!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taxıl Sazişinə qayıtmaq üçün Rusiyanın TƏLƏBLƏRİ: "Bütün dünya üçün çətinliklər yaranacaq" - POLİTOLOQ

!Reklam – Yazi

“Rusiyanın Taxıl Sazişindən çıxması bütün dünya üçün çətinliklər yaradacaq”.

Bu fikri Taxıl Müqaviləsinin dayandırılması, Türkiyənin atacağı addımlar və Ukraynanı gözləyən çətinlikləri dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Rusiya Taxıl Sazişindən çıxmaqla Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların aradan götürülməsinə çalışır:

“İyulun 17-də Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə “Qara Dəniz Taxıl Təşəbbüsü” kimi tanınan taxıl müqaviləsinin dayandırıldığını elan edib. Bu məlumat daha sonra Rusiya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.

Rəsmi açıqlamada bu qərarın səbəblərinə aydınlıq gətirilərkən vurğulandı ki, Rusiyaya verilən sözlər yerinə yetirilmədiyinə görə bu addım atılır və əgər Rusiyanın tələbləri yerinə yetirilərsə, yenidən “Taxıl dəhlizi” razılaşmasına qayıdıla bilər.

Rusiyanın tələbləri isə bunlardır:

Ukrayna kimi rus taxılının da Qara dəniz üzərindən ixracına imkan yaradılmalı, Rusiya Kənd Təsərrüfatı Nazirliyinə aid “Rosselxozbank” yenidən beynəlxalq SWIFT sisteminə qoşulmalı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərinin ixracı bərpa edilməli, sığorta üzrə məhdudiyyətlər və limanlara giriş qadağaları aradan götürülməli, “Tolyatti-Odessa” ammonyak boru kəmərinin işi bərpa olunmalı, ərzaq və gübrələrin istehsalı və daşınması ilə bağlı Rusiya şirkətlərinin xarici aktivləri və hesabları blokdan çıxarılmalıdır.

Göründüyü kimi, Rusiya taxıl sazişindən çıxmaqla Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların aradan götürülməsinə çalışır. Xüsusilə də “Rosselxozbank”ın yenidən normal fəaliyyət göstərməsinə nail olmaq istəyir. Bu tələb əslində yeni tələb deyil və indiyə qədər Rusiya tərəfindən bir neçə dəfə səsləndirilib. Avropa İttifaqı isə bu tələbin qarşılanması üçün “Rosselxozbank”a bağlı yan şirkət yaratmağı, taxıl və gübrə ixracatını bu yan şirkət vasitəsilə həyata keçirməyi təklif edir. Amma Rusiya bu təkliflə razılaşmır, dolayısı ilə Qərbin ona tətbiq etdiyi sanksiyalardan birdəfəlik xilas olmaq üçün dünyanın taxıla möhtac ölkələrini aclıqla sınağa çəkmək yolu ilə öz hədəfini reallaşdırmağa ümid bəsləyir.

Rusiya gübrə ixracı ilə bağlı tələbdə də eyni mövqedən çıxış edir. Ötən il sentyabrın 20-də Rusiya eyni tələbləri dilə gətirəndə Aİ-nin ali nümayəndəsi Cozep Borrel Rusiyanın ittihamlarına cavab verərək bildirmişdi ki, Qərb ölkələri onun ərzaq məhsullarına və gübrə ixracına heç bir məhdudiyyət qoymayıb, sadəcə olaraq, beynəlxalq tədarükçülərin özləri Rusiya ilə ticarətlərini davam etdirmək istəmirlər.

Fakt odur ki, həqiqətən də ötən ilin may ayında Rusiya özü dünya dövlətlərini aclıqla imtahana çəkməklə onlara gübrə ixracını məhdudlaşdırmış, nəticədə bir çox beynəlxalq tədarükçünü özündən uzaqlaşdırmışdı. Rusiyanın bu barədə qərarını onun BMT-dəki nümayəndəsi Vasili Nebenzya qurumun 2022-ci il may ayında keçirilən sessiyasında dilə gətirmiş və sözügedən təhdid istənilən effekti verməmişdi. Qlobal tədarükçülərin bir çoxu həmin şantajdan sonra Moskvanı etibarsız tərəfdaş adlandıraraq rus məhsullarını almaqdan imtina etmişdilər.

Tolyatti–Odessa ammonyak boru kəmərinə gəldikdə isə, bu kəmər Rusiyanın gübrə ixracatında ən önəmli kanallarından biridir. 800 km uzunluğunda olan bu kəmər Tolyatti rayonundan başlayaraq Ukraynanın Odessa şəhərinə qədər uzanır. Kəmər Ukraynanın tam ortasından axan Dnepr çayı üzərindən keçir və birbaşa cəbhə xəttinin üzərinə düşür. Bu kəmər vasitəsilə ildə 2,6 milyon tona qədər ammonyak maye qazı daşınırdı ki, bu da dünya ammonyak istehsalının təqribən 30 faizi deməkdir. Ukrayna tərəfindən həmin kəmərin işinin dayandırılması isə hər şeydən öncə həm də təhlükəsizliklə bağlıdır. Təhlükəli ammonyak maye qazınının axdığı kəmərdə baş verə biləcək hər hansı partlayış Ukraynanın böyük bir ekoloji fəlakətlə qarşılaşması demək olar. Belə ehtimal isə olduqca böyükdür, çünki yenə də təkrar edirəm, həmin kəmərin keçdiyi ərazi birbaşa cəbhə xəttidir.

