraq insan dövrüdür. Cinsindən və rəngindən asılı olmayaraq zəkası və qabiliyyəti olan önə çıxır, əməlləri ilə tarix yazır. Müasir dövrdə fiziki güc deyil, ağıl, zəka gücü önəmlidir. Odur ki, əvvəlki yüzilliklərdə olduğu kimi son yüz ildə də millətlərin və dövlətlərin tarixini qadınsız təsəvvür etmək mümkün deyil. 20-ci yüzilliyin ortalarında Hindistanda dünyanın siyasi səhnəsinə çıxan İndira Qandinin dövlətçilik istiqamətində atdığı addımlar, keçirdiyi islahatlar, Pakistanda iki dəfə baş nazir seçilmiş Bənazir Buhuttonun ölkənin demokratikləşməsi istiqamətində gördüyü işlər, dünyanın “Dəmir ledi” kimi tanıdığı Marqaret Tetçerin siyasi və diplomatik fəaliyyəti, dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrindən olan Almaniyanı 2005-ci ildən bu günə qədər idarə edən Almaniyanın kansleri Angela Markel və digər xanım liderlər sübut etdilər ki, dünyanın idarə olunmasında onların da ağlına və bacarıqlarına hər zaman ciddi ehtiyac var.

Bu baxımdan Azərbaycan da dünyaya örnək ola biləcək ölkələr sırasındadır. Azərbaycanda son yüz ildə qadınlar kişilərlə çiyin-çiyinə çalışmış, ictimai-siyasi həyatda ciddi fəallıq nümayiş etdirmişlər. Bütün müsəlman şərqində cəhalətin simvolu olan çadradan ilk imtina edən Azərbaycan qadını, bütün şərq qadınları arasında ilk səsvermə – seçmək və seçilmək hüququ qazanmışdır. Bu qadınlar sovetlər dönəmində ictimai fəallığı ilə seçildi, deputat oldu, əmək qəhrəmanı adına yiyələndi və sair. 1991-ci ildən – müstəqillik qazananadan sonra ildən-ilə qadınlarımızın ictimai, siyasi sahədə, eləcə də həyatımızın bütün sahələrində fəallığı artan xətt üzrə yüksəlməyə başladı. Və bunun ən bariz nümunəsi Mehriban xanım Əliyeva oldu. Qısaca olaraq deyim ki, Mehriban xanım Bakı şəhərində anadan olub. UNESCO-nun Xoşməramlı səfiri olan xanım Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. O, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə parlament seçkilərində 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili seçilib.

Artıq Azərbaycan Mehriban xanımın timsalında dünya siyasi arenasına yeni bir “Dəmir ledi” ilə çıxır. Bu çıxışla Azərbaycan, eləcə də ümumtürk tarixində qadının önəmli yerinin bu gün də davam etdiyini əyani şəkildə sübut edir. Dövlət başçısı İlham Əliyevin qərarı ilə onun I Vitse-prezident təyin edilməsi hesab edirəm ki, tarixi zərurət və ya tam zamanında verilmiş tarixi qərardı. Bu qərar birdən – birə meydana çıxmadı. Bu qərara qədər artıq Mehriban xanım özünün yüksək dəyər daşıyıcılığı, fəallığı və az qala ümumavrasiya miqyasında əhəmiyyətli sayıla biləcək fəaliyyəti ilə özünü dünyaya tanıtmışdı. Heydər Əliyev fondunun prezidenti kimi onun gördüyü işlər təkcə ölkəmizdə deyil, beynəlxalq müstəvidə də hər kəsə yaxşı məlumdur. Bu səbəbdən onun çoxşaxəli fəaliyyətini bir daha təkrarlamağa lüzum görmürəm. Odur ki, onunla bağlı dövlət başçımızın qərarı istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə təəccüblə qarşılanmadı. Əksinə bu, gözlənilən və istənilən, arzu olunan qərar idi deyə, milyonlar tərəfindən alqışla qarşılandı. Ən əsası isə o, istər ölkə daxilində, istərsə də ölkə xaricində humanist və xeyriyyəçi insan kimi tanınır. Millət vəkili Qənirə Paşayeva Mehriban xanım haqqında yazdığı bir məqalədə bunu xüsusi vurğulayır. Hesab edirəm ki, demək istədiyimi ifadə etdiyi üçün həmin yazıdan bir cümləni sitat gətirmək tam yerinə düşər:

“O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda xeyriyyəçilik institutunu fəal şəkildə inkişaf etdirdi. Çünki azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə aşınmaya məruz qalmışdı. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, çağdaş dünyada və məhz çağdaş anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını açıqladı və bir məktəbin əsasını qoydu”. Bu sitat ölkə daxilində Mehriban xanım haqqında deyilən və yazılan yüzlərlə deyimdən kiçik bir nümunədi.
Mehriban xanımın fəaliyyətinə dünya mediası da biganə deyil. Xüsusilə son illər onun gördüyü, həyata keçirdi çoxşaxəli işlərlə bağlı beynəlxalq mediada qürurverici yazılar yayımlanmaqdadır. Bu onu göstərir ki, artıq xarici ölkələrin istər qələm adamları, istərsə də siyasətçiləri və dövlət xadimləri Mehriban xanımın simasında yeni bir xanım liderin meydana çıxmasını görürlər və qəbul edirlər.

Hələ bir neçə il öncə Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində, “DNA News” informasiya agentliyində və “Centreline” jurnalında tanınmış jurnalist Həmid Şahinin “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsi dərc edilmişdi. Həmid Şahin məqaləsində Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan olduğunu qeyd edərək bildirib ki, tanınmış ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib.

2015-ci ildə Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında o zaman “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri olan Mehriban Əliyeva haqqında məqalə dərc edilmişdi. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat yolundan bəhs edilirdi. Bu yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının həmin il iyunun 12-28-də Bakıda keçirilən birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biri idi. Əlbəttə bütün bunlar Azərbaycana və Azərbaycanı bütün xarici səfərlərində ən yüksək səviyyədə təqdim etməyi bacaran Mehriban xanım Əliyevaya, onun şəxsiyyətinə olan hörmətdən yaranırdı.
Daha bir nümunə: Ötən il, yəni 2016-cı ildə Küveytin geniş oxucu kütləsinə malik olan “Əl-Nahar” qəzetində və bu qəzetin elektron səhifəsində Mehriban xanım Əliyeva haqqında geniş məqalə dərc olunmuşdu.

Jurnalist Samira Frimeçenin müəllifi olduğu məqalədə Mehriban Əliyevanın həyatı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söhbət açılırdı. Müəllif, həmçinin Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat vermişdi.
Bununla yanaşı, məqalədə Mehriban xanım Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən Fəxri diplomla təltif edildiyi də vurğulanmışdı.
Əlbəttə bu kimi nümunələrin sayını istənilən qədər artırmaq olar. Bunlar nə ilkdir, nə də son. Bütün bu nümunələr onu göstərir ki, Mehriban xanım Əliyeva I Vitse-prezident təyin olunana qədər artıq özünü dünya arenasında kifayət qədər tanıda bilib və göstərdiyi ardıcıl, məqsədyönlü fəaliyyəti ilə özü haqqında ən yüksək müsbət imic yaratmağı bacarıb. Bu səbəbdən dövlət başçısı tərəfindən onun I Vitse-prezident təyin edilməsi gözlənilən, arzuolunan və tarixi bir qərar oldu.

Biz inanırıq ki, Mehriban xanım yeni postunda indiyə qədər görmüş olduğu dövlət əhəmiyyətli fəaliyyəti daha geniş müstəvidə və daha yüksək şəkildə davam etdirəcək və bu təyinat bütün Azərbaycan xalqı üçün, eləcə də türk dünyası üçün çox faydalı olacaq.

Biz Mehriban xanıma yeni görəvində uğurlar arzu edirik və uğurlarının davamlı olmasını arzulayırıq.
Və inanırıq ki, Mehriban xanım Əliyevanın I Vitse-prezident təyin edilməsi Azərbaycanın dövlət kimi inkişafının yeni və daha qüdrətli mərhələsinin başlanğıcı olacaq…

Xaliq Şükürov Hüquq üzrə fəlsəfə doktoru

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."