Kəmərin Odessa limandakı hissələri isə xüsusilə həssas nöqtələridir. Bu ərazidə partlayışın baş verməsi Qara dəniz sahillərində ciddi şəkildə ekoloji problem yarada bilər. Bu baş verərsə, anbara dəyən hər hansı bir bomba və ya raket şəhərin və vilayətin bir hissəsini tamamilə məhv edər, ammoniyak qazının zərərli maddələri Rumıniya və Bolqarıstan, hətta Türkiyə sahillərinə qədər yayılar.

Odur ki, Tolyatti-Odessa kəmərinin yenidən açılmasına rəsmi Kiyevin razılıq verəcəyi inandırıcı görünmür. Rusiyanın Tolyatti-Odessa kəməri üzərində oynadığı oyunun bir başqa səbəbi də var. Məlumata görə, Odessa Liman Zavodu və əsas ammonyak boru kəməri Rusiyanın son təcavüzünün başlamasından dərhal sonra 24 fevral 2022-ci ildə konservləşdirilib. Nəticədə Rusiyanın ən böyük kimya zavodu olan “Toylattiazot” da fəaliyyətini dayandırıb.

Bu zavod səhmdarı Dmitri Mazepin adlı bir milyarderin əlində cəmləşib, o və müssəsisəsi Qərb sanksiyaları altındadır. Əslində, Rusiya dünyanı ərzaq təhlükəsi ilə şantaj edərək həm də “Tolyattiazot” zavodunu yenidən işə salmağa çalışır.

Təbii ki, Rusiyanın taxıl sazişindən çıxması bütün dünya üçün çətinliklər yaradacaq. Un və digər ərzaq məhsullarının qiymətində kəskin artımlar ola bilər. Həm Rusiya, həm də Ukrayna isə maliyyə itkiləri ilə üzləşəcəklər. Rusiyanın alternativ bazarları olduğu üçün itkiləri müəyyən qədər də olsa, kompensasiya edə bilər. Ukrayna üçün isə vəziyyət daha ağır olacaq.

Beynəlxalq Qida Siyasəti Araşdırma İnstitutunun (IFPRI) analitikləri də Rusiyanın taxıl sazişindən çıxmasının nəticələrinin Ukrayna üçün çətin ola biləcəyini bildirirlər. Ukraynanın kənd təsərrüfatı məhsullarının Şərqi Avropa vasitəsilə quru nəqliyyatı ilə ixracı baha başa gəlir və mövcud infrastrukturla məhdudlaşır.

BMT-nin, eləcə də Ukrayna Kənd Təsərrüfatı və Gömrük Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, taxıl müqaviləsində fasilə yaranarsa, Kiyev hər ay təxminən 0,5 milyard dollar itirəcək. Agentlik 2022-ci ilin avqust-2023-cü ilin iyun ayları üçün Qara dəniz limanları vasitəsilə Ukrayna taxılının ixracını 5,5 milyard dollar həcmində qiymətləndirir. Bu da o deməkdir ki, Taxıl Sazişi bərpa olunmayacağı halda Ukrayna hər ay 500 milyon dollara qədər itirəcək. Bu, həm də Ukrayna üçün ixrac gəlirlərinin ayda 290 milyon dollar həcmində əlavə azalması demək olacaq.

Belə bir çətin məqamda gözlər təbii olaraq Taxıl Sazişinin əsas təşəbbüskarı Türkiyəyə və onun lideri cənab Ərdoğana yönəlib. Artıq Ukrayna Rusiyasız Taxıl Sazişini davam etdirmək niyyətini açıqlayıb və prezident Vladimir Zelenski bununla bağlı Türkiyə və BMT rəhbərliyinə rəsmi müraciət ünvanlayıb. Rəsmi Kiyev bu məsələdə yenə də Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana güvənir. Ukrayna rəsmiləri və ekspertləri Türkiyənin problemin həllinə nail olacağına ümidlidir. Lakin bununla paralel olaraq digər variantlar üzərində də iş aparılır.

Cənab Ərdoğan Körfəz ölkələrinə rəsmi səfərindən öncə mətbuat üçün açıqlamasında Taxıl Sazişi ilə bağlı açılama verərək Rusiya Prezidenti Vladimir Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inandığını bildirərək, məsələnin xarici işlər nazirləri səviyyəsində müzakirə olunacağını bildirib və əlavə edib ki, Körfəz ölkələrinə səfərdən geri döndükdən sonra bu məsələ ətrafında prezident Putinlə müzakirələr aparacaq.

İndiki məqamda müzakirələrin nə ilə nəticələnəcəyini demək çətin olsa da, Türkiyənin rəsmi Moskva üzərində təsir imkanlarını, sanksiyalara qoşulmadığını və digər məsələləri nəzərə alaraq ortaq məxrəcə nail olunacağına ümidlər çoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv